12px13px15px17px
Tarix:19/02/15

2015-ci il üçün İT bazarının əsas tendensiyaları açıqlanıb

“International Data Corporation” (IDC) analitik şirkəti 2015-ci il üçün əsas texnoloji tendensiyaların siyahısını tərtib edib. Onların sırasında böyük ekranlı smartfonlar (fabletlər), “Əşyaların interneti” (Internet of Things, IoT), “3D” çap və s. yer alıb.
 
Ekspertlərin proqnozlarına görə, Çin iqtisadiyyatının artım tempinin zəifləməsinə baxmayaraq ölkədə informasiya texnologiyaları (İT) bazarı artım nümayiş etdirəcək. Məsələn, Çində 500 milyon smartfonun satılacağı gözlənilir ki, bu da ABŞ-da satılacaq smartfonların sayından 3 dəfə çoxdur və nəzərdə tutulan dünya həcminin üçdə bir hissəsinə uyğundur. Mobil sənaye ilə yanaşı, Çində elektron ticarət və “bulud” texnologiyaları biznesi genişlənir.
 
Mütəxəssislərin proqnozlarına görə, dünya smartfon bazarının artımı əsas etibarilə böyük ekranlı qurğuların populyarlığından asılı olacaq. 2014-cü ildə bu qurğuların satılmış smartfonların ümumi həcmində payı 11 faiz təşkil edib, bu il isə 18 faizədək artacağı gözlənilir. Bildirilir ki, mobil qurğuların ümumi satış həcmi 484 milyard dollara çatmaqla İT sahəsinin artımına 40 faiz əlavə edəcək.
 
Daha bir texnoloji tendensiya kimi “IDC” nümayəndələri “Əşyaların interneti” bazarının inkişafını hesab edirlər. Analitiklərin qiymətləndirməsinə görə, 2015-ci ildə “Əşyaların interneti”nə ümumdünya xərcləri 1,7 trilyon dolları ötəcək ki, bu da bir il əvvəlki göstəricidən 14 faiz çoxdur. 2020-ci ilədək bazar həcminin 3 trilyon dollara çatacağı, internet şəbəkəsinə qoşulan qurğuların sayının iki dəfə artaraq 30 milyarda yüksələcəyi gözlənilir.
 
Ekspertlər həmçinin cari ilin yekunları üzrə iritutumlu məlumatlar (Big Data) və onların analizi üçün alətlər bazarında 125 milyard dollaradək artım proqnozlaşdırırlar. Analitik məhsullara xərclər üç dəfə artacaq ki, bunu da “IDC” mütəxəssisləri son iki ildə bəşəriyyətin bu vaxtadək hasil etdiyi rəqəmli informasiyadan daha çox informasiya hasil etməsini nəzərə almaqla təəccüblü hesab etmirlər.    
Məlumat emalı üçün getdikcə daha çox “bulud” servislərindən istifadə edilir. Analitiklərin proqnozuna görə, 2016-cı ilədək hesablama maşınlarının təxminən yarısı və saxlanılan məlumatların həcminin 70 faizi “bulud” məlumat emalı mərkəzlərində yerləşdiriləcək. Cari ildə ekspertlər bu bazarda bir neçə iri sazişin imzalanmasını və şirkətlərin satın alınmasını proqnozlaşdırırlar.
 
Dünya texnoloji sənayesində sonuncu əhəmiyyətli tendensiya kimi “IDC” təmsilçiləri biometriya və üçölçülü çap texnologiyalarının inkişafını qeyd edirlər. Analitiklərin proqnozuna görə, 2015-ci ildə mobil qurğuların 15 faizi biometrik funksiyalarla təchiz ediləcək, beş ildən sonra bu pay göstəricisi 50 faizədək artacaq. “3D” printerlər bazarında mədaxilin 27 faiz - 3,4 milyard dollaradək artacağı gözlənilir, - "DailyComm” yazır.



Baxış sayı: 629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024