12px13px15px17px
Tarix:16/05/15

Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş foto-sərgi nümayiş olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı öncəsi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illiyinə həsr olunmuş foto-sərgi nümayiş olunub.
 
Sərgidə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, Təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov və digərləri iştirak ediblər.
 
AMEA-nın akademik katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev foto-sərginin 3 hissədən ibarət olduğunu bildirib.  O qeyd edib ki, qısa məlumat xarakterli infosərgidə BTİ-nin 150 illiyi, Azərbaycan Telefon Rabitəsinin yaradılmasının 134 illiyi və "Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası"nın 10-cu ildönümü ilə bağlı stendlər yer alıb.
 
İlk hissədə BTİ-nin keçdiyi inkişaf yolunu əks etdirən fotolar nümayiş olundu. R.Əliquliyev məlumat verərək 1865-ci ilin may ayının 17-də Parisdə Beynəlxalq Teleqraf İttifaqının əsasının qoyulduğunu və 1932-ci ildən Beynəlxalq Telekommunikasiya İttifaqı adlandırıldığını diqqətə çatdırıb. Təşkilatın yaranma tarixinin 2006-cı ildə BMT tərəfindən Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi təsis edildiyini söyləyib.
 
BTİ-nin şərəfli yol keçdiyini bildirən akademik bu il dünya ictimaiyyəti tərəfindən təşkilatın 150 illiyinin qeyd olunduğunu və Azərbaycanın bu mötəbər tədbirdə Qızıl Tərəfdaş kimi çıxış etdiyini vurğulayıb.
 
Azərbaycan Telefon Rabitəsinin yaradılmasının 134 illiyinə həsr olunmuş guşə böyük marağa səbəb olub. Akademik Telefon Rabitəsinin 1876-cı ildə dünyada, 1881-ci ildə isə Azərbaycanda yaradıldığını nəzərə çatdırıb. R.Əliquliyev bildirib ki, Azərbaycan Telefon Rabitəsinin keçdiyi 134 illik tarixi yolu əks etdirən fotolar, həmçinin 2014-cü ilin dekabr ayının 4-də orbitə buraxılan Qafqazda yeganə peyk operatoru "Azərkosmos"un fotoları ölkəmizin sürətlə inkişaf etdiyinin göstəricisidir.
 




Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının 10-cu ildönümü ilə əlaqədar hissədə 2007-2015-ci illər ərzində bilik yarışında iştirak edən ali təhsil müəssisələrinin və komandaların sayının artımını göstərən statistika və digər fotolar nümayiş olunub.
 
R.Əliquliyev "Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası"ndan söz açaraq müsabiqənin AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Heydər  Əliyev  Fondu, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirildiyini qeyd edib.
 
Sonda akademik  ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin informatika kafedraları ilə bu kimi tədbirlərin həyata keçirilməsi məqsədilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini vurğulayıb.
 
Sərgi zamanı həmçinin BTİ-nin 150 illik yubileyi ilə bağlı video çarx nümayiş olunub.
 



Baxış sayı: 1799

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024