12px13px15px17px
Tarix:07/02/15

“Azerspace-1” telekommunikasiya peyki nin orbitə çıxarılmasından 2 il ötür

Fevralın   8-i Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki "Azerspace-1" orbitə buraxılmasının 2 illiyini qeyd edəcək.

Belə ki, 8 fevral 2013-cü il tarixində  cənab Prezident İlham Əliyevin ölkəmizdə kosmik sənayenin yaradılması və inkişafına göstərdiyi xüsusi qayğı sayəsində  Azərbaycanın ilk peyki olan  "Azerspace-1" telekommunikasiya peyki Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən peykin texniki xüsusiyyətlərini əks etdirən sənədlərdə onun orbitdə yararlı ömrünün 15 il olduğu qeyd edilib. Lakin peykin uğurlu buraxılışı və orbitdə olduğu ötən iki il ərzində aparılan effektiv idarəetmə nəticəsində peykin proqnozlaşdırılan ömrü 16,7 ilədək artırılıb.
 
Peykin operatoru, Qafqazın ilk peyk operatoru olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti  təsis edildiyi gündən etibarən  fəaliyyət göstərdiyi  dövr  ərzində "Azerspace-1" vasitəsilə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə şəbəkələrinin təmin edilməsi istiqamətində fəaliyyət göstərməkdədir. Qısa fəaliyyət dövrü ərzində  "Azerspace-1" peyki  kifayət qədər güclü rəqiblərin olduğu peyk yayım bazarında rəqabətədavamlı xidmət göstərir. "Azerspace-1" peykinin əlverişli orbital mövqedə (46˚ Şərq uzunluğu) yerləşməsi, "Azərkosmos" ASC-nin operativliyi və müştəri məmnuniyyəti siyasəti  buna zəmin yaradır. İlk peykimiz Mərkəzi Asiya, Avropa və Afrika və Yaxın Şərqdə yerləşən 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır.
 
 
Kommersiya fəaliyyətinə başladıqdan etibarən bu günədək peykin resurslarının 55%-i kommersiya yönümlü istifadədədir. Peyk xidmətləri bazarında hər bir peykin resurslarının satışının illər ərzində tədricən artdığını nəzərə alaraq, 1,5 illik bir dövr ərzində kommersiya fəaliyyəti göstərən "Azerspace-1" peyki üçün resursların 55%-nin satılması dünya təcrübəsinə əsasən uğurlu bir göstərici hesab edilir. Növbəti illərdə bu satış həcmi artırılacaq ki, bu da  gəlirlərin illik həcminin artmasına gətirəcək. Həmçinin, dünya peyk xidmətləri bazarına daxil olduğu ilk illərdə potensial müştərilərin cəlb edilməsi və peykin yerləşdiyi orbital mövqenin tanıdılması məqsədilə "Azerspace-1" peykinin satışları rəqabətli qiymətlərlə həyata keçirilir. "Azerspace-1" bu istiqamətdə uğurla irəliləyir. 2014-cü ildə "Azərspace-1" peyki vasitəsilə  Azərbaycanın bütün  televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Həmçinin, tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması "Azerspace-1" peykinin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də Livan, əfqan, ərəb bazarında fəaliyyət göstərməsinə optimal şərait yaradıb.  Hazırda, Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 121 televiziya kanalı yayımlanır ki, bunun da 108-i əcnəbi, 13-ü yerli  kanal, eləcə də, 20 radio  kanalın yayımlandığı "Azerspace-1" peyki regionda kifayət qədər tanınıb ki, 2014-cü ildə bir çox baxımlı Türkiyə kanallarının "Azerspace-1" peykinə keçidi də buna əyani sübutdur. "Azərkosmos" artıq Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya Federasiyası, Ukrayna, Birləşmiş  Krallıq, Almaniya, Avstriya, Misir, BƏƏ, Əfqanıstan, Livan, Yunanıstan kimi ölkələrdən olan müştərilərə  yüksək keyfiyyətli peyk xidmətləri göstərir. Ümumilikdə, "Azerspace-1" peykinin göstərdiyi  teleradio, data və telekommunikasiya xidmətləri vasitəsilə 24 ölkədən olan müştəri bazasının yaradılması 2014-cü ilin irəliyə atılan uğurlu addımlarından hesab olunur. Artıq peykin orbital mövqeyinin populyarlaşması peykin tutumlarının növbəti illərdə daha yüksək qiymətə satılmasına imkan yaradır.
 
"Azərkosmos" ASC fəaliyyətə başladıqdan bəri peyk sənayesində yerli kadr hazırlığına xüsusi önəm verib. Ümumiyyətlə, kosmik sənaye Müstəqil Azərbaycan Respublikası üçün yeni bir sahə idi və müstəqil peykimizin olması, bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsi zərurətini ortaya çıxardırdı. Bu səbəbdən, "Azərkosmos" ASC "Azərbaycanda kosmik sənayenin inkişafı üzrə dövlət Proqramı"nı əsas tutaraq yerli kadrların yetişdirilməsini özünə hədəf qoydu.  Bununla əlaqədar olaraq, yerli mütəxəssislərimiz üçün təlim proqramı tərtib edildi. Proqram "Azərkosmos"un partnyorları olan ABŞ-ın "Orbital Sciencies" və Malayziyanın "Measat Satellite Sistems" şirkətlərində qısa və uzunmüddətli nəzəri və təcrübi, yəni stajkeçmə təlimləri ilə yanaşı, Böyük Britaniyanın, Çinin, Almaniyanın tanınmış təlim şirkətlərində ixtisasartırma kurslarını əhatə edirdi. Bununla yanaşı, "Azərkosmos"un yerüstü stansiyası hazır olduqdan sonra mütəxəssislərimiz artıq öz avadanlığımızda GMV və GSİ kimi şirkətlərin təlimlərində də iştirak etdilər. Beləliklə, 2013-cü ilin əvvəlində, peykin orbitə buraxılması ərəfəsində bizim texniki heyət peykin idarəedilməsi və istismarı üçün tam hazırlıqlı idilər. Artıq 2 ildir, "Azerspace-1" peyki yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur və bu, seçdiyimiz strategiyanın doğru yol olduğunun göstəricisidir. "Azerspace-1" peyki Azərbaycan Respublikasının peyk sənayesində, nəinki Qərbin yeni texnologiyalarından, eləcə də bilik və təcrübələrindən faydalanmağa imkan verdi. Artıq "Azərkosmos"da peyk sənayesində ixtisaslaşmış yüksəkixtisaslı kadrlar yetişib. Bunun göstəricisi kimi, telekommunikasiya peykinin idarə olunmasında işə qəbul olunan yeni əməkdaşların təlim üçün xarici ölkələrə göndərilməsinə ehtiyac qalmayıb, onlar artıq yerli mütəxəssislər tərəfindən öyrədilir. 
 
 
Bununla yanaşı, "Azerspace-1" peykinin xidmətlərindən istifadə etməklə ölkəmizin telekommunikasiya sahəsində digər yüksək texnologiyaların istifadəsində asılılığı aradan qaldırılıb. Belə ki, bu yaxınlarda Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə əlaqədar olaraq, "Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsini yaxşılaşdırmaq üçün "Azerspace-1" telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi haqqında  imzalanan müqavilə buna misal ola bilər. Eyni zamanda fəaliyyət dövrü ərzində, dövlət əhəmiyyətli tədbirlər canlı olaraq peykimiz vasitəsilə yayımlanıb. Buna misal olaraq, Azərbaycan Futbol Premyer Liqasının bütün oyunları, Beynəlxalq Polo Turniri, Boks üzrə Böyük İpək Yolu turniri, Qızlar arasında UEFA U19 oyunları, 2014-cü ildə keçirilmiş futbol üzrə Türkiyə kuboku, Türkiyə Prezidentinin andiçmə mərasiminin canlı yayımlanması həmin tədbirlər sırasında yer alıb.
 

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən "Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"-ın idarəçiliyini təhvil almış və bununla da Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına gələcək illərdə ikinci telekommunikasiya peyki və çox yüksək ayırdetməli  Yer səthinin məsafədən müşahidə peykini orbitə çıxarmaqla əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir.
 
 



Baxış sayı: 1407

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024