12px13px15px17px
Tarix:01/06/15

Nazirlər Kabineti “Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnamə”ni təsdiq edib

Nazirlər Kabineti “Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnamə”ni təsdiq edib.

Əsasnaməyə əsasən Ekspertlər Şurası texnoparkın səlahiyyətli orqanı, dövlət elm və təhsil müəssisəsinin yanında yaradılan texnoparklarda isə həmin müəssisə (bundan sonra - dövlət elm və təhsil müəssisəsi) tərəfindən yaradılır və ictimai əsaslarla fəaliyyət göstərir.

Ekspertlər Şurasının əsas vəzifələri ərizəçilərin innovasiya layihələrinə və texnoparkda hazırlanmış texnologiyaların, elmi nəticələrin və innovativ məhsulların tətbiqi və istehsalı ilə əlaqədar texniki-iqtisadi əsaslandırmalara rəy vermək, səlahiyyətli orqan (dövlət elm və təhsil müəssisəsi) və idarəedici təşkilat tərəfindən müəyyən edilən digər vəzifələri icra etməkdir.

Ekspertlər Şurası öz vəzifələrini həyata keçirmək üçün texnoparkın ixtisaslaşmış fəaliyyət sahəsinin inkişafı və təkmilləşdirilməsi üzrə səlahiyyətli orqana (dövlət elm və təhsil müəssisəsinə) və idarəedici təşkilata təkliflər vermək, səlahiyyəti daxilində dövlət qurumlarından, elm və təhsil müəssisələrindən müəyyən olunmuş qaydada zəruri məlumatlar almaq, innovasiya layihələrinin ətraflı ekspertizasına ehtiyac olduğu təqdirdə, ixtisaslaşmış mütəxəssisləri (ekspertləri) cəlb etmək hüquqlarına malikdir.

Ekspertlər Şurası dövlət orqanlarının, elm, təhsil, investisiya, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil yerli və xarici ekspertlərin iştirakı ilə 7 nəfərdən ibarət tərkibdə təşkil edilir. Ekspertlər Şurasının fəaliyyətinin lazımi səviyyədə təşkil edilməsi səlahiyyətli orqan tərəfindən təmin olunur və Ekspertlər Şurasının üzvlərinin vəzifələrinin və hüquqlarının həyata keçirilməsi üzrə yaranan maliyyə xərclərini idarəedici təşkilat ödəyir. Ekspertlər Şurasının tərkibi səlahiyyətli orqan tərəfindən təsdiq edilir. Ekspertər Şurasının üzvlərinin səlahiyyət müddəti 2 ildir. Ekspertlər Şurasının üzvləri növbəti müddətlərə yenidən təyin edilə bilərlər.

Ekspertər Şurasının hər hansı üzvü (üzvləri) istənilən səbəbdən Ekspertlər Şurasının işində iştirak edə bilmədikdə və ya Ekspertlər Şurasının sədrinin təqdimatına əsasən Ekspertlər Şurasının tərkibindən kənarlaşdırıldıqda, səlahiyyətli orqan onun əvəzinə yeni üzv (üzvlər) təyin edir və bu təyinat barədə Ekspertlər Şurasının sədrini və idarəedici təşkilatı xəbərdar edir. Ekspertlər Şurasına səlahiyyətli orqan tərəfindən vəzifəyə təyin və azad edilən sədr rəhbərlik edir. Ekspertlər Şurasının iclaslarına sədrliyi Ekspertlər Şurasının sədri, iclasların təşkilini və işinin əlaqələndirilməsini isə Ekspertlər Şurasının katibi yerinə yetirir.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, Ekspertlər Şurasına daxil olan innovasiya layihələri və verilmiş rəylər barədə məlumatlar, eləcə də qəbul edilmiş qərarlar və digər sənədlər konfidensial xarakter daşıyır və onların ictimaiyyətə, həmçinin üçüncü şəxslərə açıqlanmasına yol verilmir.



Baxış sayı: 841

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024