12px13px15px17px
Tarix:02/02/15

“Bakcell” “Microsoft” şirkəti və Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlığa başlayır

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti, "Microsoft Azərbaycan" şirkəti və Yüksək Texnologiyalar Parkı (YTP) Azərbaycanda gənc proqramçı və startapların bacarıqlarının inkişaf etdirilməsi və onların fəaliyyətinə dəstək olmaq üçün birgə fəaliyyətə başlayır.
 
"AppLab" layihəsinin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir.
 
Layihə çərçivəsində gənc developerlər "Bakcell" şirkətinin Sahil ofisində yerləşən; internetə pulsuz giriş, masa və təlim otağı ilə təchiz edilmiş "AppLab" ofisində çalışır və məhsulları sınaqdan keçirmək üçün ən müasir cihazlardan istifadə edirlər. "Bakcell" və "Qualcomm" şirkətlərinin xüsusi ekspert qrupu gənc developerlərə geniş çeşidli yerli bazar tələblərinə cavab verən yeni mobil proqramın pilot variantını tərtib etmək və həyata keçirməkdə dəstək göstərir.
 
"Microsoft" şirkəti "AppLab" və Yüksək Texnologiyalar Parkı üzvlərinə özünün "BizSpark" proqramının geniş imkanlarından istifadə etmək üçün şərait yaradacaq. "AppLab" üzvləri bu qlobal ekosistemə qoşulmaqla şirkət tərəfindən proqramçı və startaplar üçün nəzərdə tutulmuş "Microsoft" proqram təminatı, bulud mühiti, texniki və biznes sahəsində müxtəlif təlimlərdən pulsuz yararlanmaq imkanı əldə edəcəklər. Layihə iştirakçıları müxtəlif investorlar və məsləhətçilərə çıxış əldə etməkdən əlavə yaratdıqları proqramların beynəlxalq bazara çıxarılması və geniş marketinq imkanlarından yararlana biləcəklər.
 
Azərbaycanda startapları dəstəkləyən müxtəlif layihələr çərçivəsində "Bakcell" şirkəti YTP ilə yaxından əməkdaşlıq edib.
 
Yüksək Texnologiyalar Parkı "Bakcell"lə imzaladığı Anlaşma Memorandumu çərçivəsində fikir mübadiləsi, dəstək və maarifləndirmə sahəsində, "Microsoft" şirkəti ilə olan anlaşmaya görə isə "Microsoft"-un "BizSpark" Şəbəkə Proqramı,
texnoloji tədbir və proqramlar vasitəsilə texnoloji inkişafın sürətləndirilməsi üçün nəzərdə tutulmuş məzmun və xidmətlər, Yüksək Texnologiyalar Parkının rezidentləri üçün mövcud "Microsoft" lisenziyalaşdırma proqramları üzrə müvafiq məlumatların dəstəklənməsi və Yüksək Texnologiyalar Parkının rezidentləri arasında "Microsoft"-un texnoloji tədbir və proqramlarının təbliği sahəsində qarşılıqlı əməkdaşlığı öz üzərinə götürür.

"Microsoft" "BizSpark" proqramının təqdimatını etməklə həm qarşılıqlı əməkdaşlıq çərçivəsində Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən layihələrə, həm də "AppLab" üzvlərinə proqramdan geniş istifadə imkanı yaradır. YT Parkın Biznes İnkubasiya Mərkəzində hazırda müxtəlif profilli 38 layihə fəaliyyət göstərir, sözügedən layihələr dövlət dəstəyindən səmərəli istifadə edə və yararlana bilirlər. "PiCampus" Biznes İnkubasiya Mərkəzinə layihələrin qəbulu üçün "www.picampus.az" saytından qeydiyyatdan keçməklə onlayn müraciət olunmalıdır.
 
 
"AppLab" layihəsində iştirak etmək üçün gənc developerlər sadəcə "http://goo.gl/6nrfkF" linkinə daxil olub qeydiyyatdan keçməli və yaxud öz tərcümeyi-hallarını (CV) və ideyalarının təsvirini "applab@bakcell.com" ünvanına göndərməlidirlər.
 
RƏVAN
 



Baxış sayı: 693

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024