12px13px15px17px
Tarix:09/01/15

Elektron tibbi problemlər üzrə İTİ-də aparılan tədqiqatlar davam etdirilir

Elektron tibbi problemlər istiqamətində AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) aparılan tədqiqatlar davam etdirilir.

İTİ-nin şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədovanın rəhbərliyi ilə həyata keçirilən tədqiqatlarında e-tibb sahəsində beynəlxalq təcrübə və layihələr, elektron tibb modelləri, fərd-mərkəzli sistemlər və s. kimi istiqamətlər önə çəkilir.

Bu barədə məlumat verən institutdan bildirilib ki, hər bir ölkədə elektron səhiyyə fərqli istiqamətlər üzrə inkişaf edir. Beynəlxalq təcrübəyə istinad edən tədqiqatçının sözlərinə görə, Avropa Birliyinin (AB) “E-səhiyyə Fəaliyyət Planı 2012-2020 – XXI əsr üçün innovativ səhiyyə” proqramı milli və transmilli səviyyədə İKT həlləri nəzərdə tutur:
 
“Elektron səhiyyə Avropa Birliyinə daxil olan ölkələrdə elektron sağlamlıq pasportu (kartı), tibb xidmətlərinin fərdiləşdirilməsi, İKT infrastrukturu, eləcə də səhiyyənin inkişafı barədə məlumatların regional mərkəzlərinin yaradılması, tibbi verilənlərin elektron mübadiləsinin təşkili, teletibb, sorğu tipli məlumatlar və təsnifatların vahid reyestrinin yaradılması kimi istiqamətlər üzrə aparılır. Avropada milli proqramlardan əlavə, Avropa İttifaqının vahid elektron səhiyyə proqramı reallaşdırılır. Sözügedən ümumavropa proqramı çərçivəsində analoji milli proqramlar nəzərə alınmadan, Avropa Birliyinin investisiya həcmi artıq 317 milyon avro təşkil edir”.
 
ABŞ təcrübəsindən də söz açan M.Məmmədova bu ölkənin kommersiya tibbinin inkişafı baxımından lider mövqedə dayandığını diqqətə çatdırıb:
 
“ABŞ-da “Elektron hökumət” çərçivəsində “Tibb seqmentinin yaradılmasının kompleks proqramı”nın üstünlüklərinə gəlincə, o, elektron sağlamlıq pasportu, səhiyyə maraqları çərçivəsində milli informasiya infrastrukturu, tibbi məlumatların regional mərkəzləri, tibbi verilənlərin elektron mübadiləsi, əhalinin tibbi kartlarının elektron formata keçirilməsi istiqamətlərində reallaşdırılır. Elektron sağlamlıq kartı, İKT infrastrukturunun inkişafı, klinika, hospital, laboratoriya, aptek və digər tibb müəssisələrini birləşdirən informasiya texnologiyaları infrastrukturu, o cümlədən sorğu tipli məlumatlar və təsnifatların vahid reyestrinin yaradılması və s. istiqamətlər üzrə formalaşdırılmış Kanada elektron tibb sisteminin orta illik maliyyə dəyəri isə 400 milyon Kanada dolları həcmindədir. Ümumiyyətlə, hazırda pasiyentlərin öz şəxsi sağlamlıqlarının qeydinə qalmağa cəlb edilməsi - səhiyyənin modernləşdirilməsinin əsas beynəlxalq trendi və səhiyyədə informasiya texnologiyalarının tətbiqinin  mühüm vəzifəsidir”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 818

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024