12px13px15px17px
Tarix:04/12/14

Azərbaycanda ”Femmes Digitales” - Azərbaycan qadınları İKT-də” klubunun təqdimatı olub

“Bakutel 2014” sərgi-konfransı çərçivəsində ”Femmes Digitales” - Azərbaycan qadınları İKT-də” klubunun rəsmi açılışı olub.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbiri Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron idarəçiliyin inkişafı şöbəsinin  müdiri Elnur Aslanlı açıq elan edib və bu cür klubun yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.
 
"Femmes Digitales"  klubunun yaradıcısı, “B.EST Solutions” şirkətinin rəhbəri Yana Krimpe tədbirdə çıxış edərək bildirib ki, Estoniyadan olduğuna baxmayaraq, artıq 10 ildir ki, Azərbaycanda yaşayır və bu ölkədə qadına olan xüsusi münasibəti heç bir ölkədə müşahidə etməyib.

“Azərbaycanda qadına ənənəvi şəkildə formalaşmış münasibət var, qadın bu ölkədə müqəddəs bir varlıqdır və onu bir əmanət kimi qoruyurlar. Bizim klubun yaradılmasında məqsəd isə Azərbaycanın İKT sektorunda nə qədər layiqli qadınların işlədiyini və onların necə uğurlu fəaliyyət göstərdiyini nümayiş etməkdir”, - deyə  klubun yaradıcısı bildirib.

Klubun açılışında çıxış edən “Microsoft” şirkətinin marketinq-meneceri və yaradıcılarından biri  Səbinə Pərvizi qızların İKT-də təhsil almasının vacibliyini qeyd edərək bildirib ki, qızların İKT sahəsi üzrə təhsil almalarının 10% artması ÜDM-nin 3% artımına səbəb ola bilər.
 
Sonra "Bakcell" şirkətinin nümayəndəsi xanım Xavər Qambayzadə “Azərbaycanın İKT sahəsində uğura nail olmuş qadın nə deməkdir?”, Etika Akademiyasının nümayəndəsi Günel İbrahimli “Gənclər təşkilatlarının qadınların İKT-də iştirakının artırılmasında rolu”, “Azerfon” şirkətinin nümayəndəsi Nigar Arpadarai “Qadınları yeni yaradılan şirkətlərdə iştiraka və İKT sahəsində biznes yaratmağa necə cəlb etməli” mövzularında məruzələr ilə çıxış ediblər.
 
Günel İbrahimli məruzəsində bildirib ki, Azərbaycanda bu klubun yaradılması əslində dünyaya bir mesajdır.

“Belə klubun yaradılması Azərbaycanda qadınlar arasında dəqiq elmlərə olan marağın olmasının və onların bu sahədə biliklər əldə etməsinə imkanların yaradılmasının göstəricisidir. Hazırda artıq işə qəbul zamanı doldurulan testlərin bir hissəsi İKT bacarıqlarının və biliklərinin olmasını  tələb edir və qadınlar bu biliklərə yiyələnmədikləri halda əmək bazarının 70-80%-ni kişilərə verməli olurlar. Məhz buna görə qız uşağı valideynləri öz övladlarının peşə seçimini məhdudlaşdırmamalıdırlar və əmək bazarında böyük tələbat müşahidə olunan bu sahə üzrə təhsil və peşəkar biliklər əldə etmələrinə şərait yaratmalıdırlar, stereotiplərdən kənar olmalıdırlar”, - deyə  o qeyd edib.

Tədbirdə həmçinin Estoniyanın keçmiş xarici işlər naziri Kristina Oyuland və Avropa İttifaqının Azərbaycanda nümayəndəliyinin rəhbəri Malena Mard çıxış edərək öz fikirləri və təcrübələrini bölüşdülər.
 
 Aynur Vəliyeva
 



Baxış sayı: 995

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024