12px13px15px17px
Tarix:15/05/15

“Startup Azərbaycan 2015” layihəsinin yekun təqdimat mərasimi keçirilib

Bu gün "Park İnn" mehmanxanasında "Startup Azərbaycan 2015" layihəsinin yekun təqdimat mərasimi  və "Startup Azərbaycan 2015" milli konfransı keçirilib.
 
Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "startup"ların inkişafı istiqamətində dövlət tərəfindən ciddi addımların atıldığını, "startup"lara dəstək üçün müvafiq infrastrukturun yaradıldığını bildirib.  O, qarşıdakı illərdə də  milli "startup"ların inkişafına dəstək göstərilməsinin  prioritet olduğunu qeyd edib və bu dəstəyin  daha da güclənəcəyini bildirib. Nazir  müavini bu cür tədbirlərin "startup" infrastrukturunun formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

"Nazirlik olaraq bizim məqsədimiz "startup"çılara dəstək olmaqdır. "Startup"çılara tövsiyə edərdim ki, ölkə başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun yeni ideyalar təqdim etsinlər və birlikdə gələcək planların reallaşdırılmasına nail olaq.  Eyni zamanda belə tədbirlər "startup"çılara yeni əlaqələr yaratmaq və birgə fəaliyyət göstərmək üçün zəmin yaradır. Yaradılmış şərait müxtəlif texnologiyaların prototiplərini beynəlxalq səviyyədə təqdim etməyə imkan verir".
 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının  İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov "startup" sahəsinin  inkişafı məsələlərinə  toxunaraq bu sahənin Fondun diqqət mərkəzində olduğunu  qeyd edib. O,  "Startup Azərbaycan" tədbirlərinin ölkədə bu sahənin inkişafına mühüm töhfələr verdiyini qeyd edib.

 
Daha sonra  "Azərbaycanın startup mühiti (ekosistemi): problemlər və perspektivlər"  mövzusunda milli konfrans öz işinə başlayıb. Bir paneldən ibarət olan konfransda panelçilər mövzu ətrafında tezislərini konfrans iştirakçılarına çatdırıblar.
 
Çıxışlarda "startup" sektorunun  inkişafını  ləngidən problemlər qeyd edilib və inkişafa kömək edəcək  təkliflər verilib.  

Nazir müavini Elmir Vəlizadə və Dövlət Fondunun icraçı direktoru və panelçilər qaldırılan məsələlərə münasibətlərini  bildiriblər və aidiyyəti suallar cavablandırılıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün moderatorluğu ilə keçirilən  konfrans maraqlı tərəflərin iştirakı ilə müxtəlif müzakirələrlə davam edib.

O, ötən  müddət ərzində "Startup Azərbaycan" çərçivəsində Bakı Dövlət Universitetində,  İqtisad Universitetində, Texniki Universitetdə  və Memarlıq və İnşaat Universitetində  "startup" toplantılarının keçirildiyini,  maarifçilik işlərinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Osman Gündüz bu sahədə "Elektron hökumət" portalı ilə birgə maarifçilik işlərinin və görüşlərin keçirildiyini  bildirib. 
Eyni zamanda  "Startup Azərbaycan" yarışmasına qatılan milli "startup" komandalarının üzvlərinə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə təlimlərin keçirildiyini diqqətə çatdırıb.

"Üç ay davam edən Startup Azərbaycan  müsabiqəsinə  34 startup  layihəsi təqdim edilib.  1-ci mərhələ səsvermə nəticəsində 13 yarımfinalçı startup seçilib. 8 ekspert tərəfindən layihələr  5 istiqamət üzrə (layihənin komandası, layihənin davamlılığı, layihənin ideyası və cəlbediciliyi, layihənin gəlirliliyi, layihənin əhatə dairəsi) 10 ballıq sistemlə qiymətləndirilib. Onu da qeyd edim ki, bu il müsabiqəyə 3 xüsusi nominasiya  da daxil edilib".
 
Daha  sonra "Startup Azərbaycan" qaliblərinin təqdimatı başlayıb.





Təqdimat mərasimində ilk öncə bu 3 xüsusi nominasiya üzrə fərqlənənlərin adları açıqlanıb. Belə ki, "Ən motivasiyalı komanda"  nominasiyası üzrə "MyTagram", "GoMap mobil tətbiqləri" üzrə  "Baku Parking", "E-gov mobil tətbiqləri" nominasiyası üzrə isə "RobiGuide" layihəsi seçilib.

Yarışmanın yekununda  4 "startup" layihəsinin,  "Appol-Ustad",  "Portret.al", "Baku Parking" və "BillBoard.az"  "startup"larının uğur qazanaraq finala çıxdığı elan edilib.  

Təqdimat mərasimində finala çıxan və fərqlənən hər bir "startup" layihəsinin komandası öz layihələri ilə bağlı qısa təqdimatlar ediblər.

Nazir müavini Elmir Vəlizadə, özəl şirkətlərin rəhbərləri qaliblərə və fərqlənənlərə  mükafatlar və diplomlar təqdim ediblər.

Konfransda müzakirələrin yekunu olaraq təkliflərin  hazırlanacağı və hökumətə təqdim ediləcəyi  də vurğulanıb.
 
 
 Məlumat üçün bildirək ki, Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilən "Startup Azərbaycan" layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının  İnkişafı Dövlət Fondu, "Elektron hökumət" portalının operatoru - MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir.

"Startup Azərbaycan"-ın Akademik partnyoru  ADA Universitetidir. 

"İnfiPro", "SİNAM",  "Cybernet", "Fabrika Kovirkinq" Mərkəzi  və "Happy Baku" şirkətləri də "Startup Azərbaycan"-a dəstək verirlər.
 
 



Baxış sayı: 935

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024