12px13px15px17px
Tarix:21/04/15

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni dövlət informasiya sisteminin ilkin variantının təqdimatı keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının və Nazirlər Kabinetinin 1 may 2014-cü il tarixli “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı”nın və İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərinin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında qərarının icrası ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssislərinin birgə iştirakı ilə uyğun dövlət informasiya sistemi hazırlanıb. 
 
 
İnformasiya sisteminin ilkin variantının təqdimatı və müzakirəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilib.
 
Tədbirdə komitə sədrinin müavinləri Gəray Fərhadov və Fuad Hüseynov, komitənin aidiyyatı şöbə və sektor rəhbərləri, komitə üzrə təyin olunmuş layihə koordinatoru Mahir Dadaşov, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov və digər mütəxəssislər iştirak ediblər.
 
G.Fərhadov bildirib ki, müasirləşən və qloballaşan dünyada internetdən, informasiya texnologiyalarından, sosial şəbəkələrdən, onlayn mediadan, elektron hökumətdən, elektron xidmətlərdən istifadə bütün dünya ölkələrinin ictimai-siyasi və iqtisadi həyatının formalaşmasında mühüm önəm daşıyır.
 
Bu baxımdan komitədə müəyyən işlər görüldüyünü diqqətə çatdıraraq o qeyd edib ki, dövlət büdcəsindən aylıq yemək xərci alan məcburi köçkünlərin əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş adlı siyahılarının dəqiqləşdirilməsində, bu sahəyə nəzarətin gücləndirilməsində, baş verə biləcək neqativ halların vaxtında üzə çıxarılmasında və dərhal qarşısının alınmasında, xüsusilə bu sahədə şəffaflığın təmin olunmasında, vətəndaşlara xidmətlərin daha operativ və şəffaf olaraq elektron xidmətlər vasitəsilə göstərilməsi məqsədilə  müasir tələblərə cavab verən bu informasiya sisteminin olduqca böyük əhəmiyyəti var:
 
 “Bu informasiya sistemi güzəşt tətbiq edilən məcburi köçkünlərin siyahısını, onların yerdəyişməsini, müvafiq qaydalara uyğun yeni məcburi köçkünlərin həmin siyahılara daxil edilməsini, digər qurumlardan olan göndərişləri və bu kimi, ümumi hesabatları özündə cəmləşdirir və “Elektron hökumət” portalına inteqrasiya edilmişdir. Bundan sonra qeyd olunan sahə üzrə daha tez və operativ məlumatlar əldə edilməsində, məcburi köçkünlərin adlı siyahılarının araşdırılmasında və dəqiqləşdirilməsində müxtəlif statistik məlumatların hazırlanmasında sistemin imkanlarından tam istifadə etmək mümkündür”.
 
 
Daha sonra RYTN Məlumat Hesablama Mərkəzinin direktor müavini Nazim Mədətov informasiya sisteminin ilkin variantını təqdim edib və sistemin tərtibatı, imkanları, istifadə qaydaları və orada yerləşdirilən bölmələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və müxtəlif sualları cavablandırıb.
 
 
Bildirilib ki, görülmüş işlərin nəticəsində, həmçinin informasiya sisteminin yaradılmasına dövlət büdcəsindən ayrılacaq vəsaitə qənaət olunub.
 
 
Qeyd edək ki, layihənin hazırlanması, istismara verilməsi  və texniki dəstəyi  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müraciəti əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ödənişsiz əsaslarla həyata keçirilib və davam etdirilir.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024