12px13px15px17px
Tarix:12/08/15

107 minə yaxın şəxsə iş yerinə dair arayış elektron formada verilib

Ölkədə iş yerinə dair kağız formasında arayışların elektron arayışlarla əvəzlənməsi prosesi getdikcə sürətlənir.
 
Bunu statistika da təsdiq edir. Belə ki, ötən ilin dekabrında istifadəyə verilən və həmin vaxtdan da əhalinin “Elektron hökumət” portalı üzərindən ən çox faydalandığı elektron xidmətlərdən biri olan “İş yerinə dair arayış” e-xidmətindən cari il avqustun 1-dək artıq 106942 dəfə istifadə edilib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)  “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edən vətəndaşların sayı cari ilin yanvar ayı ilə müqayisədə 86 faiz artaraq iyul ayında 18547 nəfər təşkil edib.
 
Bu e-xidmət vətəndaşlara işəgötürənə müraciət etmədən, bunun üçün vaxt və əziyyət sərf etmədən ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün qısa müddətdə iş yeri haqqında e-arayış əldə etməyə imkan verir. İş yerinə dair e-arayışda işəgötürən və işçi barədə məlumatlar, onlar arasında  əmək müqaviləsinin bağlandığı tarix, həmin müqavilənin müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əksini tapır.
 
Nazirlikdən bildirilib ki, arayış əməkhaqqı göstərilməklə və ya göstərilmədən əldə edilə bilər. Vətəndaşlar aktiv əmək müqaviləsi əsasında iki və daha artıq iş yerində işlədikləri halda öz seçimləri əsasında bu və ya digər iş yerinə dair e-arayışı əldə etmək imkanına malikdirlər.
 
Eyni zamanda, e-arayışın təqdim edildiyi təşkilatlar sənəddə qeyd olunan ştrix-kod vasitəsilə “E-hökumət” portalındakı “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidmətindən istifadə  edərək, e-arayışdakı məlumatların, o cümlədən əməkhaqqı barədə göstərilənlərin düzgünlüyünü yoxlaya bilirlər. Bütün bunların nəticəsi kimi, iş yerinə dair kağız formasında arayışlar sürətlə elektron arayışlarla əvəzlənir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 531

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024