12px13px15px17px
Tarix:08/01/15

Kompüter bacarıqları olan potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlimlər keçiriləcək

Təhsil Nazirliyinin məktəblərin idarə edilməsi üzrə islahatını dəstəkləmək məqsədi ilə UNICEF və Xəzər Universiteti “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim” üçün namizədlərin seçilməsinə dair müsabiqə elan edir. Namizədlərə qarşı irəli sürülən əsas tələblərdən biri onların kompüter bacarıqlarının olmasıdır. Digər minimum tələblərə ali təhsil; təhsil sahəsində ən azı 5-7 il iş təcrübəsi daxildir. Eyni zamanda namizədlər Azərbaycan dilini səlis bilməli; ingilis, rus və ya türk dilləri isə arzuolunandır.
 
 
 Bu tələblərə cavab verən namizədlər 3 mərhələli seçim əsasında müəyyən ediləcək. Seçim müraciət formasının və tərcümeyi- halın (CV) qiymətləndirilməsi; yazılı imtahan nəticəsinin qiymətləndirilməsi; müsahibənin nəticəsi üzrə aparılacaq. Təlimlər 7 modul və cəmi 138 saat olmaqla, 3 ay davam edəcək. Hər modul üzrə mütəmadi tədqiqat mövzuları veriləcək, qiymətləndirmələr aparılacaq, təlim sonunda Xəzər Universiteti tərəfindən uğur qazanan iştirakçılara sertifikat təqdim olunacaq və gələcəkdə bu sahə üzrə magistr təhsilini Xəzər Universitetində davam etdirmək istəyənlər  üçün 5 (ECTS) kredit veriləcək.
 
 Sertifikat alan şəxslər Təhsil Nazirliyi tərəfindən  ümumi təhsil müəssisələrinin direktorları vəzifəsinə gələcəkdə yaranan vakansiyalar üzrə keçiriləcək müsabiqədə iştirak edə bilərlər. Ən uğurlu 60 namizəd üçün maliyyə dəstəyi UNICEF tərəfindən qarşılanacaq. Təlim təşkilatçılarının məlumatına görə, məktəb direktorları üçün təlim proqramı bir neçə modul üzrə aparılır.
 
Belə ki, I modul üzrə məktəbin idarə olunmasına yeni yanaşmalar və beynəlxalq təcrübə, o cümlədən məktəb rəhbərliyinə namizədlər üçün qoyulan tələblər və idarəetmə bacarıqları (təhsil səviyyəsi, lazımi biliklər, idarəetmədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi) nəzərdən keçiriləcək. Səmərəli idarəetmə üçün strateji və cari planlaşdırma, həmçinin smart məqsədlər, SWOT (güclü-zəif-fürsətlər-təhlükələr) təhlili, strateji plan hazırlanması və s. də bu modulda yer alıb. II modulda “Kurikulumun tətbiqi və idarəetmədə qiymətləndirmə nəticələrindən istifadə” nəzərdə tutulur. Burada həmçinin müəllimlərin təlim texnologiyalarından və İKT-dən səmərəli istifadə səviyyəsinə diqqət yetiriləcək. III modulda resursların idarə edilməsi və təkmilləşdirilməsi, o cümlədən maddi-texniki bazanın idarə edilməsi və təkmilləşdirilməsi, səmərəli öyrənmə mühiti üçün maddi-texniki təchizatın təmin olunması, Kitabxana-İnformasiya Mərkəzi resursları, həmçinin elektron tədris materiallı və elektron dərsliklər əks olunub. Növbəti modullar şagirdlərə dəstək xidməti, məktəb-icma-valideynlər, qanunvericilik və təhsil siyasəti üzərində qurulub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1132

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024