12px13px15px17px
Tarix:31/07/15

İnternetin köməyi ilə dələduzluğun qarşısı alınacaq

Azərbaycan Tarif Şurası ölkədə satışa çıxarılan dərmanların qiyməti ilə bağlı verdiyi son qərarı ilə əlaqədar olaraq ictimaiyyətin internet üzərindən müzakirəsini təşkil edib.
 
Bu səbəbdən də şura özünün rəsmi internet səhifəsində “Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəli”ni (http://www.tariff.gov.az/documents/Muqayise.pdf) yerləşdirib.
 
 
Qeyd edək ki, Tarif (qiymət) Şurasının növbəti iclasında dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılması ilə bağlı qərar qəbul edilib. İclasda ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq olunub.
 
Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik olan digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək. Həmin tarixdən etibarən şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilib. Hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri enib.
 
 
Məlumat üçün bildirək ki, qərar qüvvəyə mindikdən sonra heç kəs dərmanları istədiyi qiymətə sata bilməyəcək. Ölkədə vahid qiymət formalaşdırılacaq və bu siyasəti pozanlar cəzalandırılacaq.
 
Bununla belə vətəndaşların da dərmanların qiymətinə nəzarət etmək imkanı olacaq. Hər bir alıcı ona şübhəli olan qiyməti Tarif Şurasının saytına daxil olmaqla dəqiqləşdirə biləcək. Bundan sonra “işbazlar” alıcıları aldada bilməyəcək.
 
 
SEYMUR



Baxış sayı: 521

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024