12px13px15px17px
Tarix:24/12/14

Səlim Müslümov: “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin istifadəyə verilməsi əmək münasibətlərində yeni mərhələ açdı”

İqtisadi idarəetmə və xidmətin yeni texnologiyalar əsasında müasirləşdiyi bir zamanda əmək və sosial müdafiə sistemində neqativ hallara şərait yaradan iş üsullarının qalması mümkün deyil və nazirliyin  fəaliyyətində yeni yanaşmaların tətbiqi artıq günün tələbi kimi ortaya çıxır.
 
Bununla bağlı cənab Prezidentin verdiyi tapşırıqlar, imzaladığı fərman və sərəncamlar bizim islahatların prioritetlərini müəyyən edir. Bu prioritetlər əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində beynəlxalq normalara və milli reallıqlara əsaslanaraq qanunvericilik bazasının və praktik iş mexanizmlərinin təkmilləşdirilməsi, bu sahələrdə müəyyənləşdirilmiş strategiya və qəbul olunmuş dövlət proqramlarının icrasının səmərəliliyinin artırılması, nazirliyin institusional və idarəetmə  potensialının müasir çağırışlara adekvat olaraq yüksəldilməsidir.
 
 Konkret fəaliyyət istiqamətləri əmək münasibətləri sahəsində elektron qeydiyyat mexanizminin qurulmasına, əlillik və sosial yardımların təyinatı prosedurlarının avtomatlaşdırılmasına, beləliklə, bu sahələrdə şəffaflığın təmin olunmasına, əhalinin həssas kateqoriyalarının sosial müdafiə sistemindən şəffaf müstəvidə və daha rahat yararlanmaq imkanlarına malik olmasına yönəlib. Bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov YAP-a müsahibəsində bildirib. Nazirin sözlərinə görə, ölkəmizdə məşğulluq imkanlarının getdikcə genişlənməsi, digər tərəfdən əmək bazarında formal əmək müqavilələrinin bağlanması hallarına tez-tez yol verilməsi və belə halların, nəticədə, həm işçi hüquqlarının təminatında, həm də vergi və sosial sığorta haqlarının ödənişində ciddi problemlərə yol açması bu sahəyə dövlət nəzarətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə daha səmərəli təşkili məsələsini aktuallaşdırmışdı:
 
“Həmçinin, əmək bazarı ilə bağlı real və etibarlı məlumatları əks etdirən informasiya bazasının olmaması bu sahə ilə bağlı düzgün və obyektiv təhlillərin aparılmasını xeyli çətinləşdirirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin  2014-cü il 3 fevral tarixli Fərmanı bu aktual məsələnin həlli üçün mühüm  islahatın aparılmasına əsas yaratdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qısa müddətdə mükəmməl proqram təminatına malik əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin hazırlanaraq “Elektron hökumət” portalı üzərindən istifadəyə verilməsi Azərbaycanda əmək münasibətlərinin rəsmiləşdirilməsində keyfiyyətcə yeni bir mərhələ açdı”.
 
Nazir qeyd edib ki, sistemdən istifadə ilə bağlı işəgötürənlər arasında aparılan geniş məlumatlandırma tədbirlərinin, eləcə də bu prosesdə işəgötürənlərin məsuliyyətlə və işgüzarlıqla iştirak etməsinin müsbət nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin 90 faizdən çoxu artıq sistemdə yerləşdirilib:
 
“Lakin etiraf edək ki, əmək müqavilələrini elektron qeydiyyatdan keçirməkdən yayınanlar da mövcuddur və dövlət nəzarəti zamanı aşkar olunan belə hallara qarşı ciddi inzibati tədbirlər həyata keçirilir.
 
Qeyd olunan islahat tədbiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən əhaliyə göstərilən elektron xidmətləri sırasına daha 3 yeni e-xidmət növünün (“Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış”) əlavə olunmasına imkan vermişdir. Bu e-xidmətlər hazırda ən yüksək istifadəçi sayı ilə seçilirlər”.
 
Nazirin sözlərinə görə, aparılan islahat tədbirlərindən biri də əlillik təyinatı prosesinin tam avtomatlaşdırılmasıdır. Bu məqsədlə yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik müayinələrinin aparılması üçün müvafiq qurumlar arasında elektron məlumat mübadiləsinə şərait yaradır:
 
 
“Artıq əlillik vəziyyətlərinin müəyyən olunması üçün bütün məlumatların səhiyyə müəssisələrindən Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) və sonrakı mərhələdə əlillik müayinəsinin nəticəsi barədə məlumatın aidiyyəti qurumlara ötürülməsi elektron şəkildə həyata keçiriləcək. Sistem vasitəsilə yaradılmış elektron məlumat bazasına isə əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrinin nəticələri, hər bir ilkin və təkrar əlillik təyinatı barədə məlumatlar daxil edilir. Artıq bu bazaya 137 minə yaxın şəxslə bağlı əlillik müayinəsinin nəticələrinə dair məlumat daxil edilmişdir və ilin sonuna kimi bu prosesin yekunlaşdırılması nəzərdə tutulur. İnformasiya bazası aidiyyəti təşkilatların informasiya ehtiyatlarına inteqrasiya olunub və onlar vətəndaşlara əlilliyə görə pensiya və ya müavinət təyin olunması üçün müvafiq informasiyaları həmin bazadan götürəcəklər. Bu sistem əlillik təyinatları zamanı şəffaflığın təmin olunmasına, neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə yönəlib”.
 
 
Ünvanlı sosial yardım sisteminin tam avtomatlaşdırılması işləri də artıq yekunlaşmaqdadır. Qabaqcıl dünya təcrübəsindən yararlanmaqla bu sahədə Azərbaycana məxsus yeni bir sistem yaradılıb və bu elektron sistem ünvanlı sosial yardım üçün müraciətlərin elektron qəbulu və yardımların təyinatının avtomatik şəraitdə həyata keçirilməsini nəzərdə tutur: “Digər tərəfdən, aztəminatlı ailələrin səmərəli əmək fəaliyyəti ilə məşğul olmaqla reabilitasiya edilməsi imkanlarının yaradılması, həmçinin ailələrin sosial yardımlara ehtiyacının müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsi nəzərdə tutulur. Bununla əlaqədar “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi  barədə qanun layihəsi hazırlanaraq hökumətə təqdim olunub”.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 992

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024