12px13px15px17px
Tarix:02/06/15

“HP” şirkətinin MDB ölkələri üzrə departamentinin rəhbəri: “Azərbaycan bazarı bizim şirkət üçün böyük əhəmiyyət kəsb edir”

"HP Software" şirkəti Azərbaycan bazarında iştirakını daha da genişləndirmək məqsədi ilə yerli İT mütəxəssislər  üçün "HP Software Innovation Tour" seminarı keçirib.


Şirkətin MDB ölkələri üzrə departamentinin rəhbəri  Eqor Skrınnik və şirkətin Rusiya və MDB ölkələri üzrə texniki məsləhətçisi Aleksey Qrabko bildiriblər ki, "HP Software"-nin bu tədbirin təşkilində əsas məqsədi yerli sifarişçilərə, biznes xidmət monitorinqi, İT istismarı xidmətinin avtomatlaşdırılması üzrə proqram təminatı yenilikləri,  proqram təminatının testləşdirilməsi və digər maraqlı perspektiv istiqamətlər üzrə monitorinq və keyfiyyətin idarəedilməsi üzrə proqram təminatlarını təqdim etməkdir.
 

"Bizim əsas auditoriyamız şirkətlər və həmin şirkətlərin  xidmət istifadəçilərinin İT departamentlərinin nümayəndələridir.  Müştərilərimiz  telekommunikasiya şirkətləri, banklar və dövlət qurumları ola bilər. Tədbir çərçivəsində Azərbaycanda bu günədək istifadə edilməyən həllər təqdim etdik. Bura  böyük həcmli məlumatlar əsasında analitik proqram təminatı olan "Operations Analytics" daxildir ki, bu proqram məlumatların təhlilini bir neçə saatdan bir neçə dəqiqəyədək azalda bilər. "HP"-nin məhsullarının əsas üstünlüyü onun sifarişçiyə təkcə proqram təminatı deyil, ideologiya təqdim etməsidir. Bu isə hər hansı bir məsələnin və ya problemin kompleks şəkildə həllinə imkan verir. Biznes xidmətlərinin monitorinqinə yönəldilmiş proqram təminatlarına nəzər salsaq, "HP"-nin burada üstünlüyü servisin hər bir elementində monitorinq keçirmə imkanın olmasıdır. Bu proses istifadəçidən başlayaraq proqram, aparat qurğularının detallı monitorinqini  əhatə edir. Onu da qeyd edim ki, sözügedən proqram     onlarla, minlərlə, hətta  on minlərlə serverləri olan şirkətlərdə eyni effektivliklə işləyir", - deyə A. Qrabko qeyd edib.
 


Ekspertin sözlərinə əsasən, "HP" şirkətinin həmçinin İT sistemlərin təhlükəsizliyini müxtəlif səviyyələrdə təmin edən bir neçə proqram məhsulu mövcuddur. Onlar qeydiyyat jurnalının, təhlükəsizlik insidentlərinin təhlilinin toplusu və proqram təminatı, biznes servislərin mühafizəsinin təhlili həlləridir. Şirkətin eyni zamanda şəbəkə hücumlarının təhlili və ziyanverici hərəkətlərin operativ bloklanması üzrə də xüsusi həlləri mövcuddur.

 
"Azərbaycan bazarında biznes servislərin monitorinqinə böyük maraq yaranır və artıq sifarişçilər biznes servislərin proqram təminatı toplusu olmadığını  və onların əslində müəyyən olunmuş məsələlərin effektiv həllini təmin etmək üçün tətbiq edildiyini anlamağa başlayırlar", - deyə A. Qrabko vurğulayıb.


 
"HP Software"-in məsləhətçisi onu da qeyd edib ki, müəssisələrin təqdim etdiyi biznes servislərlə bağlı problemlərin çoxunun aradan qaldırılması monitorinqin keçirilməsi yolu ilə həll edilə bilər.
 


"Biznes xidmətlərlə bağlı yaranan problemlər üçün şirkətin serverlərinin və əlavələrinin kompleks monitorinqi tələb olunur. Bunu həyata keçirməkdə "HP Operation Manager" həllindən istifadə etmək yetərlidir. Araşdırmalara əsasən, 43% hallarda biznes servislərin göstərilməsində problemin mövcudluğu son istifadəçilərdən öyrənilir və bu nasazlıqların 80% servislərin konfiqurasiyalarının dəyişməsi ilə bağlı olur. Bundan başqa "HP"-nin mobil istifadəçilərin aktivliyinin monitorinqi üzrə və bir sıra digər həlləri var ki, onlarsız müasir biznes servislərin monitorinqini təsəvvür etmək mümkün deyil", - deyə o qeyd edib.

 

Eqor Skrınnik öz növbəsində Azərbaycan bazarını ümumi qiymətləndirərək bildirib ki, Ukrayna və Belarus bazarları ilə müqayisədə  yerli bazarda şirkətlərin və digər qurumların infrastrukturunun aparat platforması yüksək səviyyədə təmin edilib. Bununla belə, o deyib ki, bu avadanlıqların düzgün və effektiv istismarını və idarəetməsini təmin edəcək proqram hissəsi Belarusla müqayisədə iki il geridə qalır və bunların yenilənməyə ehtiyacı var.

 
"Azərbaycan bazarı 2-3 il bundan öncə proqram təminatı nöqteyi-nəzərdən yetərincə təmin edilib. Lakin bu gün artıq torrentlərdən pulsuz proqram təminatı yükləməklə bütün problemləri həll etmək mümkün deyil və artıq lisenziyalı proqram təminatının istifadəsinə ehtiyac var. Dövlət tərəfindən şirkətlərin və digər qurumların istifadə etdikləri proqram təminatlarının mütləq şəkildə lisenziyalı olması haqda qərarı qüvvəyə mindikdən sonra bu məsələ artıq ciddi həllini tapacaq", - deyə o qeyd edib.

 
E. Skrınnik onu da bildirib ki, "HP Software"in platformaları  İT infrastrukturun informasiya təhlükəsizliyini və İT idarəetmənin effektivliyini təmin etmək üçün ən yaxşı seçim ola bilər.    O əlavə edib ki, son zamanlar artıq  lisenziyalı proqram təminatlarının tətbiqinə və müəllif hüquqlarının qorunmasına diqqət artıb. Mütəxəssis vurğulayıb ki,  təmsil etdiyi şirkət  yerli bazara təqdim etdiyi bütün məhsulları müvafiq yerli informasiya təhlükəsizliyi qurumlarında sertifikasiyadan keçirməyə hazırdır.

 
"Azərbaycanda bu tələblə bizə müraciət edən olmayıb. Lakin biz yerli bazara böyük diqqət yetirməkdə davam edəcəyik. Bundan başqa, "HP Software" sosial layihələrdə iştirak etmək niyyətindədir, əsasən də təhsil sahəsi ilə bağlı olan layihələrdə. Bizim sinif otağında iş yerlərinin idarəetməsi sistemimiz mövcuddur və biz bu təkliflə Təhsil Nazirliyinə müraciət etməyə və son dərəcə eksklüziv qiymət təkliflərini Azərbaycan bazarına təqdim etməyə hazırıq. Çünki Azərbaycan bazarı bizim şirkət üçün böyük əhəmiyyət kəsb edir", - deyə E. Skrınnik qeyd edib.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 1553

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Dekabr 2024

25 12 2024