12px13px15px17px
Tarix:30/05/15

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin I Avropa Oyunlarına hazırlıq vəziyyəti - telekommunikasiya xidmətləri yüksək səviyyədə təşkil olunacaq

Hər ötən gün bizi I Avropa Oyunlarına bir addım da yaxınlaşdırır. Açılışına sayılı günlər qalan nüfuzlu tədbirin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə digər qurumlarla yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) üzərinə də mühüm vəzifələr düşür.



Bu vəzifələrin icrası rabitə və yüksək texnologiyalar nazirinin rəhbərliyi və nəzarəti ilə yerinə yetirilir.



 

Telekommunikasiya xidmətlərinin təşkili üzrə aparılan işlər hər ay müzakirə edilib

 

Eyni zamanda, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış İşçi Qrupu Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatı üçün ayda bir dəfə iclas keçirilməklə tədbirlər görülüb və bu işlər başa çatdırılıb. Həmçinin "Bakı 2015" Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BAOƏK) dövlət orqanları ilə yüksək səviyyədə səmərəli əməkdaşlığın qurulması və tərəflərin birgə fəaliyyət prosesinə uyğunlaşdırılması məqsədilə yaradılmış İnteqrasiya Qrupunun iclaslarında iştirak edilir. İclaslarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq kabellərin mühafizəsi, RYTN-ə aid işlərin təşkili səviyyəsi və digər əlaqədar məsələlər müzakirə edilir.
 

İnteqrasiya Qrupunun "Oyunlar əməliyyatları həyatında bir gün" adlı "dəyirmi masa" təlimlərində oyunların bir günündə bir sıra ehtimal oluna bilən hadisələr simulyasiya edilir və oyunlara nəzarət edən əməliyyat qruplarının bu hadisələrə reaksiyası və tədbirləri müşahidə edilərək qrupların Oyunlar zamanı öz funksiyalarının icrasına hazırlıqları yoxlanılır.

 

Oyunların keçiriləcəyi məkan və təşkilati binalar BAOƏK-in tələbatına uyğun dayanıqlı və alternativ optik kabellərlə təchiz edilib

 

"Bakı 2015" I Avropa Oyunları ilə bağlı RYTN-in üzərinə düşən rabitə ilə bağlı tələblərə gəlincə, rabitə xidmətlərinə olan tələbatlar Bakı Avropa Oyunları Əməliyyat Komitəsi ilə RYTN-də mütəmadi müzakirələr nəticəsində müəyyənləşdirilib. I Avropa Oyunlarının keçiriləcəyi oyun məkanlarının və təşkilati binaların BAOƏK-in tələbatına uyğun dayanıqlı və alternativ optik kabellərlə təchiz edilməsinə dair layihələr əsasında və tələbata müvafiq olaraq, ümumilikdə 288 km optik kabelin çəkilişi, montaj və ölçü işləri başa çatdırılıb.
 

Mingəçevir şəhərində keçiriləcək kanoe-sprint idman yarışının yayımının və digər telekommunikasiya xidmətlərinin təşkili üçün əsas və alternativ yollarla "Kür" idman mərkəzindən BAOƏK-in data mərkəzlərinə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və "Azərenerji" ASC-nin optik resurslarından da istifadə etməklə rabitə təşkil edilib.

 

Radiorabitə xidmətlərinin təşkili təmin edilib

 

Eyni zamanda, Bakı telefon şəbəkəsində çəkilmiş optik kabellərin monitorinqi üzrə yeni sistem alınıb, quraşdırılıb.
 

Oyun və təşkilati məkanların dayanıqlı və yüksəksürətli internet rabitəsi ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Həmçinin, Radiorabitə xidmətlərinin təşkili təmin edilib.

 

Mobil rabitənin təşkili

 

I Avropa Oyunlarının təşkili üçün rabitə sahəsində görüləcək digər işlərə oyun və təşkilati məkanların mobil rabitə xidmətləri ilə təmin edilməsi də daxildir.
 

"Azercell Telekom" MMC tərəfindən Milli Gimnastika Arenası və Olimpiya Stadionunda, "Bakcell" MMC (Azərkonnekt) tərəfindən Su İdmanı Mərkəzi və Heydər Əliyev adına İdman Arenasında yeni binadaxili mobil rabitə sistemi quraşdırılaraq məkanlar mobil rabitə xidmətləri ilə təchiz edilib. Quraşdırılan daxili mobil rabitə sistemlərindən hər üç operatorun istifadəsi nəzərdə tutulub. Digər oyun və təşkilati məkanlarda mobil rabitə sistemlərinin fəaliyyəti təşkil edilib.
 

Eyni zamanda, sosial layihələrdə yaxından iştirak edən "Nar" şirkəti ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi çıxış edir.


 

Zərurət yaranarsa, istifadədə olan radiotezliklər qısa müddətə müvəqqəti boşaldılacaq

 

Nazirliyin vəzifələri sırasına Oyunların təşkili ilə bağlı tələb olunan radiotezliklərin ayrılması və müdafiəsinin təmin edilməsi də daxildir. I Avropa Oyunlarının keçiriləcəyi məkanlar və təşkilati binalarda istifadəsi üçün tələb olunan radiotezliklər artıq müəyyən edilib.

Tələb olunan radiotezliklərin Radiotezliklər üzrə Dövlət Komissiyası və Dövlət Radiotezliklər İdarəsi tərəfindən inventarizasiya olunaraq, boş radiotezliklərin ayrılması və zərurət yaranarsa, istifadədə olan radiotezliklərin qısa müddətə müvəqqəti boşaldılaraq Оyunların keçiriləcəyi vaxt ərzində ayrılması da nəzərdə tutulur.


 

Radiotezliklərin müdafiəsinin təşkili üçün alınmış avtomobillər xüsusi avadanlıqlarla təchiz edilib

 

Radiotezliklərin müdafiəsinin təşkili ilə bağlı mobil sistemlər üçün xüsusi təchiz edilmiş 5 xüsusi avadanlıqla təchiz edilmiş avtomobil alınıb. Buraya həmçinin, mobil sistem üçün yüksək radiotezlikli qəbuledici və analizatorlar, müxtəlif tip antenfider dəstləri, analizatorların yüksək tezlikli antenalarla uzlaşmasını təmin edən modullar, portativ analizatorlar daxildir. Qeyd olunan nəqliyyat vasitələri və texniki avadanlıqların istifadəsində işləyəcək qruplara treninqlər keçirilib.
 

 

RYTN-in üzərinə düşən daha bir vəzifə - TV yayımının etibarlı təşkili

 

Oyunlar zamanı məkanlara və eləcə də məkanlardan TV yayımının etibarlı şəkildə təşkili üçün optik kabellərlə təminat RYTN-in üzərinə düşən vacib məsələlərdəndir. Bu məqsədlə oyun və təşkilati məkanlardan birbaşa TV yayımının təşkili üçün şəbəkənin qurulması işləri başa çatdırılıb.


Eyni zamanda oyun məkanlarındakı yarışların yayımının Beynəlxalq Yayım Mərkəzinə optik kabellər vasitəsilə ötürülməsi və "Azərspace-1" peyki vasitəsilə yayımının təşkili də təmin ediləcəkdir.
 

 

Kibertəhlükəsizlik risklərinə qarşı ciddi qabaqlayıcı tədbirlər də nəzərdə tutulur

 

Oyunlardan öncə və Oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə İnformasiya Təhlükəsizliyi İdarəetmə Qrupu yaradılıb və Qrupun iclaslarında RYTN-in nümayəndələri də iştirak edir. Məlumatların qorunması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi, Oyunların keçirildiyi dövrdə dövlət əhəmiyyətli saytların müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir. Həmçinin "Baku 2015" üzrə internetin təşkilində bulud sistemindən istifadə edir. Müvafiq saytlar nəzarətdə saxlanılır, kibertəhlükəsizlik riskləri və hər hansı hazırkı, yaxud gələcək təhlükələr üzrə qabaqlayıcı tədbirlərin görülməsi də nəzərdə tutulur.
 

 

İlk Avropa Oyunları markalarda

 

Oyunlara həsr edilmiş poçt markasının hazırlanması və istifadəsi də qarşıda duran mühüm məsələlərdən biridir. Bu məqsədlə, "Azərmarka" tərəfindən "Bakı 2015" I Avropa Oyunlarının rəsmi loqosundan istifadə etməklə markaların hazırlanmasında istifadəyə dair BEGOC-la razılaşma əldə olunub və artıq markaların I və II blokları təqdim edilib. Qeyd olunanlardan əlavə olaraq, müxtəlif açıqca, buklet və Oyunlarla bağlı kitabçalar da hazırlanıb.
 

 

Bakı - tarixdə ilk Avropa Oyunlarını keçirmək hüququ qazanmış şəhər

 

"Bakı 2015" miqyasına görə dünyanın nüfuzlu tədbirlərindən biridir. Avropa Oyunları Avropanın hər yerindən gələn 6,000-dən çox idmançı arasında keçiriləcək çoxşaxəli idman yarışıdır. Oyunlar Avropa Olimpiya Komitələri (AOK) tərəfindən hazırlanıb və idarə edilir. İlk Avropa Oyunlarının keçirilməsi haqqında qərar 8 dekabr 2012-ci il tarixində Avropa Olimpiya Komitələrinin 41-ci Baş Assambleyasında verilib. 49 Milli Olimpiya Komitəsinin iştirak etdiyi görüşdə tarixdə ilk Avropa Oyunlarını keçirmək hüququ Azərbaycanın paytaxtı Bakı şəhərinə verilib.

Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq miqyasda ölkəmizin bu mötəbər tədbirə uğurla ev sahibliyi edə biləcəyinə qəti əminlik yaradıb.
 

 

2015-ci ildən etibarən hər bir qitənin Olimpiya ənənələrinə uyğun qitə Oyunları olacaq

 

Avropa Oyunları Asiya Oyunları, Pan-Amerika Oyunları, Ümum-Afrika Oyunları və Sakit Okean Oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır. BAOƏK-dən qeyd edilib ki, 2015-ci ildən etibarən hər bir qitənin оlimpiya ənənələrinə uyğun qitə Oyunları olacaq. Avropa Oyunlarında on altısı оlimpiya və dördü qeyri-оlimpiya olmaqla cəmi 20 idman növü təmsil olunacaq.

Ümumilikdə 253 medal uğrunda mübarizə aparılacaq. Kamandan oxatma, atletika, voleybolu, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və güləş daxil olmaqla 12 idman növü üzrə "Rio 2016" Yay Olimpiadasına təsnifat imkanları veriləcək.
 

 

I Avropa Oyunlarının proqramına 20 federasiyanın birləşdirdiyi 36 idman növü daxil edilib

 

I Avropa Oyunlarının 2015-ci ilin 12-28 iyun tarixində keçirilməsi nəzərdə tutulub. Bu Oyunlarda Avropa Olimpiya Komitəsinə üzv olan 56 ölkəyə iştirakı haqqında dəvət göndərilib. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 6 min nəfərədək idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə heyətinin sayının təxminən 2000 nəfər olması gözlənilir.


Tədbirin işıqlandırılması üçün Bakıda 2 min nəfərədək beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı gözlənilir. Gənclər və İdman Nazirliyindən bildirilib ki, Avropa Olimpiya Komitəsi və Avropa İdman фederasiyaları ilə ilkin razılaşmaya əsasən I Avropa Oyunlarının proqramına 20 federasiyanın birləşdirdiyi 36 idman növü, bunlardan 29-u olimpiya proqramı, 7-cı isə qeyri-olimpiya proqramı üzrə daxil edilib.

 

Həqiqət İSABALAYEVA





Baxış sayı: 1814

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Oktyabr 2024

03 10 2024