12px13px15px17px
Tarix:18/03/15

Təhsil müəssisələrinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı prosesi genişləndirilir

Təhsil Nazirliyi "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq ümumtəhsil müəssisələrinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, tədrisdə dünya standartlarına cavab verən əyani vasitələrdən istifadə prosesini genişləndirir.
 
Nazirlikdən bildirilib ki, "Labdisc" avadanlığı ilə təmin olunmuş 2 məktəbə - Bakı şəhəri Nərimanov rayonu 193 və Xətai rayonu 24 nömrəli məktəblərə mediatur təşkil olunub. Media nümayəndələri yeni avadanlıqlardan istifadə etməklə keçirilən fizika və kimya fənləri üzrə "Açıq dərs"lərdə iştirak ediblər. Mediatur çərçivəsində mətbuat nümayəndələrinə izah olunub ki, "Labdisc" məlumat qeydiyyat qurğusu 15 ədəd daxilə quraşdırılmış simsiz sensorlarla tam bir laboratoriya kimi fəaliyyət göstərir.
 
Qurğu simsiz kommunikasiya vasitəsilə məktəbin bütün əsas texnologiya və avadanlıqları ilə tam inteqrasiya olunur. Kompüterlər, netbuklar, interaktiv lövhələr və planşetlərə qoşulmaqla sistem kabelsiz laboratoriya şəraitində yüksək fəallığı təmin edir. Bu isə dərs zamanı müəllimlə şagird arasında əməkdaşlığa, interaktiv tədrisə imkan yaradır, eyni zamanda texnoloji xərclərə qənaət edir.
 
 
Cihaz və proqram təminatından ibarət olan qurğu Azərbaycan dilini dəstəkləyir və "Windows"la "Android" istifadəçiləri tərəfindən asanlıqla istifadə olunur. Bununla yanaşı, fizika, kimya və biologiya dərslərində sınaqlar aparmaq üçün mobil araba işlənib hazırlanıb.
 
 
Azərbaycanın müstəqilliyi dövründə ilk dəfədir ki, ümumtəhsil məktəbləri üçün belə avadanlıqlar alınıb. Təhsil Nazirliyi artıq 50-dək ümumtəhsil müəssisəsinin yeni avadanlıqlarla təmin edilməsi prosesinə start verib.
 
 
Avadanlıqların köməyilə şagirdlər mürəkkəb sınaq işləri aparmaq, prosesi interaktiv lövhədə izləmək  imkanı əldə edirlər. Eyni zamanda bu avadanlıqların mobil xüsusiyyətə malik olması onların istənilən məkanda istifadəsinə şərait yaradır.
 
 
Məktəblərin yeni avadanlıqlarla təminatı ilə yanaşı, onların tədrisi ilə məşğul olan müəllimlər üçün də təlimlər keçirilib. "Edumedia-Azərbaycan" şirkəti Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 25 nəfərdən ibarət müəllim heyətinə təlimlər təşkil edib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 666

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024