12px13px15px17px
Tarix:26/05/15

İKT xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirilir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Respublika Ağsaqqallar Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş “Respublikanın ictimai-siyasi həyatında Azərbaycan Milli Elmlər Akademiyası, Respublika Ağsaqqallar Şurası və gənc alimlərin rolu” mövzusunda toplantı keçirilib.
 
Akademiyadan qeyd edilib ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Onun bütövlükdə Azərbaycanın dövlətçilik ənənələrinin qurulmasında, müstəqilliyinin və iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində müstəsna xidmətləri olduğunu xatırladıb:
 
“Azərbaycanın elm və təhsilində hökm sürmüş durğunluq dövrlərində Heydər Əliyevin yenidən hakimiyyətə dönüşüylə bütün sahələrdə olduğu kimi, AMEA-nın da fəaliyyətində canlanma baş verib, yeni istiqamətlər müəyyənləşib. Elm və kadr potensialının yüksəldilməsini təmin etmək üçün tədbirlər həyata keçirilib”.
 
 
Sonra Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. İctimai-siyasi həyatda respublika ağsaqqallarının rolu” mövzusunda, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında Milli Elmlər Akademiyasının rolu” mövzusunda çıxış edib.
 
 
Daha sonra tədbirdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edib. Bildirib ki, elm, təhsil və iqtisadiyyatı əhatə edən sistemli siyasətin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyaları son illər sürətlə inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin bir hissəsinə çevrilib. Bu siyasətin tərkib hissəsi kimi Azərbaycanda informasiya texnologiyaları sektorunun inkişafının geniş vüsət alması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
 
 
Bu gün də Azərbaycanda biliklər iqtisadiyyatının bərqərar olmasında İKT sahəsində böyük nüfuza malik ölkələrin təcrübəsindən bəhrələnərək respublikamızda informasiya və bilik bazasının formalaşmasına və inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, İKT xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirilir.
Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov respublikanın ictimai-siyasi həyatında gənc alimlərin rolundan danışıb. Azərbaycan gənclərinin yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında ulu öndərin xidmətlərindən bəhs edib.
 
 
Daha sonra tədbirdə çıxış edənlər dahi rəhbər Heydər Əliyev haqqında öz fikir və mülahizələrini bölüşüb, onun əsasını qoyduğu məqsədyönlü siyasətin və ənənələrin uğurla davam edəcəyinə əminliyini ifadə edib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 573

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024