12px13px15px17px
Tarix:17/08/15

BTİ-nin Baş katibi: “İnformasiya-kommunikasiya texnologiyaları gənc insanların hüquq və imkanlarının genişləndirilməsi üçün vacib alətdir”

Cari ilin hər ayını informasiya texnologiyaları sahəsi ilə əlaqəli müxtəlif mövzulara həsr edən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ənənəsini davam etdirir. Təşkilatın 150 illiyi ilə bağlı başlayan təşəbbüsə və tematik təqvimə uyğun olaraq, BTİ avqust ayında müzakirələrin “Rəqəmli uçurumun aradan qaldırılması” mövzusu ətrafında aparılmasını tövsiyə edir.

 
 
Rəqəmli fərqin aradan qaldırılması üçün yeni innovasiyaların axtarışı Ümumdünya Humanitar Günündə də diqqət mərkəzində olacaq

 
Rəqəmli uçurumun aradan qaldırılmasının öhdəsindən gəlmək üçün innovasiyaları təşviq edən BTİ bu məqsədlə 19 avqust - Ümumdünya Humanitar Günündə xüsusi tədbirin təşkilini nəzərdə tutur.  Bu tarix 11 dekabr 2008-ci ildə BMT-nin Baş Assambleyasının qətnaməsi ilə elan edilib. Belə ki, 19 avqust 2003-cü ildə BMT-nin Bağdaddakı qərargah-mənzilində törədilən partlayış nəticəsində 22 nəfər həlak olmuşdu. Ümumdünya Humanitar Günü başqalarını xilas edərkən həlak olanların xatirəsini yad etmək üçün təsis edilib. Beləliklə, rəqəmli fərqin aradan qaldırılması, problemin öhdəsindən gəlmək üçün yeni innovasiyaların axtarışı sözügedən tədbirdə də diqqət mərkəzində olacaq.
 
 

 
İKT sahəsi müxtəlif ölkələrdən olan cavan insanlar üçün iş imkanlarını artırır
 

 
Rəqəmli fərqin məşğulluqla əlaqəsini də təhlil edən BTİ-nin araşdırmaları göstərir ki, dünya əhalisinin, demək olar ki, yarıdan çoxunun yaşı 25 ildən azdır. Beynəlxalq Əmək Təşkilatının (BƏT) qiymətləndirmələrinə görə, yaşı 25 ildən gənc olan 72-73 milyon insan iş yerinə malik deyil, eyni zamanda bu rəqəm işsizlik üzrə ümumdünya göstəricisi olan 40 faizə uyğundur. Belə bir məqamda İKT sahəsi müxtəlif ölkələrdən olan cavan insanlar üçün yeni iş imkanlarını artırır.
 

 
Dünyada internet istifadəçilərinin 45 faizi 25 yaşdan daha gənc olanların payına düşür
 

 
BƏT-in məlumatına görə, dünyada internet istifadəçilərinin 45 faizi 25 yaşdan daha gənc olanların payına düşür. Eyni zamanda əsas iqtisadi sektorlarda - kənd təsərrüfatından ticarətə qədər, eləcə də səhiyyədə İKT əsasında yeni əlavələr, proqramların artımı müşahidə olunur. Bu da öz növbəsində müvafiq vəzifələri yerinə yetirmək üçün lazım olan minimum İKT bacarıqlarını aktuallaşdırır, həmçinin İKT sahəsində yeni məhsul və xidmətlərin hazırlanması, inkişafı üçün
biznes fəaliyyətində böyük imkanlar yaradır.
 
 

 
İnternetə borclu olan istiqamətlər
 
 

Bu gün internet sayəsində meydana gələn sahələr də diqqətdən yayınmır. Xüsusən rəqəmli ticarət, kraudsorsinq, mikro iş, əlavə və proqramların hazırlaması və digər başqa istiqamətlər bu gün öz mövcudluqlarına görə müxtəlif ölkələrdən daha çox insanı birləşdirən internetin qlobal ekspansiyasına borcludurlar. Bununla da sosial-iqtisadi artım və inkişaf stimullaşdırılır.
 

 
Houlin Çjao: “Gənclər İKT əlavələri və başqaları qurğulara digər yaş təbəqələrindən olan insanlardan daha sürətlə yiyələnirlər”
 

 
BTİ-nin Baş katibi Houlin Çjao da gənclərin İKT sahəsində fəallığına xüsusi diqqət çəkir: “Şübhəsiz ki, gənclər İKT əlavələri və başqaları qurğulara digər yaş təbəqələrindən olan insanlardan daha sürətlə yiyələnir və onlardan çox intensiv istifadə edirlər. Gənclər yalnız istifadədə deyil, eyni zamanda İKT sahəsində yeni nəsil məhsul və xidmətlərin hazırlanmasında da liderlik edirlər. Bu da sosial-iqtisadi inkişafa güclü təsir edir”.
 

 
Cəmiyyətin həyatında müsbət dəyişikliyə yol açmaq üçün İKT-dən müntəzəm istifadə edilməlidir

 
Baş katib bütün maraqlı tərəfləri, o cümlədən dövlət, özəl sektor, vətəndaş cəmiyyəti, akademik qurumları cəmiyyətin həyatında pozitiv dəyişikliklərə yol açmaq məqsədilə İKT-dən müntəzəm istifadə edilməsinə çağırıb: “İnformasiya-kommunikasiya texnologiyaları gənc insanların hüquq və imkanlarının genişləndirilməsi üçün vacib alətdir”.
 

 
Texnoloji istiqamətin də yer aldığı Dayanıqlı İnkişaf üzrə Yeni Gündəliyə dair Razılıq əldə edilib

Cəmiyyətlə bağlı daha bir mühüm qərarın cari ilin sentyabr ayında qəbul ediləcəyi gözlənilir. Belə ki, BMT üzvü olan 193 ölkə icmal sənədə dair razılıq əldə ediblər. Bu sənəd Nyu-Yorkda Dayanıqlı İnkişaf Sammitində dünya liderləri tərəfindən sentyabr ayında qəbul ediləcək dayanıqlı inkişaf sahəsində yeni gündəlik olacaq. Gündəlikdə texnoloji istiqamət də ayrıca yer alıb. BMT-nin Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, iki ildən çox sürən və vətəndaş cəmiyyətinin misilsiz iştirakını təmin edən məsləhətləşmələr prosesini yekunlaşdıraraq ölkələr dayanıqlı inkişaf sahəsində 2030-cu ilədək yoxsulluğa son qoyacaq, inkişaf və insanların rifahını təşviq edəcək. Yekun sənəddə müəyyən edilmiş icra vasitələri sənədin iddialı məqsədlərinə uyğun gələrək, maliyyə, texnologiya və potensialın inkişafına yönəlir.

 
Texnologiyanın Yüngülləşdirilməsi Mexanizmi gündəliyə daxil olacaq

 
 
Yekun sənəd əsasında yeni məqsədləri dəstəkləmək üçün üzv dövlətlər, vətəndaş cəmiyyəti, biznes dairələri, elmi icma və BMT-nin agentliklər sistemi arasında çoxtərəfli iştirakçıların əməkdaşlığına əsaslanan Texnologiyanın Yüngülləşdirilməsi Mexanizmi gündəliyə daxil olacaq. İyul ayında Əddis Konfransında razılaşdırılmış Mexanizmdə agentliklərarası ekspert qrupu, elm, texnologiya və novatorluq forumu və əməkdaşlıq üçün onlayn rejimli platforma olacaq.
Qeyd edək ki, yeni gündəlik informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının, həmçinin 2017-ci ilə qədər ən az inkişaf etmiş ölkələr üçün bank, elm, texnologiya və innovasiya potensialının artırılmasını hədəfləyir. Sənəd həmçinin elm, texnologiya, innovasiya sahəsində biliklərin mübadiləsi, Birləşmiş Millətlər Təşkilatı səviyyəsində mövcud mexanizmlər arasında təkmilləşdirilmiş koordinasiyanın və əməkdaşlığın qurulmasını nəzərdə tutur.
 

 
Azərbaycanda İKT sahəsində yaradılan bütün imkanlar yalnız gənclərə deyil, ümumilikdə bütün təbəqələrə yönəlib

 
Rəqəmli fərqin aradan qaldırılması ilə bağlı Azərbaycan təcrübəsinə gəlincə, son illər ölkədə İKT-nin yüksək sürətlə inkişafı, eyni zamanda bütövlükdə cəmiyyət tərəfindən gündəlik həyatda informasiya- kommunikasiya texnologiyalarına artan maraq sosial sferanın müxtəlif sahələrində İKT vasitələrinin geniş şəkildə tətbiqi ilə nəticələnib. Ev təsərrüfatlarında kompüterlərin mövcudluğu, ev təsərrüfatlarının internetə çıxış imkanları,  əhalinin kompüter və internetdən istifadəsi, təhsil müəssisələrinin kompüterləşməsi, elektron resursların hazırlanması, müəssisələrdə kompüterlərin mövcudluğu və internetə çıxış imkanları, qayğıya həssas insanlar üçün İKT imkanlarının genişləndirilməsi sahəsində aparılan işlər bu sahənin uğurlu  gələcəyindən, daha yüksək templərlə inkişafından xəbər verir. Yaradılan bütün imkanlar isə yalnız gənclərə deyil, ümumilikdə bütün təbəqələrə yönəlib və bu sahədə işlər davam etdirilməkdədir.

Ölkəmizdə rəqəmli inkişafa nail olunması sahəsində uzunmüddətli strategiya əsasında qarşıda duran hədəf və vəzifələr bəllidir

 
Rəqəmli inkişafa nail olunması sahəsində uzunmüddətli strategiya əsasında qarşıda duran hədəf və vəzifələr də artıq bəllidir. Eləcə də qısamüddətli plan üzrə işlər də həyata keçirilməkdədir. Cari il üçün müəyyənləşdirilmiş fəaliyyət planına uyğun olaraq, il ərzində kosmik sənayenin və peyk infrastrukturunun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılması, genişzolaqlı internet və müasir rabitə infrastrukturunun yaradılmasına yönələn layihələrin icrasına başlanılması nəzərdə tutulur. Rəqəmli yayımın ölkə ərazisini tam əhatə etməsi və analoq yayımın dayandırılması, informasiya cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi üzrə işlərin davam etdirilməsi,  e-xidmətlərə çıxış imkanlarının artırılması, e-xidmətlərin tətbiq sahəsinin və mobil hökumət tətbiqlərinin genişləndirilməsi də bu sıraya daxildir. Bundan başqa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qarşısında yüksək texnologiyalar sahəsində elmi tədqiqatların aparılması üzrə işlərə dəstək verilməsi, bulud texnologiyalarına keçid prosesini sürətləndirəcək “Tier 3” səviyyəli Data Mərkəzin istifadəyə verilməsi kimi istiqamətlər də dayanmaqdadır.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 627

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024