12px13px15px17px
Tarix:21/05/15

Azərbaycanda ilk dəfə olaraq Kosmik Hava Mərkəzi yaradılır

 Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, rəsədxananın ərazisində inşa olunan Kosmik Hava Mərkəzinin səkkizguşəli binasının tikintisi artıq yekunlaşıb. Mərkəzin bu ilin sonuna kimi tam şəkildə işə başlayacağı gözlənilir.
 
"Trend"in məlumatına görə, mərkəzin binasının damı antena və digər qəbuledici cihazların yerləşdirilməsi üçün xüsusi şəkildə düzəldilib. Binanın daxilində - döşəmədə isə maqnitometrin qoyulması üçün xüsusi bir "yuva" da nəzərdə tutulub. Maqnitometr Yerin maqnit sahəsini fluktuasiya edən komponentini ölçməyə imkan verəcək.
 
E.Babayev deyib ki, mərkəzə kosmik hava monitorinqi ilə bağlı ən müasir cihazların gətirilməsi nəzərdə tutulur. Artıq bir neçə cihaz mövcuddur. Hazırda ABŞ-ın Stenford Universitetindən gətirilmiş çox aşağı tezlikli (VLF) elektromaqnit dalğalarını qəbul edən cihaz uğurla işləyir.
 
Rəsədxananın direktor müavininin sözlərinə görə, belə cihazların şəhər mühitindən uzaqda yerləşdirilməsinin böyük əhəmiyyəti var. Çünki belə cihazlar, adətən, böyük şəhərlər daxilində, hətta onun ətrafında yerləşdirilərsə, texnogen xarakterli təsirlər düzgün elmi nəticələrin ortaya çıxmasına mane olur.
 
E.Babayev qeyd edib ki, bu mərkəz həm kosmik hava sahəsində elmi məsələlərin araşdırılması, həm də elmin kütləviləşdirilməsi istiqamətində mühüm rol oynaya bilər. Mərkəz fəaliyyətə başladıqdan sonra Günəşdə baş verən prosesləri, alışmaları, Günəşdən olan tac atılmalarının, geomaqnit qasırğalarının təsirlərini real şəkildə izləmək mümkün olacaq. Bunlar isə düzgün olmayan elmi məlumatların yayılmasının qarşısını alacaq.
 
Onun sözlərinə görə, son 30-40 il ərzində formalaşan kosmik hava termini Günəşdə baş verən dəyişiklikləri, əsasən, Günəş fəallığını, Günəş fəallığının təzahürləri olan geomaqnit fəallığını, kosmik şüalar fəallığını, bunların planetlərarası fəzada, xüsusi halda isə Yerüstü və Yerətrafı fəzada fəaliyyət göstərən texnoloji sistemlərə, Yer üzərində olan bütün bioloji sistemlərə, o cümlədən insana təsirini özündə ehtiva edən böyük bir anlayışdır. Mərkəz tərəfindən kosmik hava proqnozlarının verilməsi Günəşdə baş verən dəyişikliklərin adıçəkilən sistemlərə olan təsirlərini minimuma endirə biləcək.
 
Kosmik texnologiyaların inkişafı ilə bu sahəyə marağın getdikcə artdığını deyən E.Babayev bildirib ki, Günəşdə baş verən dəyişikliklərlə bağlı Azərbaycanda kompleks şəkildə işlər yalnız son 10-15 il ərzində aparılmağa başlanıb. Hazırda Azərbaycanda bu sahədə demək olar ki, məktəb yaranıb.


 



Baxış sayı: 598

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024