12px13px15px17px
Tarix:11/04/15

İngilis dili müəllimlərinin təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqları qiymətləndiriləcək

Təhsil Nazirliyi, “British Council”, “Microsoft” və “Mədəd Azərbaycan” təşkilatı “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinin növbəti mərhələsinə start verib.

Layihə çərçivəsində seçiləcək ingilis dili müəllimlərinin pedaqoji bilikləri və təhsildə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq və beynəlxalq sertifikasiya həyata keçiriləcək.
 
Layihənin nəticəsində müəllimlərin motivasiya strategiyasında layihənin fəaliyyət və mexanizmlərinin inteqrasiyası müzakirə ediləcək. Layihənin bu mərhələsində iştirak üçün 100 nəfər ingilis dili müəllimi seçiləcək. Təşkilat Komitəsindən qeyd edilib ki, Təhsil Nazirliyi layihənin pilot tətbiqi mərhələsində strateji dəstək göstərəcək. “Microsoft” korporasiyası layihə iştirakçılarını “Microsoft” “Texnologiyalarla Tədris” (“Teaching with Technology”) məzmununu və qiymətləndirmə alətlərini, müəllim sertifikatlaşmasına dair müvafiq məlumatla təmin edəcək və müəllimlərin onlayn əməkdaşlığı üçün onlayn mühitinin yaradılmasına dəstək göstərəcək.
 
 “British Council” Cambridge ESOL “Tədris Bilik və Bacarıqları üzrə İmtahan”ına (“Teaching Essentials Test”) hazırlıq və müvafiq sertifikasiya alətlərindən istifadəni təmin edəcək. Layihə çərçivəsində nəzərdə tutulan “Intel Gələcək üçün Təhsil” təlimi “Mədəd Azərbaycan” təşkilatı tərəfindən keçiriləcək.
 
 
Layihədə ümumtəhsil məktəblərinin ingilis dili müəllimləri iştirak edə bilərlər. Layihədə iştirak etmək istəyənlər “www.madad.net” veb səhifəsində “Xəbərlər” bölməsinə daxil olaraq, “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası Layihəsi” bölməsindəki “MS Word” formatında olan ərizə formasını doldurmalıdırlar.
 
Həmin ərizə forması doldurulub, 24 May 2015-cü il tarixindən gec olmayaraq “enquiries@britishcouncil.az” ünvanına göndərilməlidir. Qəbul olunan bütün ərizə formalarına baxılacaq və seçim kriterilərinə cavab verən müəllimlər növbəti seçim mərhələsinə dəvət olunacaqlar. Bütün seçim mərhələlərindən uğurla keçən namizədlər layihənin iştirakçısı seçiləcək.
 
 
İştirakçıların seçim meyarlarına gəlincə, namizədlər pedaqoji təcrübə və müxtəlif metodologiyalardan təcrübi istifadə bacarıqları; İngilis dili fənni üzrə kurikulum biliyi; müxtəlif qiymətləndirmə metodları ilə tanışlıq və təcrübə; İKT savadlılığı
İKT-nin təhsildə tətbiqi üzrə bilik və bacarıqlar; tədris prosesinin idarəedilməsi üzrə bilik və bacarıqlar; layihə-əsaslı tədris yanaşması ilə tanışlıq və istifadə təcrübəsi; müxtəlif təhsil şəbəkələrində və beynəlxalq layihələrdə iştirak kimi seçim meyarları üzrə qiymətləndiriləcək.
 
Seçim turlarından uğurla keçən namizədlər layihə iştirakçıları “Mədəd” – “Intel ®” “Gələcək üçün təhsil”; British Council Cambridge ESOL “Tədris Bilik və Bacarıqları”; “Microsoft” “Texnologiyalarla Tədris” təlimlərinə cəlb olunacaqlar. Təlimlər qarışıq (onlayn və üz-üzə) formatda 2015-cü ilin İyun-Dekabr ayları ərzində keçiriləcək.
 
Hər təlimin əvvəlində iştirakçıların hazırlıq səviyyəsi təyin olunacaq və fərdi inkişaf proqramı hazırlanacaq.
 
 Təlimlərin sonunda iştirakçılar 3 sertifikasiya imtahanında iştirak edərək, müvafiq sertifikasiya ilə təmin olunacaq. Sertifikasiya imtahanları müstəqil qurumlar tərəfindən həyata keçiriləcək və nəticədə uğurlu iştirakçılar beynəlxalq səviyyəli sertifikasiya ilə təmin olunacaqlar.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 681

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024