12px13px15px17px
Tarix:04/02/15

Cari ilin sonuna Ünvan Reyestri İnformasiya Sistemi ölkə üzrə tam istifadəyə veriləcək

 Ölkəmizin kadastr tarixində ilk dəfə olaraq, 2015-ci ilin sonuna Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazasına nail olunacaq.

Yaxın 3-4 il ərzində respublikanın bütün ərazisindəki daşınmaz əmlaklar haqqında  elektron kadastr məlumat bazasının yaradılması işinin yekunlaşdırılması nəzərdə tutulur. “Azərbaycanda daşınmaz əmlakın kadastrı və ünvan reyestri sistemləri: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai təqdimat mərasimində  Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov qeyd edib ki, daşınmaz əmlakın kadastrı və ünvan reyestri kimi sahələr sosial baxımdan çox əhəmiyyətlidir:
 
“Ölkə üzrə daşınmaz əmlakların elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritələrinin tərtibi, ünvan  məlumatlarını vahid virtual məkanda cəmləşdirən  ünvan reyestrinin yaradılması bu işlərlə bilavasitə və ya dolayısı ilə  əlaqəli olan digər təşkilatların da fəaliyyətlərinə təsir göstərir. Elektron kadastr məlumat bazası ölkədə əmlak idarəçiliyinin müasir əsaslarla qurulmasına, ünvan, əhali, hüquqi şəxslərin reyestri və kadastr orqanları ilə informasiya mübadiləsi aparmağa şərait yaradır.  Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ilk növbədə Bakı, Gəncə və respublika tabeli digər şəhərlər üçün daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazalarının və rəqəmsal kadastr xəritələrinin hazırlanmasına başlanılıb”.
 
 
Tədbirdə Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırılması Mərkəzinin direktoru Ramiz Quliyev bildirib ki, son illər Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi, ölkədəki daşınmaz əmlakların rəqəmsal kadastr xəritələrinin hazırlanması ilə bağlı mühüm işlər həyata keçirilir: “Azərbaycanda qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan müasir kadastr sistemi yaradılmaqdadır. Daşınmaz əmlakın kadastrı sahəsində qanunvericilik təkmilləşdirilir, kadastr və ünvan istehsalatına ən müasir texnika və texnologiyalar gətirilir. Bakı şəhərinin 7 rayonunda kadastr işləri artıq yekunlaşıb. Hazırda Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması işləri aparılır. Almaniyadan olan mütəxəssislərin iştirakı ilə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi həyata keçirilir.
 
 Layihə çərçivəsində Gəncə şəhəri və Şəki rayonunun bütün ərazisini əhatə edən elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələrinin yaradılması işi icra olunur. 2016-cı ilin birinci yarımilliyində bu işin yekunlaşdırılması nəzərdə tutulur. Həmçinin, respublikanın 53 şəhər və rayonları üzrə sadələşdirilmiş elektron kadastr məlumat bazasının yaradılması işləri yekunlaşıb”.
 
 
Qeyd edilib ki, cari ilin sonuna Ünvan Reyestri İnformasiya Sistemi də ölkə üzrə tam istifadəyə veriləcək. Bu sistemin işə salınması bu ildən etibarən mərhələlərlə ünvanvermə sahəsində də elektron xidmətlər tətbiq edilməsinə imkan yaradacaq. 2015-ci ilin II yarısından etibarən nəqliyyat vasitələrində GPS naviqatorlar üçün ünvanların məlumat bazasının istifadəyə verilməsi nəzərdə tutulur. 2015-2017-ci illərdə ölkə üzrə müasir dizaynlı ünvan lövhələrinin  quraşdırılması işinin yekunlaşdırılması planlaşdırılır.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 657

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024