12px13px15px17px
Tarix:02/06/15

Azərbaycan-Avstriya iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 8-ci iclası keçirilib (FOTOLAR)

Bakıda Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 8-ci iclası keçirilib.
 
 İclasdan əvvəl Azərbaycan Respublikası tərəfindən komissiyanın həmsədri, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla Avstriya Respublikası tərəfindən komissiyanın həmsədri, elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Qierlinqer arasında ikitərəfli görüş keçirilib.



 

Daha sonra Qarışıq Komissiyanın 8-ci iclası öz işinə başlayıb.
 
 





İclasda tərəflər arasında iqtisadi əlaqələrdən söz açan Hökumətlərarası Komissiyanın həmsədri, nazir Əli Abbasov çıxışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Avstriya  Respublikası Prezidenti Haynts Fişer tərəfindən 2013-cü il may ayının 13-də Vyanada imzalanmış "Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə"nin xüsusi rolunu vurğulayaraq, bununla münasibətlərdə yeni inkişaf dinamikasının təməlinin qoyulduğunu diqqətə çatdırıb.
 
 
Əməkdaşlığın bugünkü səviyyəsinin  qənaətbəxş olduğunu deyən həmsədr bütün sahələrdə münasibətlərin genişləndirilməsi, o cümlədən iki ölkə arasında ticarət dövriyyəsinin ilbəil artırılmasına qarşılıqlı marağın olduğunu bildirib.
 
Qarışıq Komissiya çərçivəsində indiyə qədər keçirilən iclas və görüşlərin məhsuldar nəticələrindən də məmnunluq ifadə edən nazir bu danışıqların məntiqi davamı kimi, gələcək əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu nəzərə çatdırıb.
 
Nazir həmçinin protokolun İnformasiya və Kommunikasiya Texnologiyaları bölməsinə dair çıxış edərək, perspektiv planlardan söz açıb.
 
Daha sonra söz Hökumətlərarası Komissiyanın həmsədri, elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici siyasət və Avropa inteqrasiyası üzrə müavini xanım Bernadette Gierlingerə verilib.
 
Ölkəmizin iqtisadi göstəricilərinin ildən-ilə yüksəlməsinə dost ölkə kimi sevindiklərini bəyan edən xanım Gierlinger dünyada müşahidə edilən qlobal böhrana baxmayaraq, Azərbaycanla Avstriya arasında iqtisadi münasibətlərin hər il yaxşılaşmaqda olduğunu, bu inkişaf dinamikasının gələcəyə daha nikbinliklə baxmağa əsas verdiyini vurğulayıb.
 
Avstriyanın iqtisadi vəziyyəti ilə bağlı geniş təqdimatla çıxış edən avstriyalı həmsədr son 10 ildə həyata keçirilən işlərə diqqət çəkib. İqtisadi proqnozlar, iqtisadiyyatın təşviqi üzrə yeni vergi islahatlarının tətbiqi və bundan gözləntiləri nəzərə çatdıran Bernadette Gierlinger ölkəsinin ixracyönümlü iqtisadiyyata üstünlük verdiyini, eyni zamanda Avstriya iqtisadiyyatında yer alan hər 10 avrodan 6-sının məhz ixracyönümlü iqtisadiyyatdan qazanıldığını qeyd edib.
 
Almaniya, İtaliya, Çin, İsveç, Çex Respublikası, Macarıstan kimi əsas ticarət tərəfdaşlarından da söz açan xanım həmsədr ticarətin inkişaf etdirilməsində Azərbaycanın da vacib region olduğunu vurğulayıb.
 
Avstriyanın Azərbaycanla əməkdaşlıqda maraq göstərdiyi sahələrə də toxunan Bernadette  Gierlinger xüsusən alternativ və bərpaolunan enerji, turizm sənayesi, telekommunikasiya, infrastruktur,  kənd təsərrüfatı kimi sahələrdə münasibətlərin inkişafı üçün böyük potensialın mövcudluğunu qeyd edib, eyni zamanda bu potensialdan gələcək əməkdaşlıqda səmərəli istifadə olunacağına ümid etdiyini diqqətə çatdırıb.
 
 
Daha sonra iclasda geniş tərkiblə təmsil olunan Avstriya nümayəndə heyətinin üzvləri təqdimatla çıxış edərək, şirkətlərin fəaliyyət istiqamətləri və onların Azərbaycan bazarına göstərdikləri maraqdan söz açıblar.
 
 
Həmçinin iclasda Azərbaycan və Avstriya iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlığın vəziyyəti və daha da genişləndirilməsi imkanları ətraflı müzakirə olunub.
 
Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, energetika nazirinin müavini Gülməmməd Cavadov, Xarici İşlər Nazirliyinin şöbə müdiri Etibar Abdullayev, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Rəhimov, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Rəşad Allahverdiyev, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Əbduləliyev, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Dövlət Gömrük Komitəsinin şöbə müdiri Rüfət Elçiyev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva və digərlərinin çıxışı dinlənilərək, qarşılıqlı maraq doğuran  məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
 
Müzakirələrdən sonra Qarışıq Komissiyanın iclasının protokolu imzalanıb.



 

 Protokolu Azərbaycan tərəfindən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Avstriya tərəfindən isə xanım Bernadette Qierlinqer imzalayıblar.
 
 
Qeyd edək ki, xanım Bernadette Qierlinqerin rəhbərlik etdiyi nümayəndə heyətinin  ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində biznes-forum, eləcə də digər qurumlarda görüşlərin keçirilməsi nəzərdə tutulur.



 



Baxış sayı: 1450

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024