12px13px15px17px
Tarix:02/02/15

“Sabahın alimləri” IV Respublika müsabiqəsi fevralın 12-də keçiriləcək

Fevralın 12-dən 14-dək Heydər Əliyev Mərkəzində “Sabahın alimləri” IV Respublika müsabiqəsi keçiriləcək.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunacaq. Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən “İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi”ndə iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Bu müsabiqə dünyada şagirdlər arasında keçirilən ən nüfuzlu beynəlxalq tədbirə seçim turudur.
 
 Nazirlikdən bildirilib ki, müsabiqəyə 200 şagirdin hazırladığı 106 elmi layihənin təqdim olunması gözlənilir. Bu layihələrdən 67-si kollektiv, 39-u fərdi qaydada hazırlanıb.
 
Qalib gələcək 3 layihənin müəllifi may ayında ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçiriləcək “İntel İSEF” sərgisində iştirak etmək imkanı qazanacaq.
 
 
Qeyd edək ki, hər il “Intel” müəllimlərə öyrətmək, tələbələrə öyrənmək, dünyadakı universitetlərə isə xüsusilə riyaziyyat, elm və texnologiya sahələrində yeniliklər etmək üçün 100 milyon ABŞ dolları investisiya edir. Bugünkü gənc alimlərin nailiyyətlərinin tanınması və mükafatlandırılmasına yönələn “İntel”-in Elm müsabiqələri də şirkətin fəaliyyətində ayrıca yer tutur.
 
Belə ki, “İntel” Beynəlxalq Elm və Mühəndislik Müsabiqəsi” (İSEF) və “İntel”-in Elm sahəsində İstedad Axtarışı (STS) riyaziyyat, təbii elmlər və mühəndislik sahələrində bilikləri təkmilləşdirir və tələbələri bu sahələrdə karyeralarını davam etdirməyə ruhlandırır. “İntel İSEF” 13-18 yaşlı şagirdlər arasında keçirilən ən böyük müsabiqədir. Bu müsabiqədə  dünyanın 70-dən artıq ölkəsində keçirilən 435 regional müsabiqələrində seçilmiş 1700-dən çox gənc - gələcəyin alimləri, ixtiraçıları, sahibkarları iştirak edir.
 
Mükafat fondu 5 milyon ABŞ dolları olan bu sərginin əsas mükafatları “İntel” korporasiyası və “İntel Fondation” tərəfindən ayrılır. Bundan əlavə onlarla kompaniya, qeyri-kommersiya təşkilatları, təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən də xüsusi mükafatlar təsis edilir. Hər il ABŞ-da təşkil olunan “İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi”nə milli seçim turu Azərbaycanda da həyata keçirilir.
 
Milli tur “Sabahın alimləri” Respublika Müsabiqəsi şəklində baş tutur. Müsabiqəyə böyük həvəs və marağı nəzərə alaraq, bu il ilk dəfə “Sabahın alimləri” IV Respublika müsabiqəsinin artıq respublikada fəaliyyət göstərən bütün  ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilməsi qərara alınıb. Xatırladaq ki, 2014-cü il 11-16 may tarixlərində ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində “Intel ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi” keçirilib.
 
Sayca 65-ci sərgi olan bu nüfuzlu tədbirdə “Sabahın alimləri” Respublika müsabiqəsinin qalibləri sırasından seçilmiş 7 Azərbaycan məktəblisi iştirak edib.
 
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1256

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024