12px13px15px17px
Tarix:07/04/15

TVB ilk Avropa Oyunlarını ölkəsində ödənişsiz və ödənişli şəkildə yayımlamaq üçün eksklüziv hüquqa sahib olub

Asiyanın ən böyük kommersiya şirkətlərindən biri olan TVB ilk Avropa Oyunlarını ölkəsində ödənişsiz və ödənişli şəkildə yayımlamaq üçün eksklüziv hüquqa sahib olub.
 
Belə ki, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi növbəti yayım sazişini Honkonqun TVB televiziya şirkəti ilə imzalayıb. Təşkilat Komitəsindən qeyd edilib ki, Honkonq üzrə bütünlükdə 2.4 milyon əhaliyə xidmət göstərən TVB Yay və Qış Olimpiya Oyunlarının, eləcə də, FİFA Dünya çempionatının daimi yayımını həyata keçirən televiziya şirkətidir. TVB yalnız Avropa Oyunlarının deyil, eyni zamanda “Rio-2016” Yay Olimpiya Oyunlarının da yayımını həyata keçirəcəyini bəyan edib. Qeyd edək ki, Avropa Oyunlarının proqramına daxil edilmiş 16 Olimpiya idman növündən 12-si Rio Olimpiya Oyunları üçün təsnifat rolu oynayacaq. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin sözlərinə görə, “Avropa Oyunlarına göstərilən maraq getdikcə artmaqdadır.
 
TVB sayca 56-cı yayım tərəfdaşımız olacaq və bununla da Honkonq Avropadan kənarda Oyunları izləmək şansı əldə edən Körfəz ölkələri, Amerika Birləşmiş Ştatları, Kanada, Hindistan və Çinin sıralarına qoşulacaq. Bu, beynəlxalq idman tarixinə əlavə olunacaq önəmli tədbirə göstərilən diqqətin əyani sübutudur”.
 
 
TVB-nin nümayəndəsi Patrik Li qeyd edib ki, idmanın təbliği TVB kanalının əsas istiqamət fəaliyyətlərindən biridir:
 
“Biz Honkonq xalqının Yay və Qış Olimpiya Oyunları, eləcə də futbol üzrə FİFA Dünya çempionatı kimi yüksəksəviyyəli idman tədbirlərini izləməsini təmin etmişik. Əminəm ki, tarixdə ilk dəfə olaraq Azərbaycanda keçiriləcək ilk Avropa oyunları da tamaşaçılarımız tərəfindən böyük maraqla izləniləcək”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 531

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024