12px13px15px17px
Tarix:13/04/15

DSK rəsmisi: “Gələcəkdə bütün sorğuların aparılmasında İKT-nin tətbiqi nəzərdə tutulur”

Dövlət Statistika Komitəsi (DSK) müasir informasiya texnologiyalarını tətbiq etməklə yeni sorğunun həyata keçirilməsinə hazlırlaşır.
 
“Qlobal tütün istehlakı” adlanan bu sorğuya may ayının ilk ongünlüyündə start verilməsi planlaşdırılır. “Rabitə dünyası”na bu barədə Dövlət Statistika Komitəsinin (DSK) Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikası şöbəsinin müdiri Yaşar Paşa məlumat verib. Onun sözlərinə görə, 2015-ci ilin fevral ayında komitə BMT-nin Uşaq Fondunun ekspert və metodoloji köməkliyi ilə məhrumiyyətlərə dair sorğunu müasir informasiya texnologiyalarını tətbiq etməklə həyata keçirib. Statistik məlumatların yerlərdən real vaxt rejimində daha dolğun, operativ formada qəbul edilib hazırlanması üçün planşet tipli tablet kompüterlərdən istifadə edilib.  
 
 
İnkişaf etmiş ölkələrin statistika qurumları arasında ilk təcrübələrdən sayılan bu texnoloji yeniliyin üstünlüyü məlumatların toplanmasında kağızdan istifadə olunmamasıdır. Statistik məlumatlar planşet tipli tablet kompüterlərdə yerləşdirilmiş cədvəllərə yazılaraq sensorlu ekran vasitəsilə yaddaşa köçürülmüş və istənilən internet məkanında xüsusi proqram paketi vasitəsilə birbaşa komitənin server şəbəkəsinin xüsusi ünvanına ötürülüb.
 
Sorğu zamanı səhvlərin buraxılması ehtimalını minimuma endirmək üçün tərtib olunmuş məntiqi nəzarət proqramı vasitəsi ilə sorğunun dolğunluğu yoxlanmışdır. Serverə daxil olan statistik məlumatlar daha sonra məlumat bazaları fayllarına çevrilərək işlənmə prosesinə qəbul edilir:
 
 “İKT-nin tətbiqi ilə aparılan ilk sorğunun nəticələri analiz olunur. Hazırda sorğunun emal prosesi aparılır”.
 
 
Yaşar Paşa gələcəkdə İKT-nin tətbiqinin daha da genişləndiriləcəyini qeyd edib:
 
“Bu texnologiyanın ev təsərrüfatlarının tədqiqatı, qiymət müşahidəsinin aparılmasında, eləcə də bütün işlərimizdə tam tətbiqi planlaşdırılır. Bu istiqamətdə işlərimiz davam edir. Artıq tender elan olunub. Kotirovka sorğusu prosedurunun təşkilinə başlanılıb. 200 ədəd planşet tipli tablet kompüterlərin alınaraq, yerlərdə əməkdaşlarımıza təqdim olunması nəzərdə tutulur”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 657

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024