12px13px15px17px
Tarix:06/07/15

Akademik Akif Əlizadə: “AMEA ən aktual elmi-innovativ məsələlərin multidistiplinar səviyyədə müzakirə olunduğu intellektual beyin mərkəzidir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti ən aktual elmi, elmi-innovativ və elmi-təşkilati məsələlərin professional və multidistiplinar səviyyədə müzakirə olunduğu intellektual beyin mərkəzinə çevrilib.
 
AMEA prezidenti, akademik Akif Əlizadə bu fikri AMEA Rəyasət Heyətinin Naxçıvanda keçirilən səyyar iclasında qeyd edib. Akademiyadan bildirilib ki, alim Azərbaycanın elmi potensialının böyük bir hissəsinin Naxçıvan şəhərində cəmləşdiyini deyərək, bu diyarın  həm tarixən, həm də bu gün Azərbaycanın elm və təhsil mərkəzlərindən biri olduğunu diqqətə çatdırıb:
 
“Biz əminik ki, Naxçıvan Bölməsində yetişmiş elmi kadrlar öz bilik və bacarıqlarını Naxçıvanın bundan sonrakı sosial-iqtisadi inkişafına həsr edəcəklər. Naxçıvanda elmimizin əldə etdiyi uğurlar, nailiyyətlər mühüm elmi nəticələr, bu qədim diyarın dinamik sosial-iqtisadi inkişafı, yüksək mədəni-mənəvi tərəqqisinin və burada dövlət səviyyəsində yaradılmış şəraitin məntiqi təzahürüdür”.
 
 
AMEA-nın strukturu, idarəetmə və təşkilati sisteminin əsaslı olaraq təkmilləşdirildiyini deyən A.Əlizadə Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdən də söz açıb: “Bu vəzifələrdən biri elm və təhsilin uğurlu inteqrasiyasına nail olmaqdır. Bununla bağlı ən mühüm nailiyyətimiz isə  Akademiyada magistratura təhsilinin yaradılmasına nail olmaqdır”.
 
AMEA rəsmisi ölkə rəhbərliyinin dəstəyi ilə Akademiyada magistratura təhsilinin reallığa çevrildiyini, artıq bu il ilkin olaraq 7 ixtisas üzrə magistratura təhsilinin həyata keçiriləcəyini nəzərə çatdırıb. AMEA prezidenti elmin istehsalatla əlaqələndirilməsi və sınaqdan çıxarılması, elmi nəticələrin istehsalatda tətbiq olunması, sahibkarlıq fəaliyyəti ilə məşğul olunmasının təşkil edilməsinin hazırda Akademiya qarşısında duran vəzifələrdən olduğunu söyləyib. Qeyd edib ki, həyata keçirilən bir çox tədbirlər, o cümlədən Akademiyanın Təcrübə Sənaye Zavodunun yenidən qurulması bu istiqamətdə atılmış böyük addımlardandır.
 
 
Müasir dövrdə dünya elmində prioritet sahələrdən olan herontologiyaya xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkən alim bu sahə ilə bağlı bir sıra statistik göstəriciləri diqqətə çatdırıb. Dünya əhalisinin yaş strukturunda 65 və daha çox yaşı olanların daxil olduğu kateqoriyanın xüsusi çəkisinin get-gedə artdığını deyib. Bildirib ki, ölkəmiz dünyanın nadir regionlarından biridir ki, burada uzunömürlülük populyasiya səviyyəsində müşahidə olunur. Ənənəvi olaraq uzunömürlülər diyarı kimi tanınan Azərbaycanda herontoloji araşdırmaların aparılması xüsusilə aktualdır.
 
 
A.Əlizadə günümüzün ən vacib tələbat və layihələrindən biri olan informasiya texnologiyalarının bölgədə tətbiqindən də söhbət açaraq AMEA-da son illərdə bu istiqamətdə fəaliyyətin xeyli genişləndiyini vurğulayıb. O, Naxçıvanda Distant Tədris Mərkəzinin fəaliyyətə başlamasını təqdirəlayiq hal kimi qiymətləndirib.
AMEA rəhbəri Naxçıvan Bölməsi institutlarının elmi-tədqiqat işlərinin planlarının bundan sonra da  Muxtar Respublikanın sosial-iqtisadi inkişafına və milli-mənəvi dəyərlərinin öyrənilməsinə yönəldilməsini tövsiyə edib.
 
Qeyd edib ki, elmi-tədqiqat işlərinin prioritet istiqamətləri seçilərkən strateji istinad nöqtəsi “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyası olmalıdır. Alim Naxçıvan Bölməsində yetişmiş elmi kadrların öz bilik və bacarıqlarını Naxçıvanın bundan sonrakı sosial-iqtisadi inkişafına həsr edəcəklərinə əminliyini də ifadə edib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1874

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024