12px13px15px17px
Tarix:02/12/14

Yeni adı "Azersky" olacaq "SPOT 7" yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki “Azərkosmos” ASC-yə təhvil verildi

Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyun ayında orbitə çıxarılmış və yeni adı "Azersky" olacaq "Spot 7" yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki bu gün Azərbaycanın milli peyk operatoru "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti arasında imzalanmış müqaviləyə əsasən "Azərkosmos" ASC-yə təhvil verildi.

Azərbaycan və Fransa arasında münasibətlərin inkişafı istiqamətində atılmış mühüm addım olan müqavilə "Bakutel 2014" Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin iştirakı ilə imzalandı. Cənab Prezident peykdən ilk simvolik görüntünü əldə etməklə "Azersky" peykinin kommersiya fəaliyyətinə start verdi.
 
İki tərəf arasında imzalanmış müqaviləyə əsasən "Azərkosmos"a məxsus "Azersky" və "Airbus Defence and Space" şirkətinə məxsus "SPOT 6" yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki hər iki şirkətin daha yüksək xidmət göstərməsi üçün peyk toplusu formasında birgə istifadə olunacaq. Həmçinin, Azərbaycanda quraşdırılacaq yerüstü stansiya "Azərkosmos" ASC-yə kommersiya hüquqları "Airbus Defence and Space" şirkətinə məxsus çox yüksək ayırdetməli "Pléiades 1A və 1B" (0.5 m ayırdetmə) peyklərindən istifadə imkanı yaradacaq.

Bu peyk toplusu Yer səthinin məsafədən müşahidəsi üçün istifadə olunan tətbiqlərə geniş imkanlar yaradır və ən yeni peyk görüntülərini indiyə qədər mümkün olmayan cəldliklə əldə etmək imkanı verir. "Azersky" və "SPOT 6" peyk toplusu bir gün ərzində 6 milyon km2 ərazinin şəklini çəkə bilir ki, bu da Fransanın ərazisindən 10 dəfə böyükdür. Bu o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün "Azersky" və "SPOT 6" peykləri tərəfindən  yüksək ayırdetmədə müşahidə oluna bilər. 
 
"Azersky" Hindistanın "PSLV" raketi ilə 30 iyun 2014-cü ildə uğurla orbitə çıxarılmışdır. Termal izolyasiya peykin minimum 12 il tam işləməsinə təminat verir. "Azersky" peykinin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri vardır. Önümüzdəki bir il yarım ərzində 25-dən çox azərbaycanlı mütəxəssis Fransada peykin idarə olunması, məhsulların yaradılması və eyni zamanda marketinq-satış işlərinin təşkil edilməsi sahəsində təşkil ediləcək təlimlərdə iştirak edəcəklər. Bu müqaviləni imzalamaqla "Azərkosmos" Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başladı. Bu, Azərbaycanın mövqelərini peyk xidmətləri göstərən azsaylı ölkələr arasında daha da möhkəmləndirəcək.
 
"Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev qeyd edib: "Bu müqavilə göstərdiyimiz peyk xidmətlərinin diversifikasiyası və Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatmaq baxımından "Azərkosmos" tərəfindən atılmış vacib bir addımdır. Və biz çox şadıq ki, bu çətin və şərəfli yolda "Airbus Defence and Space" şirkəti bizimlədir".
 
"Airbus Defence and Space" şirkətinin Kommunikasiya və təhlükəsizlik bölümünün başçısı Evert Dudok bildirmişdir: "Peyk görüntüləri və geo-informasiya tətbiqlərinə yüksək tələbatın olduğu bu regiondan "Azərkosmos" ilə bu müqaviləni imzalamaq bizim üçün böyük uğurdur. Bu cür əməkdaşlıq növü bizim üçün tamamilə yeni  və innovativdir".
 





Baxış sayı: 2054

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024