12px13px15px17px
Tarix:04/12/14

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxana Mərkəzi və Elmi Tədqiqatlar Mərkəzinin açılışı oldu

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxana Mərkəzinin və Elmi Tədqiqatlar Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Mərasimdə AMEA prezidenti, akademik Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse-prezidentləri - akademik İbrahim Quliyev və akademik İsa Həbibbəyli, AMEA İnformasiya Texnologiyaları  İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev, KİV nümayəndələri iştirak ediblər.
 
Qonaqlar öncə İTİ-nin müasir standartlar səviyyəsində fəaliyyət göstərən Tədris-İnnovasiya və Distant Tədris mərkəzlərində olublar. İnstitutun direktoru, akademik Rasim Əliquliyev hər iki mərkəzin fəaliyyəti haqqında məlumat verib. İKT biliklərinin əldə edilməsi, informatikanın tədrisi məsələlərinin təşkili istiqamətində görülən işlərin, dövrün tələblərinə cavab verən gənc kadrların hazırlanmasının əhəmiyyətini vurğulayan alim innovativ tədrisin təşkili, milli kadr hazırlığı siyasətinin uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü işlərin aparıldığını bildirib. Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara informatika fənninin tədrisi, bu fənn üzrə imtahanların keçirildiyini qeyd edərək respublikanın müxtəlif elmi tədqiqat və təhsil müəssisələrini təmsil edən tədqiqatçıların müasir İT biliklərə yiyələnməsi, elmi tədqiqat işlərində yeni texnologiyaların tətbiqi imkanları ilə yaxından tanış olması üçün hər cür şəraitin yaradıldığını qeyd edib.
AMEA prezidenti Akif Əlizadə əvvəlcə Elektron Kitabxana Mərkəzinin açılışını bildirən rəmzi lenti kəsib. Sonra qonaqlar elektron kitabxana ilə, burada oxucular üçün yaradılan şəraitlə tanış olublar.
 
Akademik Rasim Əliquliyev qonaqlara elektron kitabxana haqqında ətraflı məlumat verərək, onun müasir standartlara cavab verdiyini, ən müasir texniki avadanlıqlarla təchiz olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün Mərkəzdə 3M texnologiyasından istifadə olunur. Burada sifarişlərin idarə olunması, oxuculara xidmətin həyata keçirilməsi, müxtəlif tərkibli hesabatların hazırlanması məqsədilə Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə olunan "Exlibris" şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq olunur. Resursların təsnifatı və predmetləşdirilməsi ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirilir.
 
Sonra qonaqlara Elektron Kitabxana Mərkəzinin fəaliyyəti və burada həyata keçirilən layihələri əks etdirən videoçarx nümayiş etdirilib. 
 
AMEA prezidenti Akif Əlizadə daha sonra institutun Elmi Tədqiqatlar Mərkəzinin açılışını bildirən rəmzi lenti kəsib. Qonaqlar ən müasir avadanlıqlarla təchiz olunmuş Mərkəzdə əməkdaşlar üçün yaradılan şəraitlə tanış olublar. Akademik Rasim Əliquliyev Mərkəzdə fəaliyyət göstərən şöbələrin elmi fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verib. Bildirildi ki, burada informasiya cəmiyyətinin elmi-nəzəri problemləri, İnternetşünaslığın multidistiplinar aspektləri, informasiya təhlükəsizliyi, informasiya iqtisadiyyatının, e-elmin formalaşması problemləri və s. istiqamətlərdə elmi araşdırmalar aparılır.
 
Qonaqlar yüksək texnologiyalar və müasir avadanlıqlarla təchiz edilən institutda əməkdaşlar üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər. Mərasimdə qeyd olunub ki, yaradılan bu şərait əməkdaşların fəaliyyətinin səmərəliliyinin və məhsuldarlığının artırılmasına xidmət edir.
 
Həqiqət İSABALAYEVA
 
 
 
 



Baxış sayı: 650

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024