12px13px15px17px
Tarix:13/04/15

Lisey və gimnaziyalara elektron ərizələrin qeydiyyatı aprelin 15-də başa çatır

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə, lisey və gimnaziyalara aprelin 15-dək davam edəcək.
 
Ümumtəhsil məktəblərinə isə elektron ərizələrin qeydiyyatı iyulun 1-dən 31-dək aparılacaq. 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu isə Bakı şəhərinin hər bir inzibati rayonu ərazisində yaradılmış komissiya tərəfindən "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən, iyulun 13-dən 31-dək aparılacaq.
 
 
Qeyd edək ki, I sinfə elektron sənəd qəbulunun tətbiqi təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlər dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir. Müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə yalnız xidmət edir. Elektron sənəd qəbulu "www.mektebeqebul.edu.az" saytı vasitəsilə həyata keçirilir.
 
Ümumilikdə, qeyd edilməlidir ki, tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur. Təhsil Nazirliyindən qeyd edilib ki, elektron sənəd qəbulu sistemindən istifadə üçün valideynlərdən (digər qanuni nümayəndələrdən) heç bir ödəniş tələb olunmur.
 
Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq qeydiyyat komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ komissiya tərəfindən aparıla bilər.
 
Alternativ sənəd qəbulu komissiyaları Səbail rayonu – 2 nömrəli THL, Nizami rayonu – 145 nömrəli, Nəsimi rayonu – 133 nömrəli, Yasamal rayonu – 18 nömrəli, Nərimanov rayonu – 47 nömrəli, Xətai rayonu – 191 nömrəli, Sabunçu rayonu – 252 nömrəli, Suraxanı rayonu – 114 və 279 nömrəli, Qaradağ rayonu – 166 və 274 nömrəli, Xəzər rayonu 26 və 156 nömrəli, Pirallahı rayonu 235 nömrəli, Binəqədi rayonu 115 və 276 nömrəli məktəblərdə təşkil olunacaq.
 
Qeydiyyat mobil telefon nömrəsi ilə də keçirilə bilər. Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilər. Bunun üçün o, sistemə əvvəl yerləşdirdiyi sorğunu ləğv etməli, sonra yeni məktəb seçməlidir. Evdə təhsil hüququ olan uşağın I sinfə elektron sənəd qəbuluna gəlincə, elektron qeydiyyat və məktəbə sənəd qəbulu ümumi qaydada aparılır.
 
"Evdə təhsilin təşkili Qaydaları"nın tələblərinə riayət edilməklə uşaq psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən evdə təhsilə cəlb ediləcək.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 2409

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024