12px13px15px17px
Tarix:30/12/14

Bankomatlar, telefon avtomatları, poçt terminalları və digər avtomat qurğularının əlilliyi olan şəxslərə uyğunlaşdırılması planlaşdırılır

Əlillik vəziyyətlərinin müəyyən olunması üçün bütün məlumatların səhiyyə müəssisələrindən Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) və sonrakı mərhələdə əlillik müayinəsinin nəticəsi barədə məlumatın aidiyyəti qurumlara ötürülməsi elektron şəkildə həyata keçiriləcək.

Sistem vasitəsilə yaradılmış elektron məlumat bazasına isə əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrinin nəticələri, hər bir ilkin və təkrar əlillik təyinatı barədə məlumatlar daxil edilir.
 
 İnformasiya bazası aidiyyəti təşkilatların informasiya ehtiyatlarına inteqrasiya olunub və onlar vətəndaşlara əlilliyə görə pensiya və ya müavinət təyin olunması üçün müvafiq informasiyaları həmin bazadan götürəcəklər. Bu sistem əlillik təyinatları zamanı şəffaflığın təmin olunmasına, neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə yönəlib.
 
Tibbi-Sosial Ekspert Komissiyalarının işinin avtomatlaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Bərabər imkanlar hamı üçün” prinsipi əsasında hazırladığı “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nda yer alıb.
 
Sözügedən sənədə əsasən, Azərbaycanda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların təhsilində elektron təhsil texnologiyalarının tətbiqi genişləndiriləcək. Həmçinin abilitasiya və reabilitasiya imkanlarını dəstəkləyən köməkçi texnologiyaların və qurğuların istifadəsinin təşviq edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Brayl əlifbasını, alternativ şriftləri, surdo tərcüməni bilən peşəkar kadrların hazırlanması və təhsil müəssisələrinə cəlb edilməsi də önə çəkiləcək. Proqram üzrə müəyyənləşdirilən tədbirlər nəticə etibarilə əlilliyi olan şəxslər üçün informasiya mühitinin genişləndirilməsinə də xidmət edəcək.
 
Bu məqsədlə Milli Fəaliyyət  Proqramında “Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların informasiya və kommunikasiya texnologiyalarından istifadəsi üçün şərait yaradılmasına yönəldilmiş tədbirlər” başlığı altında gələcək üçün nəzərdə tutulan işlər müəyyənləşdirilib. Layihədə tam hərəkətsiz, yaxud hərəkət qabiliyyəti məhdud əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar xidmət sektorunun yaradılması (kitabxana, mətbuat, poçt xidmətləri) nəzərdə tutulur. Digər tədbir respublikanın şəhər və rayonlarında informasiya texnologiyaları mərkəzlərinin əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmasıdır. Eşitmə, görmə qabiliyyətinin məhdud olması səbəbindən əlilliyi olan şəxslərin informasiya və kommunikasiya texnologiyalarına qoşulmaları üçün texniki dəstəyin verilməsi, mobil operatorlar vasitəsi ilə onlar üçün xüsusi informasiya məlumat növünün yaradılması da planlaşdırılır.
 
Növbəti tədbir kompüter və mobil informasiya texnologiyaları sahəsində görməyənlərin və zəif görənlərin istifadəsi üçün səsli proqramların alınması və onların tətbiqi üzrə müvafiq tədbirlərin həyata keçirilməsidir. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların həyat səviyyəsinin qiymətləndirilməsi məqsədilə sorğular aparılacaq.
 
Həmçinin istifadədə olan infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılması tədbirləri reallaşdırılmalıdır.
 
Həmçinin bankomatların, telefon avtomatlarının, poçt terminallarının, keçid turniketlərinin, lift, tunel keçidlərinin, eskalator və digər avtomat qurğularının əlilliyi olan şəxslərə uyğunlaşdırılması planlaşdırılır. Həmçinin ictimai binaların qarşısında  obyekt və xidmətə dair Brayl qabartma üsulu ilə və ya digər uyğun formatlarda xəritə və məlumatların yerləşdirilməsi nəzərdə tutulur.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 917

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024