12px13px15px17px
Tarix:07/05/15

Azərbaycanda ilk dəfə Böyük Həcmli Verilənlər sahəsində konfrans keçiriləcək

Azərbaycanda Böyük Həcmli Verilənlər - BHV (Big Data) sahəsində "Big Data Day Baku 2015" adlı ilk konfrans təşkil olunacaq.
 
Konfrans Qafqaz Universiteti Texnoparkı nəzdində fəaliyyət göstərən "CeDAWI" (Center of Data Analytics and Web Insights) araşdırma mərkəzi, IEEE Kompüter Cəmiyyətinin Azərbaycan şöbəsinin təşkilatçılığı, "Oracle", EMC, SAP, "Microsoft", "Azercell" kimi xarici və yerli şirkətlərin iştirakı ilə 16 may 2015-ci il tarixində Qafqaz Universitetində keçiriləcək.
 
Universitetin kompüter mühəndisliyi kafedrasının müdiri Abzətdin Adamovun məlumatına görə, konfransın məqsədi dünya trendlərinə uyğun olaraq, Azərbaycanda internet istifadəçiləri sayının, emal olunan verilənlərin həcminin və internet əsaslı xidmətlərin artması nəticəsində həcm, müxtəlifik və sürəti əks etdirən əsas 3 problemi ortaya çıxmaqdadır:
 
"Verilənlərin həcminin sürətlə artması, verilənlərin formatının və tipinin müxtəlif olması və bu verilənlərin emalı üçün tələb olunan sürət, BHV-in ənənəvi  üsullarla idarə olunmasını mümkünsüz edir. BHV erasının verdiyi imkanlardan faydalanmaq üçün xüsusi yanaşmalar, texnologiyalar və platformaların araşdırılması və istifadəsi zəruridir".
 
Təşkilatçılar, bu səbəbdən diqqəti BHV-ə, xüsusilə verilən mədənçiliyi (Data Mining), verilənlərin analiz üsulları və metodları, maşın öyrənmə üsulları, təbii dil emalı, klaster əsaslı hesablamalar kimi mövzulara yönəltməkdədirlər.
Konfransda (http://cedawi.org/big-data-day/) informasiya texnologiyası sahəsində yerli və xarici mütəxəssislər iştirak edəcək və tədbir iştirakçılarına BHV imkanları, infrastrukturu, idarə və analiz etmə texnologiyaları barəsində məlumatlar veriləcək.

Tədbirin əsas məqsədi, cəmiyyətdə Böyük Həcmli Verilənlərin gətirdiyi yeni imkanlar və çətinliklər barəsindəki fikirlər formalaşdırmaq, sənaye və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübələri paylaşmaq, tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və Verilənlər Elmi (Data Science) sahəsində tədqiqat aparmağa həvəsləndirməkdir.


Konfransın mövzularına "Böyük Həcmli Verilənlər Erası – Böyük həcmli verilənlər nə qədər böyükdür?"; "Böyük həcmli verilənlərin gətirdiyi böyük imkanlar və çətinliklər – Böyük həcmli verilənlərdən istifadə halları"; "İctimai sektorda olan məlumatların ictimaiyyətə açıq şəkildə paylaşılması"; "Böyük həcmli verilənlərin infrastrukturu"; "Böyük həcmli verilənlərin analitikası üçün açıq qaynaqlı platformalar və texnologiyalar"; "Təbii dil emalı və Kompüter Linqvistikası"; "Böyük həcmli verilənlərin idarəsi  - Yaşam Dövrü" kimi mövzular daxildir. Həmçinin tədbirdə "Böyük Həcmli Verilənlərin dəyəri nədir"; "Bu bizə necə təsir edəcək";  "Böyük Həcmli Verilənlər erası - biz buna hazırıqmı" kimi suallara da cavab axtarılacaq. Tədbirin hədəf auditoriyasına marketinq mütəxəssisləri, sahibkarlar, İT mütəxəssislər, tələbələr, alimlər və tədqiqatçılar, dövlət nümayəndələri daxildir.
 
 
Həqiqət İSABALAYEVA
 
 



Baxış sayı: 896

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024