12px13px15px17px
Tarix:04/06/15

Azərbaycan Texniki Universiteti və "Elektron Hökumət" portalının operatorunun birgə təşəbbüsü ilə elm-təhsil və texnologiyalar birliyi yaradılır

Son illər ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, iqtisadiyyatda baş verən irəliləyişlər qeyri-neft sektorunun, xüsusilə də İKT sektorunun inkişafına müsbət təsir göstərib. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də elm, təhsil və mədəniyyət sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi olub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamlı ilə təsdiq edilmiş 2014-2020-ci illər üçün “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya”nın əsas prinsiplərinə  və strateji istiqamətlərinə uyğun olaraq xüsusilə elektron idarəçilikdə yüksək səviyyəli elmi və ixtisaslı kadrların hazırlanması üçün səriştəyə əsaslanan şəxsiyyət yönümlü təhsil məzmununun yaradılması,  innovativ təlim metodları və yüksək texnologiyalar vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsil ocaqlarının formalaşdırılması, elm, təhsil və biznes səylərinin birləşdirilməsi və innovativ inkişaf mühitində yeni tərəfdaşlığın formalaşdırılması ali təhsil ilə  müəssisələrin  möhkəmlənməsindən çox asılıdır.
 

 Qeyd olunanları əsas götürərək Azərbaycan Texniki Universiteti və RYTN MHM-in birgə təşəbbüsü ilə elm-təhsil və texnologiyalar birliyinin yaradılması istiqamətində işlərin icrasına başlanılmışdır. Hər iki müəssisə yeni tərəfdaşlıq əsasında “Elektron idarəçilik, İnformasiya sistemləri və kibertəhlükəsizlik” adlanan  elm-təhsil və texnologiyalar birliyinin yaradılması ilə “Elektron idarəçilik, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” üzrə ali təhsilli kadrların hazırlığı istiqamətində elm, təhsil və biznes səylərini birləşdirmək niyyətindədir.
 

İT sahəsində ixtisaslaşmış və peşəkar kadr potensialına malik MHM-in əsas fəaliyyət sahəsi informasiya texnologiyalarının bütün istiqamətlərini əhatə edir.
 

 MHM virtual aləmdə “vətəndaş-dövlət”, “dövlət-dövlət” münasibətlərini reallaşdıran “Elektron Hökumət” portalının və elektron dünyanın əsas bazisi olan  elektron imza üçün Açıq Açar İnfrastrukturunun (PKİ) – Milli Sertifikat Xidmətləri Mərkəzlərinin, ölkənin bütün ərazisini əhatə edən  AzDataCom - yüksək sürətli məlumatların ötürülməsi şəbəkəsinin operatorluğu ilə bərabər, eyni zamanda, dövlət informasiya sistemlərinin və fərdi məlumatlar informasiya sistemlərinin reyestrini və monitorinqini aparmaqla, respublikamızda informasiya sistemlərinin və ehtiyatlarının elektron idarəçilik istiqamətində istifadəsini də əlaqələndirir. Geniş və  elm tutumlu fəaliyyət sahəsinə malik olan MHM, yüksək ixtisaslı kadr hazırlığı məsələsinə müstəsna əhəmiyyət verir və bu istiqamətdə daim beynəlxalq və yerli əməkdaşlıqlar quraraq elmi-texnoloji potensialın artırılması istiqamətində səylər göstərir.
 

Qocaman təhsil müəssisələrindən olan AzTU ölkəmizə kadr potensialı hazırlığında daima öndə olmuşdur və bu gün də yüksək hazırlıqlı kadr hazırlığı üçün dünyada gedən tendensiyalardan yararlanmaq istiqamətində davamlı işlər aparır.
 

Cəmiyyətimizin yaşadığı mövcud informasiya əsrində təcrübə mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyi innovativ elmi inkişaf dövründə AzTU ilə RYTN MHM-in belə bir elmi-texnoloji tərəfdaşlığının yaradılması zərurətdən irəli gələn bir hadisədir. Milli Strategiya”nın əsas prinsiplərinə və strateji istiqamətlərinə uyğun təşkil olunan bu birlik ali təhsilin yüksək texnologiyalar bazasında inkişafını təmin edəcək və elmi tədqiqatların aparılmasında əlverişli şəraitin formalaşdırılmasına əlavə vəsilə olacaqdır.
 

AzTU və RYTN MHM tərəfindən yaradılan elm-təhsil və texnologiyalar birliyinin fəaliyyət istiqamətləri- tədrisi-metodiki, elmi tətqiqat, elmi-metodiki və təşkilati fəaliyyəti artıq müəyyənləşdirilmişdir. Belə ki, birliyin tədris-metodiki fəaliyyəti Elektron İdarəçilik, İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, təhsil üzrə elektron resursların inkişaf etdirilməsi, ali təhsilin tədris planlarının, mütəxəssis hazırlığı proqramlarının mütəmadi olaraq aktuallaşdırılması, ali təhsilin İKT sahəsinin tələblərinə uyğunlaşdırılması, fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, İKT-nin tətbiqi ilə yeni təhsil modellərinin, o cümlədən distant təhsilin həyata keçirilməsi, İKT üzrə təhsil və təlim almaq imkanı yaratmaqla, informasiya və İKT-dən təhlükəsiz istifadə mədəniyyətinin yüksəldilməsi və sair məsələlər çərçivəsində təşkile diləcəkdir.

Elm-təhsil və texnologiyalar birliyinin əsas vəzifələri predmet yönlü təhsili fəaliyyət yönlü təhsil ilə əvəz etmək, mövcud problemlərin birgə müzakirəsi üzrə elmi-metodik seminarlar təşkil etmək, elektron idarəçilik üçün yüksək ixtisaslı kadr hazırlamaq, yeni hazırlanan kontentin tətbiqi üzrə “birgə ilkin müzakirə və təqdimatlar keçirmək, habelə, birgə səy nəticəsində tələbələrin müstəqil (dərsdən kənar) və tədqiqat (magistr dissertasiya, buraxılış və kurs işlərinin) işlərinin kataloqunu yaratmaqdır.
 

Hesab edirik ki,  yeni yaradılacaq bu tərəfdaşlığın səmərəli və keyfiyyətli fəaliyyəti nəticəsində ölkəmizdə texnolji yeniliklərin, eləcə də  innovativ tətbiqlərin sayı artacaq. Tezliklə, elm-təhsil və texnologiyalar birliyi elm və texnologiya üzrə ən son tədqiqat işləri, elmi mövzulara dair araşdırmaların aparılması, peşakar kadrların hazırlığı və  müvəffəqiyyətli praktiki göstəriciləri ilə seçilən birliklər sırasında olacaqdır. Belə bir birliyin fəaliyyəti bir sıra müsbət yönümlü elmi araşdırmaların, elmlə məşğul olanların gördüyü işlərə, yeni baxışlara stimul verərək gənclərin elmə marağının və elm – texnologiya sahəsində zəncirvari əməkdaşlıqların artmasına da səbəb olacaqdır.

 

 





Baxış sayı: 529

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024