12px13px15px17px
Tarix:13/02/15

“Sabahın alimləri” müsabiqəsində 204 şagird 106 elmi layihə ilə iştirak edir

"Sabahın alimləri" IV Respublika müsabiqəsi artıq öz işinə başlayıb. Müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən "İntel ISEF" - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Builki müsabiqədə 204 şagird 106 elmi layihə ilə iştirak edir. Onlardan 39-u fərdi, 67-si kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib.
 
 
Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov,  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin üzvləri, Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, "İntel" korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva iştirak ediblər. Tədbirə, həmçinin digər dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının əməkdaşları, təhsil ekspertləri və təhsil müəssisələrinin rəhbərləri qatılıblar.
 
 
Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, "Sabahın alimləri" IV Respublika müsabiqəsinin Azərbaycan gəncliyinin və təhsilinin inkişafına hər zaman xüsusi diqqət göstərən ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə keçirilməsi təsadüfi deyil:
 
"Ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi, kadr və intellektual potensialın möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin miras qoyduğu milli təhsil quruculuğu bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir".
 
 
Nazir "Sabahın alimləri" IV Respublika müsabiqəsinin keçirilməsinin əsas məqsədinin yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarət olduğunu bildirib. Təhsil naziri innovativ fikir yarışması olan bu müsabiqənin gənclərə müxtəlif problemlərin elmi həll yollarını axtarıb tapmağa kömək edəcəyini nəzərə çatdırıb.
 
 
AMEA-nın prezidenti Akif Əlizadə təcrübəli alimlərin gənc alimlərlə əməkdaşlığının elmin inkişafına əlavə töhfə olacağına əminliyini vurğulayıb. Akademiyanın institutlarının müasir avadanlıqlarla təmin olunduğunu qeyd edən Akif Əlizadə gənc alimlərə tədqiqat işlərində kömək etməyə hazır olduqlarını deyib.
 
 
Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev şagirdlərin beynəlxalq elm yarışlarında qazandıqları hər bir uğurun bütövlükdə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Onun fikrincə, bu müsabiqəni gələcək alimlərin ilk addımı kimi dəyərləndirmək olar.
Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli çıxışında Azərbaycan elminə gənc nəslin gəlişinin vacibliyini vurğulayaraq, bu cür müsabiqələrin məktəblilərin elmə marağının artırılması, onların istedad, bacarıq və elmi potensialının üzə çıxarılması baxımından gərəkli olduğunu qeyd edib. A.Kərimli "Sabahın alimləri" müsabiqəsi qaliblərinin bu ilin mayında ABŞ-ın Pitsburq şəhərində keçiriləcək "İntel ISEF" sərgisində ölkəmizi uğurla təmsil edəcəklərinə inandığını deyib.
 
 
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulmasının, təhsilin məzmununun yeniləşdirilməsinin, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsinin və çoxsaylı digər layihələrin, tədbirlərin sabahın alimlərinin yetişməsi üçün etibarlı zəmin yaratdığını deyib.
 
 
"İntel" korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva Beynəlxalq Elm və Mühəndislik Sərgisinin şagirdlərin elmə və yeni biliklərə marağının artmasındakı rolunu qeyd edərək, müsabiqə iştirakçılarına müvəffəqiyyətlər arzulayıb.
 
 
Qeyd edək ki, üç gün davam edən müsabiqənin sonuncu gün "Açıq qapı" saatları keçiriləcək, şagird və müəllimlərə, həmçinin media nümayəndələrinə layihələrlə tanış olmaq imkanı yaradılacaq. "Sabahın alimləri" IV Respublika müsabiqəsinin qaliblərinə təşkilatçılar tərəfindən diplom, medal və mükafat təqdim olunacaq.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 943

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024