12px13px15px17px
Tarix:27/06/15

"Qlobal məkanda iyun müzakirəsi: İnnovasiyalar və rəqəmli dividend”

Beynəlxalq Telekommunikasiya İttifaqı ay boyunca bu mövzunun diqqətdə saxlanılmasını tövsiyə edib

 

"İnnovasiyalar və rəqəmli dividend". Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən iyun ayında məhz bu mövzunun qlobal məkanda müzakirəyə çıxarılması məqbul sayılıb və ay boyunca bu mövzunun diqqətdə saxlanılması tövsiyə edilib.

 

 

Tənzimləyici Orqanların Qlobal Simpoziumu diqqəti analoq yayımdan rəqəmli yayıma keçidin verdiyi üstünlüklərə yönəldir

 

Beləliklə, beynəlxalq təşkilat tərəfindən analoq yayımdan rəqəmli yayıma keçid nəticəsində rəqəmli dividendin üstünlükləri, eləcə də rabitənin yeni innovasiya perspektivləri "Rəqəmli qırılmanı xatırla: rəqəmli imkanlar əldə etmək üçün tənzimləyici stimullar" mövzusunda Qabonda keçirilən "Tənzimləyici Orqanların Qlobal Simpoziumu - 2015"-də əsas müzakirə mövzusuna çevrilib.

 

Analoq televiziya tam ortadan qaldırılmayıb, rəqəmli televiziyaya keçid tamamlanmayıb, IPTV isə artıq astanadadır

 

Bu gün bütün dünyada milyardlarla insan televiziyadan istifadə edir. Amma hələ də Afrika, Yaxın Şərq, Orta Asiya ölkələrində bundan məhrum olan tamaşaçılar var. Buna baxmayaraq, bugünkü texnoloji inkişafın sayəsində dünya televiziyanın yeni nəslinə doğru irəliləməkdədir. Həmçinin bu gün televiziyanın 3 nəslinin eyni zamanda fəaliyyəti dönəmini də yaşayırıq: analoq televiziya tam ortadan qaldırılmayıb, rəqəmli televiziyaya keçid tamamlanmayıb, IPTV isə artıq astanadadır.

Bu gün insanların böyük əksəriyyəti analoq yayımla tanışdır. Müəyyən məhdudiyyətləri olan bu yayım formatının sonrakı nəsli - rəqəmli yayım isə tamaşaçılara daha böyük üstünlüklər vəd edir. Məhz rəqəmli texnologiyaların hesabına bu gün yayım keyfiyyətinin daha yüksək səviyyəyə qaldırılmasına imkan yaranıb.

 

Rəqəmli TV - açıq pəncərədən real görüntü

 

Birincisi, analoq televiziya yayımı spektrin böyük həcmini tutur, məhdudlaşdırılmış təbii resurs və teleproqramların ötürüldüyü elektromaqnit "kanal"a malikdir. Ümumiyyətlə, analoq TV ilə müqayisədə rəqəmli televiziyanın əsas üstünlükləri təsvirin və səsin daha yüksək keyfiyyətində özünü göstərir. Bu fərqi izah edən mütəxəssislər qeyd edirlər ki, retranslyatorlardan, gücləndirici və kabellərdən keçərkən, analoq siqnalı təhrif olunur, rəqəmli isə yox. Buna görə də rəqəmli televiziyada təsvir son dərəcədə realdır, hətta açıq pəncərədən baxılan görüntü təəssüratı yaradır. Digər üstünlüklərə gəlincə, HD proqramlar və filmlər genişekranlı 16:9 formatında ötürülür, bu da kəsilmiş yox, tam təsvirdən zövq almağa şərait yaradır.

 

Rəqəmli dividend - rəqəmli yayıma keçid nəticəsində azad olunan spektr

 

Bununla belə, bir analoq proqramının yayımlama ötürülməsi ötürülmənin bir kanalı üzrə 6-dan 8 MHs-a qədər zolaq eni ilə həyata keçirilə bilər. Həmin ötürülmə kanalı üzrə multipleks verməklə, analoji keyfiyyəti özündə saxlayan 20-yə qədər rəqəmli proqramın ötürülməsi mümkündür. Bundan başqa, nəzərə alsaq ki, spektr məhdudlaşdırılmış resursdur, o zaman bu proses olduqca qiymətli qənaətə imkan verir. Beləliklə, rəqəmli yayıma keçid nəticəsində azad olunan spektr "rəqəmli dividend" adlanır. Həmçinin rəqəmli yayıma keçid güc və enerji xərcinin azalması, xidmətin keyfiyyətinin artırılması və s. kimi üstünlüklər verir.

 

Rəqəmli yayıma keçid nə üçün uzunmüddətli proses kimi nəzərdən keçirilir?

 

Verdiyi çoxsaylı üstünlüklərə baxmayaraq, rəqəmli yayıma sürəti ləngidən səbəblər də qalmaqdadır. Məsələn, yalnız Ərəb regionunda təxminən 87 milyon ev təsərrüfatı yeni avadanlığa ehtiyac duyur, eyni zamanda rəqəmli yayıma keçid üçün minlərlə stansiyanın yenilənmə və ya əvəzetməsi tələb olunacaq. Bu minvalla, rəqəmli yayıma keçid uzunmüddətli proses kimi nəzərdən keçirilir və xeyli zaman tələb edəcəyi də gözlənilir. Amma bu keçidi hamarlamaq üçün prosesə bütün maraqlı tərəflərin cəlbi vacibdir. Xüsusən də media, telekommunikasiya sahəsində tənzimləyici orqanlar və digərlərinin bir araya gətirilməsi zərurəti aktuallaşır. Bu baxımdan, Ərəb Dövlətlərinin Yayım Birliyi də maraqlı iştirakçıların bir yerə çəmlənməsi, eləcə də Ərəb regionunda rəqəmli yayıma keçidi asanlaşdırmaq üçün başlıca rol oynayır.


Təbii ki, sadalanan səbəblər üzündən Ərəb regionunun əksər ölkələri rəqəmli yayıma keçidin son müddətinə (17 iyun 2015-ci il) riayət edə bilməyib. Ancaq Tunis, Bəhreyn, Əlcəzair, Mərakeş, Küveyt və Səudiyyə Ərəbistanı kimi ölkələr keçidin həyata keçirilməsində bu gün liderlik edirlər. Ümumiyyətlə isə xidmət təchizatçıları və istehlakçıları rəqəmli keçidin təmin olunması zamanı azad edilən spektrdən böyük fayda qazanacaqlar. Məsələn, Ərəb regionu 694/698, 790 MHs və 790 - 862 MHs zolaqlarında - 200-dən çox MHs alacaq.

 

Defisit və qiymətli resursun qənaəti ilə bağlı proqnozlar

 

Bütünlükdə rəqəmli yayıma keçidin gələcəyini proqnozlaşdıran mütəxəssislər hesab edirlər ki, radioyayım diapazonu informasiyaya keçidin ən bahalı platforması kimi saxlanılacaq və bütün maraqlı tərəflər bu defisit resursun qənaətinə çalışacaqlar. Əgər yayım xidmətləri spektrdən səmərəli və effektiv istifadə edərlərsə, o zaman mövcud və əlavə xidmətləri təmin etmək mümkün olacaq. Bu qiymətli resursdan effektiv istifadə əlavə resursların xərclənməməsinə imkan verəcək.


 

Rəqəmli yayıma keçidlə bağlı texnoloji göstərici üzrə Azərbaycan inkişaf etmiş ölkələr sırasında yer alıb


 

Azərbaycana gəlincə, hazırda prosesə keçidin yekunlaşdırılması üzərində işlər davam etdirilir. Cari ilin ilk rübü ərzində respublika və regional TV və radio proqramlarının yayım əhatəsinin və keyfiyyətinin artırılması, kənar yayımların qarşısının alınması, rəqəmli TV proqramların regionlarda ötürülməsini təmin etmək, avadanlıqların normal iş rejiminin yaradılması məqsədilə müvafiq avadanlıqlar quraşdırılıb və zəruri tədbirlər görülüb.


Belə ki, yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 9 ədəd müxtəliftəyinatlı radio-televiziya avadanlıqları istismara verilib ki, bunlardan 4 ədədi DVB-T2 standartlı rəqəmli verici olmuşdur. Hazırda ölkə əhalisinin yaşadığı ərazilərin 99 faizi açıq paketlə (10-11 TV proqram) rəqəmli televiziya yayımı ilə təmin edilib və texnoloji göstərici üzrə Azərbaycan inkişaf etmiş ölkələr sırasında yer alıb.

 

IPTV-nin yayılma zərurəti


 

Bununla belə, mütəxəssislərin fikrincə, rəqəmli televiziya yaratdığı üstünlüklərə baxmayaraq, hələ də istifadəçinin imkanlarını məhdudlaşdırır. Belə ki, tamaşaçı əvvəlki kimi, yalnız operatorun təqdim etdiyinə baxa bilir və bu əlçatanlıq idarəetmə kanallarının çevrilməsi ilə məhdudlaşır. Digər tərəfdən inkişaf və gəlirin artırılması yollarına sahib olmayan operatorların başlıca gəlir mənbəyi abunə haqqıdır. Televiziyanın yeni nəsli - IPTV isə həm operatorlara, həm də son istifadəçilərə geniş imkanlar təqdim edir. Təbii ki, yeni nəsil televiziya tam genişlənmədiyindən azərbaycanlı tamaşaçıya yad olan bu termin "IPTV nədir" sualını ortaya qoyur. IPTV texnologiyası (Internet Protocol Television) (IPTV, IP-televiziya) - lokal şəbəkə ilə ötürülən, məlumatların ötürülməsinin yüksək sürətini təmin edən interaktiv televiziyadır.

Bunun sayəsində, IPTV mükəmməl keyfiyyətli video və səs yayımlamağa şərait yaradır. Bundan əlavə, IPTV abunəçilərə kontent sifariş verməyə və onun yayımını idarə etməyə imkan yaradır.


 

Bu televiziya abunəçilərinə nə vəd edir?

 

 

Həmçinin IP-televiziya operatorları böyük qənaət imkanını təmin edən və əlavə gəlir mənbələri təqdim edən bir sıra üstünlüklərə sahibdirlər. Peyk və ya kabel televiziyasından fərqli olaraq, IPTV operatoru şəbəkəyə qoşulmaların sayına tamamilə nəzarət edir. Gəlirə qaldıqda isə operatorun öz abunəçilərinə təklif edə biləcəyi bütün dünyada populyar bir çox ödənişli servislər mövcuddur.
 

IP-televiziyanın abunəçilər üçün üstünlüklərinə gəlincə, rəqəmli təsvir keyfiyyətinə (analoq televiziyası ilə müqayisədə təsvir 5 dəfə daha dəqiqdir) və əla stereo səsə (Dolby Digital 5.1 formatı) malik onlarla kanalların gecə-gündüz yayımlanması, peykdən və ya internet-resurslardan yenilənən interaktiv teleproqramlara baxış imkanı bu sıradandır. Eyni zamanda telekanallara həm kompüterdə, həm də televizorda baxmaq olar.
 

 

Həqiqət İSABALAYEVA





Baxış sayı: 557

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024