12px13px15px17px
Tarix:14/05/15

“İnformasiya təhlükəsizliyinin multidisiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı” keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş "İnformasiya təhlükəsizliyinin multidisiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı" keçirilib.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, KİV nümayəndələri iştirak ediblər.
 
Konfrans Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş sərgi ilə öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunan konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirib. Müasir dövrün qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan və multidisiplinar xarakter daşıyan informasiya təhlükəsizliyinin müzakirəsi üçün İT sahəsi üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu və bu tədbirin ənənəvi hal almasının zəruriliyini vurğulayıb.

1865-ci ilin may ayının 17-də əsası qoyulmuş Beynəlxalq Telekommunikasiya İttifaqının öz fəaliyyəti ilə dünyada bəşəriyyətin ən çox ehtiyac duyduğu sahələrdən biri olan kommunikasiya mühitinin formalaşması və inkişafına xidmət etdiyini, 2006-cı ildə BMT tərəfindən bu təşkilatın yaranma tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi təsis edildiyini diqqətə çatdırdı.

Bildirib ki, bu təşkilat müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən İnternetin inkişafında, qlobal informasiya cəmiyyətinin formalaşması və onun təhlükəsizliyinin təmin edilməsində, bu sahədə inkişaf konsepsiyaları, model qanunlar, standartlar və digər tənzimləmə mexanizmlərinin işlənib hazırlanmasında mühüm rol oynayır.



Akademik Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunun "Telekommunikasiya və İKT: innovasiyaların hərəkətverici qüvvələri" olduğunu  bildirib. Mövzunun aktuallığını önə çəkərək İKT sektorunun inkişafının və informasiya cəmiyyətinin bərqərar olmasının məhz səmərəli innovativ fəaliyyətdən asılı olduğunu, eyni zamanda İKT-nin imkanlarından istifadə etmədən innovativ inkişafa nail olmağın qeyri-mümkünlüyünü vurğulayıb.

Bəşəriyyətin gələcəyinin İKT-nin imkanlarına əsaslanan innovativ inkişafla bağlı olduğunu söyləyən alim "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsinin əsas hədəflərdən olduğunu nəzərə çatdırıb. Bu hədəfə çatmaq üçün isə təhlükəsiz informasiya cəmiyyəti və biliklər iqtisadiyyatının formalaşması, elmtutumlu texnologiya, məhsul və xidmətlərin yaradılması proseslərinin sürətləndirilməsinin vacibliyini dilə gətirib.

AMEA prezidenti, həmçinin "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"da informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi yer ayrıldığını bildirib.

Qeyd edib ki, ölkəmizdə bu məsələ ilə bağlı AMEA-nın qarşısında mühüm vəzifələr dayanır və akademiyada informasiya texnologiyalarının bir istiqaməti olan informasiya  təhlükəsizliyinin elmi-nəzəri problemlərinin araşdırılmasına, bu sahə üzrə  elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirilir.

Alim AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksəksəviyyəli İnternet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan "AzScienceNet" elm-kompüter şəbəkəsindən söz açaraq onun fəaliyyətinin əsas istiqamətlərindən birinin məhz informasiya təhlükəsizliyi ilə bağlı olduğunu nəzərə çatdırıb.

Yaxın zamanda "AzScienceNet"-in GEANT təşkilatlarına üzv olmasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin dəstəyinin həlledici rol oynadığını söyləyərək hər iki nazirliyin rəhbərliyinə təşəkkür edib.

"İnformasiya təhlükəsizliyi sahəsi üzrə elmi kadrların hazırlanması istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Fondu, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının keçirilməsidir. Hər il təşkil edilən bilik yarışının əsas məqsədi istedadlı tələbələrin informatika və proqramlaşdırma sahəsində gələcəyin mütəxəssisi olmasına dəstək verməkdir. Heç şübhəsiz ki, bu kimi müsabiqələrdə fərqlənən gənclərin əksəriyyəti bu sahə üzrə peşəkar kadr kimi formalaşırlar", - deyə A.Əlizadə bildirib.

Sonda akademik Azərbaycanda informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına yönəlmiş konfransın əhatə dairəsinin gələcəkdə ölkə hüdudlarından kənara çıxmasını və beynəlxalq status almasını məqsədəuyğun hesab etdiyini söyləyib.

Sonra rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov "İnformasiya təhlükəsizliyi sahəsində dövlət siyasəti" mövzusunda məruzə ilə çıxış edib. İnformasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinin dövlət siyasətinin prioritet məsələlərindən biri olduğunu və bu istiqamətdə məqsədyönlü işlər aparıldığını diqqətə çatdırın.

Nazir qeyd edib ki, informasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin, xüsusən də cəmiyyətin intellektual potensialının səfərbər edilməsi vacibdir.

Konfransın Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmasına diqqət çəkən Ə.Abbasov  Azərbaycanın  Beynəlxalq Telekommunikasiya İttifaqının və İttifaqın Şurasının üzvü olduğunu və bu qurumla əməkdaşlıq əlaqələrinə böyük diqqət göstərildiyini qeyd edib.

Nazir həmçinin bildirib ki, internetdən istifadə sıxlığının sürətlə artdığı bir dövrdə kibertəhdidlər qaçılmazdır. O, hər həftə 2 min kompüterin virusa yoluxduğunu qeyd edərək, Azərbaycanda hər il kiberhücumların həcminin 30 faiz artığını diqqətə çatdırıb. "Bütün bunlar informasiya cəmiyyətini kibertəhlükəsizliyi, informasiya təhlükəsizliyini daha da möhkəmləndirməyə vadar edir. Azərbaycanda qlobal məkanın fəal iştirakçılarından biri kimi bu istiqamətdə həyata keçirdiyi qabaqlayıcı tədbirləri intensivləşdirib. Bir müddət sonra ölkəmiz qlobal idman tədbirinə ev sahibliyi edəcək. İlk Avropa Oyunlarının təşkilində ən ümdə məsələlərdən biri də informasiya təhlükəsizliyinin tam təmin olunmasıdır. Biz bu istiqamətdə bütün səylərimizi səfərbər etmişik" - deyə nazir qeyd edib. 



Daha sonra AMEA-nın akademik katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik  Rasim Əliquliyev "XXI əsrin informasiya təhlükələri və onlarla mübarizə strategiyaları" adlı məruzəsini təqdim edib.

Bildirdi ki, XX əsrin sonu - XXI əsrin əvvəllərindən başlayaraq bəşəriyyət qarşısında mövcud olan təhlükələrin sırasına informasiya təhlükələri də daxil olmuşdur. Bu qısa zaman intervalında internetin bəşəri dəyərlərinin formalaşması və kristallaşması olduqca çətin prosesdir. İnformasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, elmi ictimaiyyətin də fəal iştirak və müdaxiləsi tələb olunur.
Alimin sözlərinə görə, informasiya texnologiyalarının inkişafı cəmiyyətin həyatının, demək olar ki, bütün sahələrində yalnız müsbət deyil, həm də mənfi nəticələr doğurur. Bu səbəbdən informasiya təhlükəsizliyi məsələsinə qlobal problem kimi yanaşmaq və informasiya təhlükələri ilə mübarizəyə hazır olmaq zəruridir.
Akademik həmçinin qeyd etdi ki, Azərbaycanda dövlətin informasiya siyasətinin əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun strateji vəzifələri, istiqamət və resursları müəyyən edilmişdir. İnkişafın yeni mərhələsində AR Prezidenti İlham Əliyev informasiya təhlükəsizliyi siyasətini yüksək səviyyədə davam etdirərək onu təmin edən çoxşaxəli amillərə xüsusi yer ayırmışdır. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın da əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan dövlətin və cəmiyyətin inkişafı üçün səmərəli istifadə edilməsidir.

R.Əliquliyev informasiya təhlükələri ilə mübarizə aparılması üçün müdafiə mexanizmlərinin yaradılmasının zəruriliyini vurğuladı. Bildirdi ki, ölkə səviyyəsində qurulan milli strategiya informasiya təhlükəsizliyi sisteminin ən mühüm alt sistemlərindən biri də böyük imkanlara malik CERT şəbəkəsidir. Ölkə üzrə rast gəlinən təhlükələr haqqında bilgilər CERT çərçivəsində bir yerə toplanmalı, analiz edilməli, araşdırılmalı və onlara qarşı mexanizmlər təklif olunmalıdır.

Alim informasiya təhlükələrinə qarşı ən səmərəli strategiyalardan birinin vətəndaşlarda informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması olduğunu qeyd etdi: bunun üçün informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığına xüsusi diqqət ayrılmalı, Azərbaycan dilində kitab və dərsliklər hazırlanmalı, müntəzəm olaraq konfranslar, seminarlar, "dəyirmi masa"lar təşkil olunmalı, kütləvi təbliğat aparılmalıdır.
O, həmçinin informasiya təhlükəsizliyi sahəsində multidisiplinar problemlərin araşdırılması və bu sahədə formalaşmış normativ-hüquqi bazanın təkmilləşdirilməsi zərurətini dilə gətirib.

"Real dünyanın virtual problemləri, virtual dünyanın isə real problemləri həllini gözləyir", - deyə bildirən R.Əliquliyev nitqinin sonunda İKT sahəsində mövcud olan elmi problemlərin həlli üçün ölkənin bütün alim və mütəxəssislərini, elmi qurumlarını birgə əməkdaşlığa səsləyib.

Konfrans 3 paralel seksiya iclasında davam etdirib. "İnformasiya təhlükəsizliyinin humanitar problemləri", "E-dövlətin informasiya təhlükəsizliyi" və "İnformasiya təhlükəsizliyinin təmin edilməsi texnologiyaları" mövzuları üzrə seksiya iclaslarında informasiya təhlükəsizliyinin müxtəlif istiqamətlərində aktual məsələləri əhatə edən məruzələr dinlənilib.



Baxış sayı: 917

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024