12px13px15px17px
Tarix:22/01/15

Elektron xidmətlərin tətbiqi nəticəsində vergi borcları azalıb

Bu gün Bakıda Vergilər Nazirliyinin yaranmasının 15 illiyinə həsr olunmuş “Vergi sistemi: 15 ilin uğurları və yeni çağırışların astanasında” adlı “dəyirmi masa” keçirilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan vergilər nazirinin müşaviri Akif Musayev tədbirdə son illər ərzində vergi sistemi quruculuğu sahəsində görülmüş işlər, elektron vergi xidmətləri haqda ətraflı məlumat təqdim edib.
 
“Dünya Bankı bir çox ölkələrə Azərbaycanın vergi sistemi sahəsindəki təcrübəsini tətbiq etməyi tövsiyə edir. Hazırda biz nazirlik daxilində elektron yazışmalar sistemini qurmuşuq. Digər dövlət və özəl qurumlar buna hazır olduğu zaman biz kənar yazışmaları da elektron şəkildə aparmağa texniki nöqteyi-nəzərdən hazırıq. Bundan başqa, Elektron hökumətin inkişafı sahəsində bizim əsas nailiyyətlərimizdən biri də elektron auditin tətbiqi və istifadəsidir. Bu sistem dünyanın cəmi 10 ölkəsində tətbiq edilib və biz bu azsaylı ölkələr sırasındayıq”, - deyə o bildirib.
A.Musayevin sözlərinə əsasən, hazırda nazirlik tərəfindən elektron ticarətin geniş yayılması ilə bağlı, bu sahədə vergi tətbiqi üzrə tədqiqatlar aparılır.
 
“Vergi sisteminin təkmilləşdirilməsi və elektron xidmətlərin tətbiqi nəticəsində artıq ölkədə məcburi vergi ödəmə mərhələsindən könüllü vergiödəmə mərhələsinə keçid və vergi borclarının minimal həddədək azalması müşahidə olunur. Sahibkarlar arasında genişmiqyaslı maarifləndirmə işləri aparılır. Bu gün regionlarda 2500 məntəqədən ibarət vergi ödənişi şəbəkəsi yaradılıb və bu məntəqələrdə insanların maarifləndirilməsi, onların elektron xidmətlər haqda məlumatlandırılması üzrə işlər aparılır”, - deyə o, ölkədə baş verən dəyişikliklər haqda bəhs edib.

Qeyd edək ki, “Vergilər qəzeti” tərəfindən təşkil olunmuş tədbirdə Vergilər Nazirliyi, Milli Məclis, İqtisadi İnkişaf Nazirliyi, Sosial Müdafiə nazirliklərinin  rəsmiləri iştirak ediblər.
 
Aynur Vəliyeva





Baxış sayı: 614

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024