12px13px15px17px
Tarix:10/12/14

Müasir təlim texnologiyaları və innovasiyalara meyilli müəllimləri aşkarlamaq məqsədilə keçirilən müsabiqənin ikinci mərhələsi başa çatıb

“Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsi başa çatıb. Bu mərhələyə müsabiqədə iştirak üçün ərizə vermiş 296 müəllim arasından seçilmiş 131 müəllim buraxılıb. Seçilmiş müəllimlər Bakının 41 məktəbində sınaq-nümunə dərsləri keçib. Dərslərdə iştirak edən müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib.
 
Üçüncü mərhələdə həmin müəllimlər Təhsil Nazirliyində yaradılmış Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edəcəklər. Bu təqdimat da 10 ballıq sistemlə qiymətləndiriləcək. Yekunda bütün mərhələlər üzrə ballar toplanacaq və ən çox bal toplamış 95 müəllim müsabiqənin qalibi elan olunacaq. Analoji proses Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir.
 
Nazirlikdən bildirilib ki, burada seçilmiş 5 ən yaxşı müəllim müsabiqə qaliblərinin sırasına əlavə ediləcək və beləliklə, 2014-cü il üzrə 100 qalib müəyyənləşdiriləcək.
 
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun olaraq, “2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” təhsil nazirinin əmrinə əsasən keçirilir.
 
Müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək üçün təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri təmsil olunur.
 
Müsabiqənin keçirilməsində başlıca məqsəd ölkənin ümumtəhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq, cəmiyyətdə müəllimin statusunu və nüfuzunu yüksəltmək, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasına nail olmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsində stimullaşdırıcı tədbirlərin mühüm əhəmiyyət daşıdığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 847

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024