12px13px15px17px
Tarix:13/07/15

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Rabitə və yüksək texnologiyalar naziri cənab Ə.Abbasovun çıxışı

Möhtərəm cənab Prezident!


Sizin rəhbərliyinizlə ölkəmizdə sosial iqtisadi sferanın bütün sahələrində olduğu kimi, hesabat dövründə, rabitə və yüksək texnologiyalar sahəsində də inkişaf təmin edilmiş və bu sahədə bir sıra uğurlara imza atılmışdır. Belə ki, sektorda gəlirlərin artımı 12%  təşkil etmişdir ki, bu da müvafiq ümumdünya orta göstəricisindən təxminən 1.5 dəfə yüksəkdir. Telekommunikasiya sektorunda mobil rabitə xidmətləri göstərən üç operatorun ümumi gəlirləri ötən ilin uyğun dövrünə nisbətdə təxminən 6% artmış, bütün ölkə üzrə 3-cü, Bakı və Abşeron yarımadasında isə 4-cü nəsil texnologiyasının tətbiqi genişləndirilmişdir. Beynəlxalq telekommunikasiya İttifaqının hesabatına əsasən, ölkəmiz ərazisinin 100%-li 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır. Stasionar rabitə xidmətlərinin genişləndirilməsi istiqamətində, hesabat dövründə, əsasən kəndlərdə optik rabitə infrastrukturunun inkişafına diqqət verilmişdir. Son altı ayda 100-dən çox kəndin bu sistemə çıxışı təmin olunmuş və beləliklə, Azərbaycan kəndlərinin 80%-i müasir standartlara cavab verən, həmçinin, genişzolaqlı xidmətlərə çıxışı olan stasionar telekommunikasıya şəbəkəsinə qoşulmuşdur.


Hesabat dövründə, ümumiyyətlə, ölkə üzrə genişzolaqlı internet infrastrukturu, həm stasionar, həm də mobil internet xidmətlərinin göstərilməsi genişləndirilmişdir. Bu gün ölkəmizdə internet istifadəçilərinin sıxlığı təxminən 75%, genişzolaqlı internet istifadəçilərinin sıxlığı isə 65%-dir. Əksər beynəlxalq təşkilatlar və özəl reytinq şirkətləri bu göstərici və internet azadlığına görə Azərbaycanı Mərkəzi Asiya və MDB ölkələri regionunda lider kimi qiymətləndirirlər.


Radio və televiziya yayımı infrastrukturunun inkişafında ölkəmiz bu sahədə əsas vəzifəni – rəqəmli televiziya yayımına keçidi tam təmin etmiş və BTİ-nin bu uğura imza atmış 50 ölkə sırasına daxil olmuşdur. İndi biz MTRŞ ilə razılaşdırıb analoq efiri dayandırmalı, kommersiya və xüsusi təyinatlı istifadə üçün çox vacib sayılan tezlikləri onlara ayırmalıyıq. Ümumiyyətlə, ölkəmizdə radio və televiziya yayımında vəziyyət inkişaf etmiş ölkələr səviyyəsindədir. Bu gün rəqəmsal yerüstü yayım, kabel televiziyaları, peyk, rabitə şəbəkələri üzərində və İnternet radio və televiziyalar vasitəsi ilə əhalinin təkcə Azərbaycan yox, həmçinin yüzlərlə xarici teleproqramlara çıxışı təmin olunmuşdur.


 Ölkə və sərhədyanı ərazilərdə əsas tezliklər spektri boyu radiotexniki monitorinq sistemi hesabat dövründə tam qurulub istifadəyə verilmişdir. İndi ölkəmizin istənilən coğrafi nöqtəsində həm mülki, həm də xüsusi təyinatlı tezliklərə müdaxilə olarsa, sistem müdaxilənin parametrlərini, o cümlədən daxildə və xaricdə olan müdaxilə mənbələrinin koordinatları haqqında operativ məlumatları uyğun təşkilatlara çatdırır.


Hesabat dövründə elektron xidmətlərin verilməsi, elektron imza və "Elektron hökumət" portalının inkişafı təmin olunmuşdur. Artıq 44 hökumət və dövlət orqanlarından "Elektron hökumət" portalına 421 xidmət inteqrasiya olunaraq vahid elektron pəncərə sistemi vasitəsilə vətəndaşlara və iş adamlarına verilir. Portalın istifadəyə verilməsindən 2 il 6 ay müddətində əhali, fiziki və hüquqi şəxslərə 12 milyondan çox elektron xidmət verilmişdir. Portalın istifadəçilərinin sayı isə 2 mln.-dan çoxdur. Vergilər Nazirliyinin elektron imza sertifikatlar mərkəzində verilən "ASAN imza" sistemi İslam Konfransı Təşkilatının rəhbərliyinin diqqətini cəlb etmiş və təşkilat ölkələri arasında standart elektron imza kimi istifadə olunması müzakirə olunur.
Elektron informasiya resurslarının yaradılması və regional İT xidmətlərinin verilməsində son 6 ayın uğurlarından biri də regional informasiya-hesablama mərkəzinin – DATA Mərkəzinin yaradılmasıdır ki, mərkəzin istifadəyə verilməsi sentyabr ayına planlaşdırılmışdır. Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) bu DATA mərkəzinin resurslarının təxminən 30%-ni MDB və Mərkəzi Asiya ölkələrinin regional əməkdaşlığı üçün istifadə edəcəyini planlaşdırmışdır və mərkəzin açılışında Baş direktor səviyyəsində iştiraklarını bildirmişdir.


Kosmik sənayenin inkişafı istiqamətində "Azerspace-1" fəaliyyətini genişləndirmiş, 130-dan çox xarici  televiziya kanalları, o cümlədən Gürcüstan, Türkiyə, Rusiya və bir sıra digər xarici ölkələrin telekanalları və xüsusi rabitə sistemləri peykin resurslarını kommersiya müqavilələri əsasında istifadə edir. Maliyyə Nazirliyi tərəfindən koordinasiya olunan "Azərkosmos" ASC-nin səmərəli fəaliyyəti  nəticəsində ötən il ixracdan 9 mln. ABŞ dolları, bu il isə 16 mln. ABŞ dolları gəlir götürülməsi planlaşdırılır və təxminən 6-8 mln. ABŞ dolları da Maliyyə Nazirliyi tərəfindən əlavə edilərək kreditlərin qaytarılması həyata keçirilir. "Azərkosmos" ASC-nin planlarına görə,  2016-cı ildən kreditlər öz gəlirləri hesabına ödəniləcəkdir.


Hesabat dövründə  Yer səthinin müşahidə peyki "Azersky" bir neçə fransız peyki ilə qruplaşmaya daxil olmuş və artıq kommersiya fəaliyyətinə başlamışdır. Hesablamalara görə, "Azərkosmos" ASC "Azersky"  üçün kreditlərin verilməsində  dövlət maliyyə  resurslarına müraciət etməyəcək.


Dövlət Sərhəd Xidməti artıq peyklərin xüsusi təyinatlı istifadəsinə başlamış, digər güc strukturlarına isə xüsusi xidmətlərin verilməsi üzrə müzakirələr aparılır. Sayca üçüncü peykin – "Azerspace-2"-nin 2017-ci ilə planlaşdırılan buraxılışı istiqamətində işlər davam etdirilir. Ümumiyyətlə, kosmik fəzada fəaliyyətimizdə əsas tələblərdən biri rentabellilikdir və bu sahədə I Avropa Oyunlarında radio-televiziya yayımında istifadə olunan dörd peykdən birinin "Azerspace-1"-in olması və onun həmçinin  Oyunların ehtiyat rabitə sistemində istifadə olunması "Azərkosmos" ASC-nin dünya kosmik bazarında rəqabətlilik qabiliyyətinə çox müsbət təsir etmişdir.


Nüvə texnologiyalarının sülh məqsədləri ilə istifadəsi sahəsində Milli Nüvə Tədqiqatları Mərkəzinin tikintisi davam etdirilmiş, regionda ilk olan, kənd təsərrüfatı və təbabətdə sterilizasiya məqsədli "Qamma şüalanma kompleksi"nin qurulması işləri  başa çatmaq üzrədir və bu ilin noyabr ayında istifadəyə verilməsi planlaşdırılır. Tədqiqat nüvə reaktorunun layihələndirilməsi üzrə Beynəlxalq Atom  Enerji Agentliyi ilə razılaşdırılması ölkəmizdə bu sahə üzrə tənzimləyici orqan olan Fövqəladə Hallar Nazirliyi ilə birgə həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə nüvə materialları yataqlarının  arxeoloji axtarışına başlanılmışdır. Bu işlərdə məqsəd, əgər kifayət qədər resurslar tapılarsa, ölkəmizdə atom yanacağının istehsalı təkliflərini hazırlayıb hökumətə təqdim etməkdir.


İqtisadiyyat və Sənaye Nazirliyinin tövsiyələri və əməkdaşlığı ilə texnoloji-tutumlu və innovativ yönümlü məhsul və xidmətlərin istehsalı və əsasən qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsinə yönələn bir neçə layihə üzrə təkliflərin hazırlanması başa çatmaq üzrədir. Hesabat dövründə Sizin Fərmanınızla yaradılan Mingəçevir Yüksək Texnologiyalar Parkı, bu il istifadəyə verilməsi planlaşdırılan Pirallahı Yüksək Texnologiyalar Parkı, İKT-nin inkişafı üçün Dövlət fondu digər uyğun təşkilatlarla bərabər, xarici investorların diqqətini cəlb etmişdir. Bu gün bizim əsas məqsədimiz İKT sektorunun inkişafı üçün qeyri-dövlət maliyyə resurslarının cəlb edilməsi və onların düzgün istifadəsidir. Məsələn, "Azərpoçt" MMC Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə poçt sistemində maliyyə və bank xidmətlərinin inkişafı layihəsi üzrə Dünya Bankından götürdüyü kreditləri bu layihənin tətbiqi nəticəsində əldə etdiyi gəlirlərin hesabına qaytarır. Digər bir misal kimi, "Aztelekom"un regionlarda genişzolaqlı internetin inkişafı üçün heç bir zəmanət olmadan Amsterdam TRADE bankından götürdüyü və uğurla ödədiyi kreditləri gətirmək olar.


Bir məqamı da qeyd etmək vacibdir ki, bazarda aktivlik var, özəl sektor çox fəaldır. Nazirlik öz səlahiyyətləri çərçivəsində rəqabət mühitinin normal çərçivədə saxlanılması  üçün müvafiq tədbirlər görür. Kiçik və orta güclü şirkətlər, talantlı gənclərdən ibarət "start-up"lar İKT sektorunda xüsusi aktivlik nümayiş etdirirlər və "start-up" şirkətlərinin inkişafı və vençur maliyyələşdirilməsi üçün özəl maliyyə mənbələrinin cəlb olunması istiqamətlərində hesabat dövründə ardıcıl işlər görülmüş və ilin sonuna qədər təkliflər paketinin hazırlanması nəzərdə tutulur.

      Möhtərəm cənab Prezident!

İcazənizlə, Sizi əmin edirəm ki, biz - rabitə və yüksək texnologiyalar sektorunda çalışan  əməkdaşlar gələcəkdə də Sizin rəhbərliyinizlə vətənimizin, Azərbaycan xalqının xoşbəxt gələcəyi uğrunda həyata keçirilən işlərdə üzərimizə düşən vəzifələri var qüvvəmizlə yerinə yetirəcəyik.

 
Diqqətinizə görə sağ olun.
 
 



Baxış sayı: 1457

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024