12px13px15px17px
Tarix:10/07/15

Nazir “Yüksək Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurası haqqında Əsasnaməni təsdiq etdi


Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində
"Yüksək Texnologiyalar Parkı" MMC-nin
Müşahidə Şurası haqqında
 
 
ƏSASNAMƏ
 
  1. Ümumi müddəalar
 
1.1. Bu Əsasnamə "Yüksək Texnologiyalar Parkının yaradılması haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 05 noyabr tarixli 736 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində yaradılmış "Yüksək Texnologiyalar Parkı – "YT Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) Müşahidə Şurasının (bundan sonra - Şura) fəaliyyətinin təşkilini, üzvlərinin hüquq və vəzifələrini, onlara dair tələblər və onların səlahiyyətlərinin verilməsi qaydalarını müəyyən edir.
 
 
1.2. Şura Yüksək Texnologiyalar Parkı – "YT Park" MMC-nin" Nizamnaməsinin 5.2 bəndi ilə ona verilmiş səlahiyyətlər daxilində Nazirliyin tabeliyində Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti həyata keçirən orqandır.

2. Şuranın tərkibinin formalaşdırılması
 
2.1. Şura 5 (beş) üzvdən ibarət tərkibdə formalaşdırılır. Şuranın 2 (iki) üzvü Nazirlik, digər 3 (üç) üzvü isə aşağıdakı mərkəzi icra hakimiyyəti orqanları tərəfindən (hər mərkəzi icra hakimiyyəti orqanından bir nəfər olmaqla) müəyyən edilir:
 
2.1.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
 
2.1.2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi;
 
2.1.3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
 
2.2. Şuranın ümumi tərkibi Rabitə və yüksək texnologiyalar naziri (bundan
sonra- nazir) tərəfindən təsdiq olunur.
 
2.3. Şura üzvlərinin səlahiyyət müddəti 5 (beş) ildir.
 
2.4. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
 
2.5. Şuranın üzvləri Cəmiyyətin digər orqanlarında təmsil oluna bilməzlər.
 
2.6. Şuranın üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
 
2.7. Şura üzvünün səlahiyyətlərinə müvafiq qanunvericiliyə uyğun olaraq
Nazirliyin qərarı ilə vaxtından əvvəl xitam verilə bilər:
 
2.8. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Şura üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalan hissəsi üçün bu Əsasnamədə nəzərdə tutulmuş qaydada təyin edilir.

 
3.Şura üzvlərinin hüquq və öhdəlikləri.

 
3.1.Şura üzvlərinin aşağıdakı hüquqları vardır:
 
3.1.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;
 
3.1.2. Şuranın iclasının gündəliyində nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olmaq;
 
3.1.2. Şurada baxılan məsələlərə aid fikirlər bildirmək;
 
3.1.3. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması  barədə təkliflər vermək;
 
3.1.4. Şuranın qərarları, iclasların protokolları və digər sənədləri ilə tanış olmaq.
 
3.2.Şura üzvlərinin öhdəlikləri:
 
3.2.1. Şuranın iclaslarında baxılan məsələlərə ədalətli və qərəzsiz yanaşmaq;
 
3.2.2. Şuranın iclaslarını üzrsüz səbəbdən buraxmamaq;
 
3.2.3. Şura üzvünün adına xələl gətirəcək hərəkətlərə yol verməmək;
 
3.2.4. Şurada baxılan məsələlər barəsində qərar qəbul edilənədək məsələnin mahiyyəti üzrə ictimaiyyət qarşısında açıqlama verməmək;

 
4. Şuranın işinin təşkili

 
4.1. Şuraya Şura üzvləri arasından onlar tərəfindən seçilən və Nazirin əmri ilə təsdiq edilən Şuranın sədri (bundan sonra- sədr) rəhbərlik edir.
 
4.2. Sədr aşağıdakı səlahiyyətlərə malikdir:
 
4.2.1. Şuranın iclaslarını çağırır, açır və bağlayır, müzakirələri aparır, iclaslarda çıxış edənlərə söz verir, iclas zamanı istifadə olunan ümumi prosedurlara riayət olunmasını təmin edir, iclaslarda müzakirə edilən məsələləri səsə qoyur və qərarları elan edir. Şuranın işini təşkil edir və iclaslara sədrlik edir;
 
4.2.2. Şuranın qərarlarının icrasına nəzarət edir;
 
4.2.3. Şuranın iclaslarında qəbul olunmuş qərarları təsdiq edir;
 
4.2.4. Şuranın iclaslarının protokollarını imzalayır;
 
4.2.5. Şuranın iclaslarının gündəliyini təsdiq edir;
 
4.2.6. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirləri həyata keçirir.
 
4.3. Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun və ya Cəmiyyətin direktorunun təşəbbüsü ilə keçirilir;
 
4.4. Şuranın iclasları üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli sayılır.
 
4.5. Şuranın növbəti və növbədənkənar iclaslarının keçirilmə yeri, vaxtı və ünvanı barədə Şura üzvlərinə iclasın ehtimal olunan vaxtından ən azı 3 (üç) iş günü əvvəl yazılı bildiriş və ya rabitə əlaqəsi vasitəsilə şəxsən çatdırılır.
 
4.6. Şura üzvü iclaslarda şəxsən iştirak etməlidir. Şuranın üzvü iclasda iştirak edə bilmədiyi təqdirdə o, bu barədə Şura sədrini əvvəlcədən məlumatlandırmalıdır.
 
4.7. Şuranın iclaslarına sədrliyi Şuranın sədri, katiblik işini isə Şuranın məsul katibi yerinə yetirir.
 
4.8. Şuranın məsul katibi Şura üzvləri və ya Nazirliyin əməkdaşları sırasından təyin olunur.
 
4.9. Şurasının məsul katibi aşağıdakı vəzifələri icra edir:
 
4.9.1. Şuranın sədri tərəfindən həvalə edilmiş bütün tapşırıqları yerinə yetirir,
 
Şuranın kargüzarlıq işini təşkil edir, Şuraya daxil olan və xaric olan sənədlərin, iclaslarda qəbul olunan qərarların qeydiyyatını aparır və onları lazımi qaydada saxlayır;
 
4.9.2. Şuranın iclaslarının keçirilməsi üçün hazırlıq işləri aparır, iclasların təşkil edilməsi ilə bağlı zəruri məsələləri həll edir;
 
4.9.3. Şuranın iclaslarında baxılması nəzərdə tutulan materialları hazırlayır, zərurət yaranarsa sənədlərin tərcüməsini təmin edir və onları üzvlərə çatdırır;
 
4.9.4. Şuranın iclaslarının gündəlik və protokollarını Şura üzvlərinə çatdırılmasını, zərurət yaranarsa imzalanan protokolların Şura üzvlərindən alınmasını təmin edir;
 
4.10. Şuranın iclaslarının reqlamenti:
 
4.10.1. Şuranın iclası başlayan zaman sədr iclasda yetərsayın olub olmamasını müəyyən edir. Şura üzvü iclasda iştirak etməyəcəyi barədə öncədən məlumat veribsə bu barədə elan olunur;
 
4.10.2. Şuranın iclasında yetərsay müəyyən edildikdən sonra Şura sədri iclası açıq elan edir və gündəlik barədə məlumat verir;
 
4.10.3. Şuranın iclasında hər hansı məsələ ilə əlaqədar çıxış etmək üçün Cəmiyyətin müvafiq ixtisaslı əməkdaşları və ya aidiyyəti məsələ üzrə mütəxəssislər dəvət edə bilərlər;
 
4.10.4. sədr və ya hər hansı üzvü gündəlikdə olan məsələnin natamam olması barədə təklif edərsə və bu təklif səs çoxluğu ilə dəstəklənərsə, qeyd olunan məsələnin müzakirəsi dayandırılaraq bu məsələyə dair tam məlumatın alınması barədə qərar qəbul edilir və həmin təklif səsverməyə qədər geri çağırılır;
 
4.10.5. Şura eyni məsələ ilə əlaqədar təklifləri onların irəli sürülməsi ardıcıllığından asılı olaraq səsə qoyur. Ardıcıllıqla birinci sırada olan təklif səsə qoyulduqdan sonra Şura digər təkliflərin müzakirə edilib edilməməsinə dair qərar qəbul edir.
 
 
4.11. Şuranın iclasları müvafiq qaydada protokollaşdırılır, protokolu və protokola əlavələri sədr, üzvlər və məsul katib imzalayır. İclasın protokolunda iclasın yeri, vaxtı, iştirakçıları, gündəliyi, çıxışların xülasəsi, səsvermənin nəticələri və iclasın qərarları əks etdirilir.
 
5. Şuranın qərarları

5.1. Şura "Texnologiyalar parkı haqqinda" Nümunəvi Əsasnamə və "Yüksək Texnologiyalar Parkı – "YT Park" MMC-nin Nizamnaməsi əsasında "Yüksək Texnologiyalar Parkı – "YT Park" MMC-nin fəaliyyəti barəsində bu
Əsasnamə ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində qərarlar qəbul edir.
 
 
5.2. Şuranın qərarları Şura üzvlərinin açıq səsverməsi yolu ilə qəbul edilir. Şuranın hər bir üzvü bir səsə malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər bölündükdə, Şura sədrinin səsi həlledici hesab edilir;
 
5.3. Şura üzvünün digər şəxsin əvəzinə səs verməsi qadağandır.
 
 
5.4. Şura tərəfindən başqa hal nəzərdə tutulmayıbsa, qərarlarla bağlı səsvermə əllərin qaldırılması yolu ilə həyata keçirilir.
 
 
5.5. Şuranın növbədənkənar iclasları keçirildikdə, müstəsna hallarda Şuranın üzvü gündəlikdə olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməklə ("lehinə" və ya "əleyhinə"), imzası qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməklə, yazılı sənəd vasitəsi ilə səsvermədə qiyabi iştirak edə bilər.
 
 
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış elektron imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron sənədin və elektron imzanın istifadə olunması qaydaları müvafiq qanunvericiliklə tənzimlənir.
 
 
5.6. Şuranın qərarları Cəmiyyət və rezidentləri üçün məcburi xarakter daşıyır.
 
5.7. Şuranın iclaslarında qəbul olunmuş qərarlar aidiyyəti üzrə göndərilir, bir nüsxəsi isə Cəmiyyətdə saxlanılır.

 
6. Yekun müddəalar

 
6.1. Bu Əsasnaməyə Şuranın qərarı ilə qəbul edilmiş təkliflər əsasında Nazirin əmri ilə dəyişikliklər edilə bilər.



Baxış sayı: 1496

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024