12px13px15px17px
Tarix:09/07/15

“AzScienceNet” infrastrukturunun 95 faizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə fiber-optik kabel əsasında qurulub”

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Elektron elmin texnoloji platforması olan “AzScienceNet” elm-kompüter şəbəkəsinin (EKŞ) infrastrukturunun 95 faizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə fiber-optik kabel əsasında qurulub. Şəbəkənin texniki imkanlarının artırılmasından sonra internetə çıxış sürəti 270 Mbit/san-yə çatdırılıb və 4000-dən çox fərdi kompüter bu şəbəkəyə qoşulub.
 
Hazırda şəbəkənin Data Mərkəzinin hesablama gücü 14 teraflops, yaddaşının həcmi isə 200 terabayt təşkil edir.
 
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademik Rasim Əliquliyev bu fikri AMEA Rəyasət Heyətinin iclasında 2015-ci il üçün AMEA üzrə Elektron elmin inkişafina dair Fəaliyyət Planı haqqında çıxışı zamanı səsləndirib.
 
 
İTİ-dən bildirilib ki, akademik “AzScienceNet” şəbəkəsinin fasiləsiz istismarı və inkişafının təşkili, Data Mərkəzin istismarı, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və maddi-texniki bazasının gücləndirilməsi, AMEA üzrə böyük hesablama gücünə və yaddaş resurslarına tələbatı olan elmi araşdırmalara İnternet üzərindən bulud servislərinin göstərilməsi, o cümlədən AMEA üzrə “Wi-Fi” və “Eduroam” şəbəkə infrastrukturunun genişləndirilməsi, AMEA-nın regional elmi bölmə və mərkəzlərində distant tədris mərkəzlərinin yaradılması və onların fəaliyyətinin dəstəklənməsi istiqamətlərində planlaşdırılmış işlərin AMEA üzrə Elektron elmin inkişafına dair Fəaliyyət Planında öz əksini tapdığını söyləyib.
 
Qeyd edib ki, AMEA çərçivəsində “AzScienceNet” üzərindən “Elm TV” İnternet televiziyasının daxili şəbəkəsinin yaradılması və elmi müəssisə və təşkilatların veb-resurslarının Data Mərkəzdə saxlanılması, o cümlədən hostinq xidmətlərinin dəstəklənməsi və digər istiqamətlərdə məqsədyönlü tədbirlər həyata keçirilir.
 
Müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması məsələsinə toxunan R.Əliquliyev AMEA-nın bu istiqamətdə fəaliyyətini daha da genişləndirdiyini qeyd edib. AMEA-nın elmi müəssisə və təşkilatları, ictimai qurumlarının veb-resurslarının yaradılması işlərinin davam etdirildiyini və bu resurslarının monitorinqinin aparılaraq onlara elmi-metodiki və texnoloji dəstəyin həyata keçirildiyini vurğulayıb.
 
 
Bildirilib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarının inzibati-təsərrüfat fəaliyyətinin informasiyalaşdırılması üçün proqram sistemlərinin işlənilməsi, doktoranturaya qəbul və minimum imtahanların test texnologiyaları əsasında hazırlanması üçün proqram məhsullarının işlənilməsi, elektron sənəd dövriyyəsi sisteminin yaradılması, o cümlədən respublika elmi-tədqiqatlarının əlaqələndirmə şurası və onun elmi şuraları üçün informasiya sistemlərinin yaradılması görüləcək işlər sırasındadır.
 
AMEA-nın fəaliyyət göstərdiyi 70 il ərzində çoxsaylı arxiv materiallarının toplandığını nəzərə çatdıran akademik bu foto, audio və video materialların pərakəndə xarakter daşıdığını qeyd edərək bu gün müasir İKT vasitələri ilə onların vahid bir resursa çevrilməsi, idarə olunması, axtarışının sürətli həyata keçirilməsi, keyfiyyətli saxlanılmasının zəruriliyini vurğulayıb. Bu məqsədlə AMEA üzrə foto, video və audio materialların “AzScienceNet” şəbəkəsinin Data Mərkəzində etibarlı saxlanması və istifadəsinin təşkili üçün Multimedia qalereyasının yaradılması istiqamətində müvafiq işlərin həyata keçirildiyini diqqətə çatdırıb.
 
 
Elektron elmin formalaşmasının elmi-praktiki problemlərinin araşdırılmasının vacibliyindən danışan R.Əliquliyev bu məqsədlə “AzScienceNet: mövcud vəziyyəti, imkanları və perspektivləri” Ümumrespublika elmi-praktiki seminarı, “Elektron kitabxanaların formalaşması problemləri” mövzusunda Respublika elmi-praktiki konfransı və “BigData: problemləri, imkanları və perspektivləri” mövzusunda Respublika elmi-praktiki konfransının keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
 
AMEA-nın əldə etdiyi nailiyyətlərin regionlara ötürülməsi məqsədilə AMEA Gəncə Bölməsində Distant Tədris Mərkəzinin yaradılması istiqamətində işlərin başa çatdırıldığını qeyd edən akademik cari ilin iyul ayının 6-da AMEA Naxçıvan Bölməsində də Distant Tədris Mərkəzinin açılışının nəzərdə tutulduğunu dilə gətirib.
 
 
Akademik, həmçinin Elektron elmin ölkədaxili və beynəlxalq inteqrasiyasının inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Onun sözlərinə görə, bu yaxınlarda “AzScienceNet” EKŞ Avropa elm və təhsil şəbəkəsinin formalaşdırılmasına məsul olan GEANT Assosiasiyasında milli şəbəkə operatoru kimi qeydiyyatdan keçib.
 
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 676

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024