Azad Rəhimov: “Bizim üçün İKT gənclərlə eyni dildə danışmaq üçün bir vasitədir”
Azərbaycan iyunun 12-dən 28-dək dünyanın ən mötəbər yarışına - İlk Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu qlobal idman tədbiri ölkəmizi dünyada bir daha tanıtmaqla yanaşı, turistlərin cəlb olunması, iqtisadiyyatımıza əlavə vəsaitlərin daxil olması, gələcəyə hesablanmış investisiya, Bakının dünyanın idman paytaxtına çevrilməsi baxımından olduqca əhəmiyyətlidir. Məhz bu səbəbdəndir ki, cəmiyyət yarışlara aktiv şəkildə hazırlaşır, dövlət qurumlarının hər biri üzərinə düşən öhdəlikləri layiqincə həyata keçirməyə çalışır.
Biz də "Rabitə dünyası" qəzeti olaraq Oyunlara informasiya dəstəyi göstərmək məqsədi ilə bu dəfə gənclər və idman naziri Azad Rəhimovla görüşüb həm Oyunlar ərəfəsi görülən işlər, həm də rəhbərlik etdiyi nazirlikdə elektron xidmətlərin tətbiqi istiqamətində həyata keçiriləm işlər barədə söhbətləşdik. A.Rəhimov qəzetimizə verdiyi eksklüziv müsahibəsində bildirdi ki, İlk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi məqsədi ilə hər bir detal ən incə məqamına qədər hesablanıb və əhatəli tədbirlər görülüb:
- İşlər öz axarı ilə davam edir. Bu gün biz tam əminliklə deyə bilərik ki, Bakı 2015 Avropa Oyunlarını keçirməyə tam hazırdır. İstər infrastruktur, istərsə də digər təşkilati məsələlər mütəxəssislərin tam nəzarəti altındadır. Ölkənin birinci xanımı, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə I Avropa Oyunları ilə əlaqədar aparılan işlər arasında idmançılar və rəsmi şəxslər üçün səmimi qarşılanmanı təmin etmək üçün hazırlıq prosesində heç bir detal gözdən qaçırılmayıb. Təbii ki, bundan öncəki 5 Yay və 4 Qış Olimpiya Oyunları zamanı topladığımız təcrübədən irəli gələrək hazırlıqlara başlamışıq.
Bildiyiniz kimi, bir çox məkanlarımız hazırdır və Oyunlar üçün sınaqdan keçirilir. 12 iyun tarixində baş tutacaq Oyunların açılışınadək, ümumilikdə, 35 sınaq tədbiri və yarışının keçirilməsi nəzərdə tutulurdu ki, bunlardan boks, güləş, atletika, gimnastika və digər idman növləri üzrə test yarışları artıq həyata keçirilib.
"Bakı 2015" Avropa Oyunlarında istifadə məqsədilə öncə cənab prezident İlham Əliyev və onun xanımı, "Bakı 2015" Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın başçılığı ilə yeni Üzgüçülük Hovuzu, Bakı Atıcılıq Mərkəzi, Olimpiya Stadionu, Bakı İdman Sarayı, İdman Konsert Kompleksi, BMX Velopark və Avropa Olimpiya Parkının açılış mərasimində iştirak ediblər.
Atletlər kəndinin yüksək səviyyədə inşası ilkin mərhələdə bizim əsas məqsədlərimizdən biri idi. Kənd 1072 otaq, 7351 yataq və bir mətbəxdən ibarət olacaq. Qeyd edək ki, bu, Avropanın ən böyük mətbəxidir və 80000 kq ərzaqla xidmət göstərəcək.
Əminəm ki, digər mötəbər tədbirlərə olduğu kimi, ölkəmiz I Avropa Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edərək, dünya ölkələrinə nümunə olacaq.
Gənclər və İdman Nazirliyinin fəaliyyətində "Elektron hökumət"in rolu barədə nə deyə bilərsiniz?
Gənclər və İdman Nazirliyinin rəsmi veb-saytında onlayn müraciət bölməsi yaradılıb. Onlayn müraciət bölməsinə təklif, ərizə, şikayət və tövsiyələr kimi alt bölmələr daxildir. İstifadəçilər onlayn müraciət bölməsinə daxil olaraq verilmiş müvafiq formanı doldurmaqla onları maraqlandıran mövzuda müraciət edə bilərlər.
Yerli və rayon gənclər və idman idarələrinin rəsmi internet səhifələri və e-mail ünvanları yaradılıb ki, bu da onların fəaliyyətini ictimaiyyətə çatdırması, edilən müraciətlərə operativ şəkildə baxılması üçün önəmli rol oynayır.
Məlumat üçün bildirim ki, nazirlikdə bəzi əməkdaşlara elektron imza, asan imza sertifikatları alınmışdır. Bütün əməkdaşların elektron sertifikatlarla təmin edilməsi nəzərdə tutulub. "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının və "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarının icrasını təmin edərək Gənclər və İdman Nazirliyi tərəfindən elektron xidmətlər təşkil edilib. Gənclər və İdman Nazirliyinin rəsmi internet saytında "Elektron xidmətlər" bölməsi yaradılıb. "Elektron xidmətlər" bölməsində nazirlik tərəfindən göstərilən elektron xidmətlər, həmçinin hər bir xidmətə uyğun inzibati reqlament və tələb olunan sənədlərin siyahısı yerləşdirilmişdir. İstifadəçilərin hər bir bölmədən sərbəst istifadəsi təmin edilib.
Nazirlik tərəfindən göstərilən elektron xidmətlərin "Elektron hökumət" Dövlət İnformasiya Sisteminin Elektron Xidmətlər Portalına inteqrasiyası məqsədi ilə texniki avadanlıqla təmin edilməsi istiqamətində bütün işlər görülüb. Elektron xidmətlərin Elektron Xidmətlər Portalına inteqrasiyası üçün Rabitə və Йцксяк Texnologiyalar Nazirliyi tərəfindən tələb olunan proqram təminatları quraşdırılmış və "http://www.e-gov.az" portalına qoşulma təmin olunub.
Nazirliyin təqdim etdiyi elektron xidmətlərdən istifadə sayı nə qədərdir və adətən vətəndaşlar daha çox hansı xidmətlərinizdən yararlanır?
Elektron xidmətlər haqqında danışarkən, mən diqqətinizə aşağıdakı bölmələri çatdırmaq istərdim:
- Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak etmək üçün müraciətin və sənədlərin qəbulu,
idman təsnifatına uyğun olaraq idman sahəsində fəxri adların verilməsi üçün müraciətin və sənədlərin qəbulu,
- Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsində iştirak üçün müraciətin və sənədlərin qəbulu,
- Gənclərin beynəlxalq tədbirlərdə iştirakı üçün müraciətin və sənədlərin qəbulu,
- Yarış məqsədli idman nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu,
- İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması üçün müraciətin və sənədlərin qəbulu.
Bu e-xidmətlər nazirlik tərəfindən göstərilən xidmətlərdir. Bundan başqa, "Yarış məqsədli idman nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu xidməti" də vardır. Hələlik bu xidmət aktiv deyil. Ən çox müraciət olunan xidmətimiz isə "Gənclərin beynəlxalq tədbirlərdə iştirakı üçün müraciətin və sənədlərin qəbulu" e-xidmətidir.
Nazirlik QHT layihələrinin qismən maliyyələşdirilməsini həyata keçirir. Bu layihələrə İKT sahəsi ilə bağlı layihələr də daxildir. Bu günə qədər nazirlik nə qədər belə layihəyə dəstək verib?
Əhalinin bütün digər demoqrafik qrupları ilə müqayisədə İKT gənclərin həyatında daha böyük yer tutur. Onlar İKT-dən təkcə informasiya mənbəyi deyil, eyni zamanda inkişaf, təhsil, məlumat və məsləhət, əyləncə, ünsiyyət və s. imkanlardan istifadə edir. Demək olar ki, internet gənclərin "həyat tərzinə" çevrilib.
Ona görə də nazirlik bu istiqamətə xüsusi diqqət göstərir, gənclər arasında İKT-dən düzgün istifadəni həm təbliğ, həm də təşviq edir. Bizim məqsədimizin formulası (düsturu) belədir: "Azərbaycan gəncləri İKT-nin passiv istifadəçi pilləsini ötüb, onu inkişaf etdirənlərə çevrilməlidirlər". Məhz buna görə də gənclər təşkilatlarının İKT sahəsində təşəbbüslərini, yenilikçi ideyalarını stimullaşdırmaq məqsədi ilə elan etdiyimiz qrant müsabiqəsində İKT ilə bağlı istiqamət xüsusi qeyd edilir.
İKT sahəsində 2012 və 2013-cü illərdə hər il 13 layihə dəstəkləndiyi halda, 2014-cü ildə 24 layihə dəstək almışdır. Bütövlükdə bu illərdə dəstəklənmiş 50 layihəyə dövlət büdcəsindən 725.592 manat ayrılmışdır. Bu layihələrdən "Xətdə" Gənclərin Sosial Şəbəkə Akademiyası", "Peşələri məsafədən seçək" distant məlumat məsləhət xidmətinin yaradılması", "İnformasiya texnologiyalarının gənclərin müasir həyatında rolu", "Azərbaycan Qəhrəmanları: virtual bələdçi", "İKT inkubatorları: İKT texnologiyaları sahəsində gənc mütəxəssislərin hazırlanması və laboratoriyaların yaradılması" və s. qeyd etmək olar.
Nazirliyin dəstəklədiyi layihələrlə İKT sahəsi üzrə hansı nailiyyətlər əldə olunub?
Nazirlik özü də İKT ilə bağlı bir neçə geniş və əhəmiyyətli layihəni həyata keçirir. İlk layihə hələ 2009-cu ildə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən MDB-yə üzv ölkələrin gənc rəssamları arasında "Məndə sığar iki cahan..." virtual məkanda müsabiqə olub. Müsabiqənin elan edilməsi, işlərin təqdimatı, qiymətləndirməsi - bunlar hamısı onlayn vasitə ilə həyata keçirilib. Bundan sonra biz yenə də MDB ali təhsil tələbələri arasında "İdeya var!.." onlayn müsabiqəsini keçirdirik. İndi bu layihə davamlı olaraq hər il keçirilir.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən "Virtual Qarabağ" layihəsinin əsas məqsədi Qarabağın tarixi, mədəniyyəti və ona edilmiş hərbi təcavüz haqqında məlumatları yazılı sənəd, foto, video və musiqi vasitəsilə əsasən xarici istifadəçiyə çatdırır (www.virtualqarabaq.az, www.virtualqarabaq.com, www.virtualqarabaq.org). 2012-ci ildən başlayaraq internet səsvermə vasitəsilə hər il Azərbaycanın bir rayon və ya şəhəri rəmzi "Azərbaycan Gənclər Paytaxtı seçilir". Xüsusi sayt vasitəsilə (www.genclerpaytaxti.az) hər ilin yanvar ayında aparılan səsvermədə 1 milyondan artıq insan səs verir. Qeyd etmək lazımdır ki, bu layihə onlayn səsvermə mədəniyyətinin inkişaf etdirilməsinə böyük töhfə verir.
Onu da qeyd edim ki, gənclərin sosial təşəbbüskarlığını və məsuliyyətini artırmaq, eyni zamanda onların innovativ ideyalarını vaxtında üzə çıxarmaq məqsədilə "Onlayn fikir bankı" layihəsi həyata keçirilir. Hər bir gənc öz ideyası haqqında "www.fikirbanki.az" saytına yaza və dəstək ala bilər.
2013-cü ildən başlayaraq nazirlik riyazi istedadlı yeniyetmə və gənci üzə çıxarıb, onların inkişafını dəstəkləmək məqsədilə hər il "İstedadların hazırlığı laboratoriyası" layihəsini həyata keçirir. Hər il keçirilən 3 onlayn olimpiadada fizika, riyaziyyat və kimya üzrə 2000-dək şagird öz biliklərini sınayır. Gələcəkdə bu resurs vasitəsilə fərdi distant təhsil imkanları genişləndiriləcək (www.istedad.az).
Bundan əlavə müxtəlif sahələrdə istedadlı gənclər haqqında dolğun məlumatların toplanması məqsədilə virtual məlumat bankı hazırlanıb. Hər bir gənc özü haqda məlumatı həmin banka təqdim etdikdən sonra, seçim kriterilərinə cavab verən gənclər barədə məlumat banka daxil olur (www.gencistedadbanki.gencler2011-2015.az).
Gənclərin İKT biliklərini və bu sahədəki fəaliyyətlərini necə qiymətləndirirsiniz?
Bütövlükdə demək bir qədər çətin olar. Çünki biz onların biliklərini qiymətləndirən qurum deyilik. Amma onu da qeyd etmək istərdim ki, bəzən onların bu sahədə bacarıqları doğrudan da, sözün yaxşı mənasında, təəccübləndirir. Mən tərəfimizdən dəstəklənən bir layihəni önə çəkmək istəyirəm. Bu, bir qrup ali məktəb tələbələri tərəfindən hazırlanmış "İşğal altında. Ağdam", "İşğal altında. Şuşa" adlı kompüter oyunlarıdır. Burada həm gənclərin İKT sahəsində biliklərini, həm də vətənpərvərlik hisslərini nümunə göstərmək olar.
Eyni zamanda onu qeyd edim ki, İKT sahəsində biliklərin əldə edilməsi - bu, hazırda gedən prosesdir. Dayanmaq, ləngimək və ya mövcud vəziyyətdən məmnun olub geridə qalmaq olmaz.
Sizin fəaliyyətinizdə internet, texnologiyalar hansı rola malikdir?
Kifayət qədər böyük. İnformasiya cəmiyyəti artıq baş vermiş bir faktdır. Dünyanı yaxınlaşdırmaq, ən yaxşı nümunələri tapmaq, sürətli və operativ şəkildə bir çox məsələləri həll etmək üçün İKT əvəzedilməzdir. Bizim üçün isə İKT gənclərlə eyni dildə danışmaq üçün bir vasitədir.
Müsahibə üçün təşəkkür edirik. Və son olaraq oxucularımızа nə demək istərdiniz?
Ümummilli lider Heydər Əliyevin yaratdığı Azərbaycan dövləti, müasir, proqressiv, enerjili Prezident İlham Əliyevin rəhbərliyi altında hərtərəfli inkişaf edir. O, sabit, dayanıqlı və gələcəyə inamla baxan, nüfuzlu ölkəyə çevrilir. Ümumi inkişaf ayrı-ayrı prioritet sahələrdə müvəffəqiyyəti təmin etdiyi kimi, ayrı-ayrı sahələrdə uğurlarımız ümumi gələcəyimizi müəyyənləşdirir. İstər sərmayə, Azərbaycan peykinin uçuşu, istərsə də Bakıda ilk Avropa Oyunlarının keçirilməsi və ya yeni nəslin inkişafı - bunlar hamısı vətənimiz Azərbaycanın uğurudur. Hamıya bu işdə uğurlar arzu edirəm.
Seymur Qasımbəyli
Baxış sayı: 1206
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır