12px13px15px17px
Tarix:26/05/15

Elektron arayışların daha geniş şəkildə tətbiqi məsələləri müzakirə edildi

Arayışlar hüquqi sənəd olaraq subyekt barədə müvafiq informasiyanı təsdiqləmə vasitəsi kimi ölkəmizdə demək olar ki əksər fəaliyyət sahələrində tətbiq olunur. Real faktdır ki, kağız üzərində olan ənənəvi arayışların (həmçinin, bu qisimdən olan bütün sənədlərin) əldə olunması zamanı yaşanan qayğıların aradan qaldırılması öz həllini çoxdan gözləməkdə idi. "Elektron Hökumət" infrastrukturunun yaradılması ilə bu tip, ilk baxışdan kiçik görünən lakin ətraflı təhlil etdikdə mühüm sosial tıxac, maneə xarakteri daşıyan qayğıların tamamilə aradan qaldırılmasına münbit şərait yarandı.
 
 
"Elektron hökumət" portalının operatoru - RYTN-nin Məlumat Hesablama Mərkəzi ötən ildən mövcud informasiya resurlarını və texniki imkanları birləşdirərək portal üzərindən vətəndaşlara elektron arayışların formalaşdırılması xidmətini təqdim etdi. Bu xidmət qısa müddət ərzində bütün vətəndaşlar tərəfindən yüksək qiymətləndirildi və "Elektron arayışlar”-ın çeşidi və istifadə dinamikası hər ötən gün artmaqdadır. Hazırda "Elektron Hökumət” portalı vasitəsilə vətəndaşlara aşağıdakı 9 növdə e-arayışlar təqdim edilir: 
      
* Diplom haqqında arayış
 

* Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış

* Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış
 

* Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış
 

* Yaşayış yeri haqqında arayış

* İş yerinə dair arayış
 

* Vətəndaş haqqında "Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən çıxarış

* Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında e-arayış

* Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında e-arayış
 
"Elektron Hökumət” portalı vasitəsilə təqdim edilən arayışlar portal tərəfindən e-imza ilə imzalandığından, eyni zamanda QR-kod və ştrix kodla təsdiqləndiyindən "Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”nun 24.4 bəndinə əsasən, portal tərəfindən formalaşdırılan elektron arayışlar eyni məzmunlu kağız üzərində olan arayışlarla bərabər hüquqi qüvvəyə malikdirlər.
 
Qeyd edək ki, bütün e-arayışlara portal tərəfindən unikal İD kod verilir və portalda "Elektron arayışların yoxlanılması” e-xidməti vasitəsilə İD kod, QR-kod və ştrix kod vasitəsilə arayışın həqiqiliyini yoxlamaq mümkündür.
 
Yuxarıda qeyd edildiyi kimi e-arayışlardan istifadə dinamikası hər ötən gün artmaqdadır. İlk e-arayışların istifadəyə verilməsindən 6 aya yaxın vaxt keçməsinə baxmayaraq, banklar tərəfindən 130 minə yaxın vətəndaşa e-arayışlar əsasında müxtəlif kreditlər verilib.
 
Əksər arayışların istifadəyə verilməsindən 1-2 ay keçməsinə baxmayaraq,statistikaya nəzər saldıqda, həmin arayışlardan da xeyli istifadə olunduğunun şahidi oluruq.

Amma, qeyd etmək lazımdır ki, əgər e-arayışların təbliğatı yüksək səviyyədə aparılsa və bütün qurumlar təqdim edilən e-arayışları maneəsiz qəbul etsələr, e-arayışlardan istifadə bəlkə də 100 dəfələrlə çox olar.
 
 
Qeyd olunan məsələlər bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısında müzakirə edilib.

Tədbirdə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, ASAN xidmətin şöbə müdiri Ceyhun Salmanov, MHM-in şöbə müdiri İlqar Abdullayev, QHT-lərin nümayəndələri və mütəxəssislər iştirak ediblər.
 



Baxış sayı: 1146

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024