12px13px15px17px
Tarix:27/07/15

ELON MASK- sahibkar, ixtiraçı və investor


“Persona” rubrikasında bu dəfə bir neçə nüfuzlu şirkətin qurucusu kimi tanınan sahibkar, ixtiraçı və investor Elon Maskın həyat tarixçəsini təqdim edəcəyik.

O, informasiya texnologiyaları, raket istehsalatı və avtomobil istehsalı sahəsində böyük uğurlara nail olub. Mask “SpaceX”, “SolarCity”, “Tesla Motors” və “PayPal” şirkətlərin yaradıb. O, həmçinin “Hyperloop” kimi  yüksəksürətli nəqliyyat sistemi konsepsiyasının müəllifidir.
 
 
XXI əsrin 75 ən nüfuzlu insanından biri
 
Təsadüfi deyil ki, 2008-ci ildə “Esquire” jurnalı Maskı XXI əsrin 75 ən nüfuzlu insanı siyahısına daxil edib. O, 2011-ci ilin iyununda  500 min ABŞ dolları dəyərində kosmosun kommersiyalaşması sahəsindəki nailiyyətlərinə görə Haynlayn mükafatına layiq görülüb.  Həmin ilin fevralında “Forbes” jurnalı Maskı  40 yaşa qədər 20 ən nüfuzlu CEO siyahısına daxil edib. 2013-cü ilin noyabrında “Fortune Magazine” onu ilin biznesmeni, “The Wall Street Journal” isə ilin CEO-su adlandırıb.
 
 
İnternet, yenilənən enerji mənbələri və kosmik sahə - əsas maraq dairəsi...
 
Elon Mask 1971-ci il, 28 iyun tarixində Cənubi Afrika Respublikasının Pretoriya şəhərində dünyaya gəlib. Maskın 10 yaşı olanda atası ona ilk kompüterini (Commodore VIC-20) alır. O,   proqramlaşdırmanı müstəqil öyrənməyə başlayır. On iki yaşı olarkən ilk proqramını – “Blast Star” adlı videooyunu 500 dollara satır. Mask 17 yaşında Kanadaya Kuins Universitetində oxumağa gedir, 21 yaşında Pensilvaniya Universitetində biznes və fizikanı öyrənir. Kaliforniyaya köçən Mask  1995-ci ildə Stenfordda tətbiqi fizika sahəsində doktorluq dissertasiyası üzərində işə başlayır, internet, yenilənən enerji mənbələri və kosmik sahələrlə praktiki məşğul olmaq üçün proqramı yarımçıq qoyur. O, 2002-ci ildə Amerika vətəndaşlığını alır.
 
 
İlk addımlar...
 
Bu mərhələdən onun aktiv sahibkar və yaradıcılıq fəaliyyəti başlanır. Mask 1995-ci ildə qardaşı ilə birgə “Zip2” adlı ilk şirkətini qurur. Şirkət qəzet və jurnallar üçün hostinq xidməti təqdim edirdi.
O, 1999-cu ildə elektron ödənişlərlə məşğul olan “X.com” şirkətinin əsasını qoyur. Mask bu istiqamətin inkişafının böyük gələcəyini görürdü. O, “X.com Confinity” şirkətini əldə edir. Bu şirkətlərin birləşməsi nəticəsində “Paypal” şirkəti yaranır. “Paypal” onlayn ödəniş  sistemi “e-Bay”-də əsas ödəmə vasitəsi kimi istifadə olunması sayəsində məşhurlaşdı.
 
 
Kosmik sistemlərin kommersiya operatorunu yaradır
 
2002-ci ilin iyununda Mask özünün üçüncü şirkətinin – “SpaceX”-in (Space Exploration Technologies) əsasını qoyur. Şirkət raket-daşıyıcılar seriyasının şəxsi istehsalçısı və kosmik sistemlərin ticarət operatoru kimi fəaliyyət göstərir.  “SpaceX” “Falcon” seriyası raket daşıyıcısının iki modelini hazırlayıb və kosmosa buraxıb: “Falcon 1” və “Falcon 9”.  “Falcon Heavy” isə hazırlanmaqdadır.
“Dragon” isə “SpaceX” şirkətinin  kosmik gəmisidir. “Commercial Orbital Transportation Services” (COTS) proqramı çərçivəsində NASA sifarişi əsasında hazırlanıb.
Bu yaxınlarda “SpaceX” kosmik şirkəti kənd və regionlarda internetə çıxışı təmin edə biləcək kosmik peyklərdən istifadə üçün ABŞ Federal Rabitə Komissiyasına müraciət edib. Şirkət gələn il ilk iki peykin buraxılışı ilə bağlı planları komissiya ilə razılaşdırıb. Peyklər “MICROSAT 1a” və “MICROSAT 1b” adlanır.
İlkin tədqiqatların nəticələrinə əsaslanan “SpaceX” səkkiz peykin sınaq buraxılışlarını planlaşdırır.  İlk iki peyk genişzolaqlı antena ilə təchiz ediləcək və Yerə internetə qoşulmanı yayımlayacaq.
 
 
Şirkətini elektromobillər istehsalında dünya lideri edib
 
Mask 2003-cü ildə Martin Eberhard, Mark Tarpenninq, Cey-Bi Straubel, İan Rayt ilə birlikdə yeni şirkət ərsəyə gətirdi. “Tesla Motors” adlandırılan şirkətin ilk məhsulu “Tesla Roadster”  idman elektrik avtomobili oldu. Rəsmi nümayiş 19 iyul 2006-cı il Kaliforniyanın Santa-Monika şəhərində keçirildi.

Müxtəlif illərdə şirkət “Tesla Model S”, “Tesla Model X”, “Model 3” məhsullarını təqdim edib.

Bu ilin mayından “Tesla” şirkəti ev və mənzilləri elektrik enerjisi ilə təmin etmək üçün elektrik batareyaları yaradaraq istehsalına başlayıb. İndiyədək “Tesla” elektrik mühərrikli avtomobillər istehsalında dünya lideri kimi tanınıb. Hazırda şirkət fəaliyyətini yaşayış evləri və ictimai iaşə müəssisələrini elektrik enerjisi ilə təchiz etmək istiqamətində genişləndirir.
E.Mask açıqlamasında qeyd edib ki, biz bazara yeni məhsulla - “Powerwall” ev batareyası ilə çıxırıq. Görünür, ABŞ neft və qazı keçmişdə qoyaraq yeni energetikaya keçməli olacaq. Biz evləri günəş enerjisi və yaradılan elektrik enerjisini saxlamağa imkan verən yeni nəsil batareyaları birləşdirməklə elektrik enerjisi ilə təmin edəcəyik”.
“Powerwall” günəş şüaları ilə işləyən generatordan enerji toplaya bilən litium-ion batareyadır.  Mask deyib: “Biz kömür, mazut və ya digər faydalı yanacaqla işləyən ənənəvi elektrik stansiyalardan tam imtina etməyə imkan verən sistem yaratmışıq”.
Onu da qeyd edək ki, Mask 2006-cı ildə Lindon və Piter Rayv ilə birgə “SolarCity” şirkətinin əsasını qoyub. Hazırda Birləşmiş Ştatlarda günəş energetika sistemlərinin ikinci ən böyük təchizatçısıdır.
 
 
 
Süni intellektə xüsusi önəm verir
 
Elon Mask daima yeni texnologiyaların  inkişafını müşahidə edir və öz layihələrinə ən yeni texnologiyaları tətbiq edir. Həmçinin Mask süni intellektin yaradılması üzrə  layihələrə sərmayə qoyur.
Elon Mask bu günlərdə süni intellektin təhlükəsizliyi üzrə “Future of Life Institute” tədqiqatına 7 milyon dollar məbləğində kömək edib. Onu da xatırladaq ki, 2014-cü ildə Mask artıq bu məqsəd üçün 10 milyon dollar xərcləyib və “ağıllı” kompüter sistemlərinə nəzarət üzrə 300-dən çox tədqiqat layihəsi arasında 37 ən perspektivli layihəni seçib.
Milyarder süni intellektin çox sürətli inkişafı ilə bağlı narahatçılığını heç vaxt gizlətməyib. Belə ki, o, ötənilki müsahibəsində bildirib ki, bu texnologiya nüvə silahından da daha təhlükəli ola bilər və insanlar bu gün süni ağlın inkişaf potensialını qiymətləndirmirlər.
 
 
 
Xeyriyyəçiliyi də unutmayan Elon Mask
 
İşlərinin çoxluğuna və fəaliyyətinin geniş sahəni əhatə etməsinə baxmayaraq Maks xeyriyyəçiliyi də unutmur. Belə ki, o, Mask Fondunun sədridir. Bu fond  təhsil, uşaq səhiyyəsi və təmiz enerji sahələrinə maliyyə yardımı göstərmək məqsədləri daşıyır.
Mask yenilənən enerji texnologiyalarını populyarlaşdıran X Prize Fondunun qəyyumudur. O, Kosmik Fondun Direktorlar Şurasına, Aeronavtika və Kosmik Texnika Milli Akademiyası Şurasına daxil edilib.  Stenfordun mühəndis konsultant şurasının üzvüdür. Mask eyni zamanda Kaliforniya Texnologiya İnstitutunun qəyyumlar şurasının üzvlüyünə qəbul olunub.
 
Cahangir Atakişiyev
 
 



Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024