12px13px15px17px
Tarix:16/05/15

Nazir mətbuat nümayəndələrinin suallarını cavablandırıb (VİDEO)

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Sumqayıt şəhərində (Sumqayıt, Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz) vətəndaşları qəbul edib. Qəbul başa çatdıqdan sonra nazir mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
 
 
 Cənab nazir, görüşdə təhsil haqlarının ödənilməsi ilə bağlı maraqlı məqamlara toxundunuz. Bu məsələyə daha geniş münasibət bildirməyinizi xahiş edərdik.

İndiyə qədər keçirdiyimiz görüş və qəbulların analizi göstərir ki, təhsil haqlarının ödənilməsi məsələləri ilə bağlı bizə edilən müraciətlər ümumi müraciətlərdə üstünlük təşkil edir. Əsasən övladları ödənişli əsaslarla ali təhsil müəssisəsinə daxil olan valideynlər bu ödənişləri qarşılamaq qabiliyyətində olmadıqlarını, buna güclərinin çatmadığını bildirirlər. Universitetdə çox yaxşı oxuyan, amma ödəmə qabiliyyəti olmadığı üçün tələbənin təhsil müəssisəsindən xaric edilməsi də düzgün olmazdı. Ona görə də biz keçirilən görüşlər və son qəbullardan sonra Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təklif irəli sürmək qərarına gəlmişik. Ödənişli ixtisasları seçəcək abituriyentlərin təhsil haqlarını qaytarma qabiliyyəti qəbul olunacaqları ali təhsil müəssisələri tərəfindən əvvəlcədən araşdırılmalıdır. Bu gün kreditlərin verilməsi və bank əməliyyatlarının rəsmiləşdirilməsində çox yaxşı təcrübə tətbiq olunmaqdadır. Belə ki, "Elektron hökumət" portalında hər bir vətəndaşın fərdi məlumatları, o cümlədən gəlirləri haqda ətraflı məlumat bazası toplanılıb. Kredit müraciətləri zamanı vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsindən istifadə olunur. Vahid portalda toplanan bu məlumatlar kreditin qaytarma qabiliyyətinin əvvəlcədən araşdırılmasına da imkan verir. Əgər universitet tələbəni qəbul edirsə, onun təhsil haqqını ödəyib-ödəyə bilməyəcəyini də bilməlidir. Tələbə təhsil ödənişlərini qarşılaya bilmirsə, bu maliyyələşdirmə müəyyən qrantlar, dövlətin təsis etdiyi müvafiq fondlardan vəsait cəlb edilməklə ödənilməlidir. Belə olarsa, o zaman problem də yaranmayacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq, biz bu gün mühəndis-texniki ixtisasları seçən tələbələrə müəyyən qədər kömək edirik. Amma analizlərimiz göstərir ki, ödənişləri qarşılaya bilməyən şəxslərə bu yolla kütləvi şəkildə yardım etmək mümkün deyil. Ən doğrusu, tələbənin ali məktəbə daxil olub təhsil alacağı dörd il müddətində ödəyəcəyi vəsaitlərin mənbəyi əvvəlcədən araşdırılmalıdır.  

 Cənab nazir, bəlkə "Azərpoçt" MMC tərəfindən mikrokreditlərin verilməsinin reallaşması bu vəziyyətdən çıxış yolu ola bilər?
 
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə texnoloji inkişafın təmin edilməsi məqsədilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb. Bu fondun fəaliyyət istiqamətlərində belə qrantların ayrılması da yer alır. Bu gün müasir ölkələrin təcrübəsində də bu var: əgər kim isə ali təhsil müəssisəsinə qəbul olmaq istəyirsə, ilk növbədə qrant üçün müraciət edir, bunu qazanandan sonra isə universitetə qəbul olunur. Biz də bu təcrübədən istifadə etməliyik. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaxın vaxtlarda belə bir elan verəcək. Güclü biliyə malik tələbələrə müvafiq qarantlar ayrılacaq və o qrant yalnız tələbənin təhsil haqlarını ödəməsi üçün veriləcək. Bu qrantların əsasən dəqiq elmlər, mühəndis ixtisaslarını seçən tələbələrə verilməsi nəzərdə tutulur. "Azərpoçt"a gəlincə, güzəştli qaydada mikrokreditlərin verilməsi ilə bağlı MMC-nin layihəsi reallaşarsa, bu vəsaitlərin ilk növbədə kənd və rayon yerlərində kiçik sahibkarlığın inkişafının dəstəklənməsinə yönəldilməsi nəzərdə tutulur.
 
Əli müəllim, qəbul zamanı əməkhaqqı məsələlərinə toxundunuz. Baxmayaraq ki, rabitə mürəkkəb sahədir, amma bu sahədə çalışanların əməkhaqqısı yüksək deyil. Buna fikrinizi bilmək istərdik.

Ümumiyyətlə, Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində çalışan əməkdaşların - mən həm dövlət, həm də özəl müəssisələri nəzərdə tuturam - orta əməkhaqqısı təxminən 700 manata yaxındır. Bu, az rəqəm deyil. Müəssisələri özəl və dövlət müəssisələri olmaqla qruplaşdırsaq, özəl müəssisələrdə əməkhaqqıları təxminən 1200-1300 manat, dövlət müəssisələrində isə orta əməkhaqqı 400 manata yaxındır. Amma bu gün dövlət müəssisələri arasında aktiv fəaliyyət göstərənlər var. Məsələn, telekommunikasiya müəssisələri olduqca fəaldır. Buna baxmayaraq, poçt sahəsi müəyyən qədər geri qalır. Düzdür, son illər "Azərpoçt"da əməkhaqqılar hər il 10-12 faiz artır, amma bu artımla  yenə də təxminən  200 manat ətrafındadır. Ona görə də poçt sisteminin modernləşdirilməsi məqsədilə "Azərpoçt"a investisiya qoymaq fikrindəyik. Bu istiqamətdə Dünya Bankı, Mərkəzi Bank ilə aparılan danışıqlar da artıq bitir. Proses müsbət yekunlaşarsa, biz poçta böyük investisiyalar cəlb edəcəyik. Bu investisiyaların nəticəsində isə yeni xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bunlar əsasən bank-maliyyə, elektron kommersiya xidmətlərinin genişləndirilməsidir. Bu xidmətlərin göstərilməsi gəlirlərin artmasına imkan verəcək, bunun hesabına isə biz "Azərpoçt"da əməkhaqqının qaldırılmasına nail olacağıq.

Cənab nazir, qarşıdan gələn I Avropa Oyunlarına hazırlıq prosesi də artıq  yekunlaşır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərinə düşən müvafiq vəzifələr necə yerinə yetirilib?
 
Artıq bir aydan sonra Bakı şəhərində birinci Avropa Oyunlarının açılış mərasimi keçiriləcək və bu oyunlar iki həftə davam edəcək. Bütün sahələrdə olduğu kimi, Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatına tam hazırıq. Oyun və təşkilati məkanların dayanıqlı və yüksəksürətli internet, mobil rabitə xidmətləri ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Nazirliyin vəzifələri sırasına oyunların təşkili ilə bağlı tələb olunan radiotezliklərin ayrılması və müdafiəsinin təmin edilməsi də daxildir. Bütün bu işləri biz artıq hazır vəziyyətə gətirmişik və bir neçə dəfə sınaq prosesləri də həyata keçirilib. Eyni zamanda Qafqazın ilk və yeganə peyk operatoru olan "Azərkosmos" "Bakı 2015"-in rəsmi peyk yayım təchizatçısı elan edilib və "Azerspace-1" bu Oyunların dünyada yayımını təşkil edəcək 4 peykdən biridir. Hesab edirik ki, I Avropa Oyunlarının gedişatında telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatla bağlı heç bir problem olmayacaq.
 
 



Baxış sayı: 1012

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024