12px13px15px17px
Tarix:13/03/15

“Rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsi vəziyyəti” mövzusunda “dəyirmi masa” keçirilib

Bu gün Bakıda 15 mart – Ümumdünya istehlakçıların hüquqlarının müdafiəsi gününə həsr olunmuş "Rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsi vəziyyəti" mövzusunda "dəyirmi masa" keçirilib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi və Antiinhisar Siyasəti  və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təşkil edilib.
 
Tədbirdə  Antiinhisar Siyasəti  və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib ki, ölkədə rabitə və yüksək texnologiyalar sahəsində böyük nailiyyətlər əldə edilsə də, bu sahədə nöqsanlar da az deyil.
"Nöqsanlar əsasən internet provayderlərin və mobil operatorların göstərdiyi xidmətlərlə bağlıdır, bu, əsasən internetin sürətinin aşağı səviyyədə olması, mobil rabitə abunəçilərinin hesablarından balansın silinməsi, müştərilərin arzuedilməz SMS-lərlə narahat edilməsi, rouminq xidmətlərinin yüksək tarifləri, müxtəlif SMS müsabiqələri və s. ilə bağlıdır. Eyni zamanda, IMEI kodların qeydiyyatı, mobil telefon nömrələrinin bir şəbəkədən digərinə keçirilməsi ilə bağlı problemlər mövcuddur", - deyə xidmətin rəis müavini Araz Əliyev bildirib.
 

Sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov nazirliyin müxtəlif layihələr və proqramlar çərçivəsində son illər ərzində gördüyü işlər haqda ətraflı məruzə ilə çıxış edib.

Azərbaycan İnternet Cəmiyyətinin rəhbəri Qalib Qurbanov "dəyirmi masa"da çıxış edərək bildirib ki, hazırda dünyanın qabaqcıl ölkələrində artıq evlər 1 GB sürətlə internetlə təchiz edilib, "5G" texnologiyasının tətbiqi məsələsi müzakirə edilir. O bildirib ki, Azərbaycanda isə hələ də sabit sürətlə internet xidmətlərinin göstərilməsi təmin edilməyib.
 
"İnternet xidmətlərinin göstərilməsində bütün dünyada ən vacib məsələ qiymətlə keyfiyyətin uyğun şəkildə təmin edilməsidir. Azərbaycanda bildiyimiz kimi, internet xidmətlərinin qiyməti azaldılıb. Lakin provayderlər şəbəkələrinin sabit şəkildə işini təmin  etmək üçün yeni avadanlıqlar alırlar, onlar dollarla alınır, xidmətlər isə manatla göstərilir, biz bunu nəzərə almalıyıq. Provayderlərin regionlara çıxması üçün onlara güzəştlərin verilməsi və dövlət dəstəyinin göstərilməsi vacibdir. Çünki bu şirkətlərin vəsaitləri kənd infrastrukturunu yaratmaq üçün yetərli deyil", - deyə Q. Qurbanov qeyd edib.
 
Tədbirdə həmçinin yerli mobil rabitə operatorlarının nümayəndələri  təmsil etdikləri şirkətlərin nailiyyətlərinə həsr olunmuş məruzələrlə çıxış etdilər. Sonda tərəflər mövcud problemləri müzakirə edərək
gələcək əməkdaşlıq istiqamətlərini müəyyən ediblər.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 700

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024