12px13px15px17px
Tarix:09/06/11

Azərbaycanın mobil rabitə operatoru nömrələrin köçürülməsi xidmətinin tətbiqinə hazırdır

Azərbaycanın mobil rabitə operatoru Azercell Telekom MMC texniki baxımdan nömrələrin köçürülməsi xidmətinin tətbiqinə (Mobile Number Portability - MNP) hazırdır. Bu barədə Trend-ə Azercell Telekom-un ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxri Abbasov deyib. Abbasovun sözlərinə görə, bu xidmətin tətbiqi üçün hüquqi bazanın olması və operatorların texniki hazırlığı lazımdır. Hazırda şirkət artıq bu istiqamətdə işlər aparır.
"Bu, abonentə daha çox hüquqlar verən yaxşı beynəlxalq təcrübədir. Sözsüz ki, onun tətbiqi bazara təsir göstərəcək. Abonentlərin daha çox seçmək imkanı olacaq və güman edirəm ki, mobil rabitənin keyfiyyətini və fasiləsiz işləməsini qiymətləndirən insanlar vəziyyətədən asılı olaraq qərar qəbul edəcəklər", - Abbasov bildirib.
Abbasovun sözlərinə görə, hazırda Azercell şirkətinin Azərbaycanın mobil rabitə bazarında payı 55 faizdir.
Hazırda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi MNP xidmətinin tətəbiqi üçün qaydalar hazırlayıb. Bundan başqa, hüquqi bazanın formalaşdırılması üçün müvafiq qaydalar işlənilib. Qaydalarda bu xidmətin artıq tətbiq edildiyi ölkələrin təcrübəsi öz əksini tapıb. Rabitə Nazirliyi MNP xidmətinin tətbiqi qaydalarını ölkədə fəaliyyət göstərən 3 GSM operatoru ilə razılaşdırıb.
Gözlənilir ki, nazirliyin bu istiqamətdə apardığı işlər yaxın aylarda başa çatacaq. Bundan sonra operatorlar bu xidmətin tətbiqi üçün infrastukturun hazırlanması məqsədilə bir sıra texniki məsələləri həll etməli olacaqlar.
Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. MNP xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə öz telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu, onları öz yaxınlarını və işgüzar tərəfdaşlarını nömrənin dəyişilməsi barədə məlumatlandırmaqdan azad edəcək.



Baxış sayı: 7147

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024