12px13px15px17px
Tarix:15/07/15

Azərbaycan hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə dünya orta göstəricisini 1.8 dəfə qabaqlayır

"Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində faktiki vəziyyətin qiymətləndirilməsi" mövzusunda ölkə əhalisi arasında informasiya sorğusu keçirilib. Azərbaycan Marketinq Cəmiyyəti (AMC)  tərəfindən aparılan araşdırma zamanı cəmiyyət üçün maraqlı olacaq nəticələr ortaya çıxıb. Bu gün "Four Seasons" mehmanxanasında sözügedən sorğunun nəticələri açıqlanıb.
 

Tədbiri Azərbaycan Marketinq Cəmiyyəti idarə heyətinin sədri Nigar Hüseynzadə açıb.


Tədbirdə dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, İKT şirkətlərinin nümayəndələri, eləcə də informasiya texnologiyaları sahəsində çalışan iş adamları və kütləvi informasiya vasitələrinin  nümayəndələri iştirak ediblər.
 
 
AMC-nin layihə rəhbəri Əşrəf Hacıyev əvvəlcə təmsil etdiyi təşkilat haqqında məlumat verərək bildirib ki, adıçəkilən cəmiyyət 2000-ci ildə yaradılıb və bu vaxta qədər 100-dən çox böyük layihə həyata keçirib.
Ə.Hacıyev qeyd edib ki, AMC İKT sektorunun ölkəmizin aparıcı və prioritet sahəsi olmasını, gələcək davamlı iqtisadi inkişaf üçün yüksək potensialını nəzərə alaraq, Azərbaycanın bu sektorunda son illər həyata keçirilən tədbirlərin nəticələrinin qiymətləndirilməsi məqsədi ilə sözügedən araşdırmanı həyata keçirib. Onun sözlərinə görə, müvafiq metodoloji yanaşmaya əsaslanaraq həyata keçirilən araşdırma Azərbaycan Respublikasının əhalisinə və onun İKT-yə münasibətdə davranışına yönəlib. 
 
 
Araşdırmanın əsas hissəsi olan sorğu respondentlərin evində üzbəüz müsahibə şəklində 7182 ailə üzvü arasında aparılıb və ev təsərrüfatlarının seçimi sistemli təsadüfi seçim əsasında həyata keçirilib.
 
 
"Araşdırmaya əsasən, ölkə üzrə ev təsərrüfatlarının 69,0%-də kompüter mövcuddur və hər 100 nəfərə düşən kompüterlərin orta hesabla sayı isə 28-dir. Mənzillərdə kompüterin olması məsələsində paytaxtla regionlar arasında fərqlər var. Faiz göstəricilərinə görə, Bakıdakı ev təsərrüfatlarında regionlarla müqayisədə daha çox kompüter vardır. Eyni zamanda məlum olub ki, ölkədə noutbuk istifadəçilərinin sayı artıb. Hazırda ev təsərrüfatlarında olan kompüterlərin 50 faizini noutbuklar təşkil edir.
Rəyi soruşulanların 30%-i növbəti 6 ayda kompüter almağı planlaşdırdığını bildirib. Həmçinin, sorğuya əsasən, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 72%-ə bərabərdir və bu göstərici üzrə Azərbaycan dünya orta göstəricisini 1.8 dəfə  qabaqlayır".
 
 
Məlum olub ki, öz mənzillərindən internetə daxil olan istifadəçilərin sayı daha çoxdur. Bu, ümumi internet istifadəçilərinin 56 faizini təşkil edir. Faiz göstəricilərinə görə daha sonrakı yerləri iş yerlərindən, internet kafelərdən, açıq "Wi-Fi" şəbəkəsi olan iaşə obyektlərindən və başqasının evindən internetdə daxil olanlar tutur.
 
 
Ev təsərrüfatlarının 71%-nin internetə çıxışı vardır və istifadəçilərin 84%-i internetə ev və mobil telefonlardan genişzolaqlı vasitələrlə qoşulub.
 
Layihə rəhbəri bildirib ki, dünyada, o cümlədən Azərbaycanda yüksəksürətli qoşulmalara tələbatın durmadan artdığı bir şəraitdə ölkədə bu göstəricinin indiki səviyyəsi İKT xidmətlərinin tətbiq səviyyəsinin yüksək olmasından və ölkədə son illər bu sahədə əldə olunmuş inkişafdan xəbər verir.
 
 
Ə.Hacıyevin sözlərinə görə, araşdırma zamanı Azərbaycanda mobil internetə qoşulmanın daha çox populyar olduğu məlum olub. Bu cür qoşulmadan istifadə edənlər mobil internetin hər an üzərilərində olmasını əsas gətirərək onunla internetə daxil olmağın daha rahat olduğunu bildiriblər. 
 
 
İnternet istifadəçilərinin maraq dairəsinə gəldikdə isə məlum olub ki, respondentlərin 62 faizi internetdən sosial şəbəkələrə daxil olması üçün istifadə edir. Digər yerdə film və gündəlik xəbərləri izləyənlər durur.
 
 
 
Ə.Hacıyev əlavə edib ki, sorğu zamanı valideynlərin uşaqlarına internetdən istifadə edərkən nəzarətin zəif formada həyata keçirildiyi məlum olub. Belə ki, respondentlərin yalnız 23 faizi nəzarət mexanizmlərindən istifadə etdiyini bildirib.
 
 
Respondentlərin 42 faizi Azərbaycan hökumətinin İKT-nin inkişafı istiqamətində verdiyi dəstək və gördüyü işlərdən məmnun qaldığını ifadə edib.
 
 Eləcə də rəyi soruşulanların 43 faizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT istiqamətindəki fəaliyyətindən məmnun olduğunu bildirib.
 
 
Ümumiyyətlə, sorğu nəticələri Azərbaycanda İKT sektorunun gələcəyinə ümidlə baxması üçün əsas verir. Əhalinin rəyi, digər mənbələr və əvvəlki illərlə müqayisəsi əsasında demək olar ki, ölkədə İKT sektorunun inkişaf dinamikası yüksəkdir və bu sahədə geniş potensial formalaşıb.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 1411

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024