12px13px15px17px
Tarix:26/05/15

Bakıda “Robototexnika və Mühəndislik” Təhsil Mərkəzi açılıb

Bakı Modern Məktəbində "Robototexnika və Mühəndislik" Əlavə Təhsil Mərkəzinin açılış mərasimi olub.

Tədbirdə informasiya texnologiyaları (İT) sahəsi üzrə mütəxəssislər, özəl və ictimai qurumların nümayəndələri iştirak ediblər. İKT üzrə direktor müavini Gülnarə Səlimovanın rəhbərliyi və təşkilatçılığı ilə məktəbin şagirdləri informatika müəllimləri ilə birlikdə hazırladıqları robot və lego-konstruksiyalarını nümayiş etdiriblər. Sonra müzakirələr Dəyirmi Masada davam etdirilib.

Məktəbin direktoru Gülarə Əfəndiyeva çıxış edərək məktəbdə İKT sahəsində 3 il ərzində görülən işlər haqqında məlumat verib. Bu sahədə nailiyyətlərin əldə olunması üçün maddi və mənəvi dəstəyin zəruriliyini vurğulayıb.

Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə bildirib ki, İKT-nin təhsildə tətbiqi sahəsində əldə edilən nailiyyətlər Azərbaycanda bu sahənin inkişafı üçün kifayət qədər resursun olduğunu göstərir. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək şagirdlər tərəfindən hazırlanmış robot sərgisini yüksək qiymətləndirib. O, ölkənin inkişafında vacib rola malik İT mütəxəssislərinin formalaşması baxımından bu kimi tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Dəyirmi Masada çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyev AMEA-da təhsilin informasiyalaşdırılması istiqaməti üzrə aparılan elmi-tədqiqat işlərindən söz açıb. O, AMEA rəhbərliyi və dövlət tərəfindən İKT-nin inkişafına xüsusi diqqət göstərildiyini bildirib, "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın əhəmiyyətini vurğulayıb.

Şöbə müdiri qeyd edib ki, innovasiyalı iqtisadiyyatın, bilik və informasiya cəmiyyətinin formalaşdığı müasir dövlət və cəmiyyət quruculuğunda İKT-yə, xüsusilə də robototexnikaya geniş yer ayrılması olduqca vacibdir.


Daha sonra Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin Data Mərkəzinin nümayəndəsi Orxan Abbasov, informatika.az saytının rəhbəri Naidə İsayeva, "Bakı" nəşriyyatının müdiri Zaur İsayev, Milli Aviasiya Akademiyasının nümayəndəsi Fuad Dadaşov, "Edumedia Azərbaycan" təşkilatının direktoru Elxan Əzizov, Ombudsman Aparatının baş mütəxəssisi Anara Novruzova və digərləri bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.

Tədbirdə "Robototexnika və Mühəndislik" Əlavə Təhsil Mərkəzinin daha da genişləndirilərək şagirdlər üçün texnoparka çevrilməsi ilə bağlı təkliflər səsləndirilib.



Baxış sayı: 1092

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024