12px13px15px17px
Tarix:26/08/15

Azərbaycandan EPEG üzrə İran istiqamətində ötürülən beynəlxalq trafikin həcminin artacağı proqnozlaşdırılır

Azərbaycanın ilkin provayderi "Delta Telecom" şirkəti "Avropa-Yaxın Şərq informasiya magistralı" (EPEG - Europe-Persia Express Gateway) üzrə İran istiqamətində ötürülən beynəlxalq trafikin həcminin artacağını proqnozlaşdırır.
 
"Delta Telecom" şirkətinin baş direktoru Ramazan Vəliyevin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar götürüldükdən sonra ölkə artıq müasir texnologiyalar ala biləcək.
 
"Bir neçə ildir ki, İran EPEG-in ona məxsus olan seqmentini tələb olunan səviyyədə təşkil etməkdə çətinlik çəkirdi, çünki ona qarşı tətbiq edilən sanksiyalar yeni müasir telekommunikasiya avadanlıqlarının alınmasına icazə vermirdi. Sanksiyaların götürülməsi nəticəsində, yaxın 6-7 ay ərzində tələb olunan avadanlıqlar alınacaq, kabel magistralının bu seqmenti   yenilənəcək və magistral  tam gücü ilə işləməyə başlayacaq", - deyə o bildirib.
 
R. Vəliyevin sözlərinə əsasən, bu gün Azərbaycan EPEG magistralı üzərindən 700 GB trafik ötürür. Azərbaycandan İran üzərindən ötürülən beynəlxalq trafikin həcmi isə hazırda 100 GB təşkil edir. Lakin İran seqmenti tam gücü ilə işləməyə başladıqdan sonra ötürülən trafikin həcmi  artacaq.
 
Xatırladaq ki, layihənin həyata keçirilməsi üzrə konsorsium 2011-ci ilin may ayında yaradılıb. "Cable & Wireless"-in qurduğu magistral Avropanı Ukrayna ilə, Rusiyanın sərhədinə kimi  birləşdirir, Rusiya-Ukrayna sərhədindən Azərbaycan seqmenti üzərindən İrana doğru davam edir. İranla Fars körfəzi arasında fiber-optik kabel magistralının çəkilməsi işinə "TIC" şirkəti, layihənin Omana qədər davam edən seqmentinin tikintisinə isə  "Omantel" şirkəti  cavabdehdir. Kabel magistralının tutumu 0,5 Tbit/s təşkil edir.  EPEG şəbəkəsinin ümumi uzunluğu 6 min km, onun ümumi qiyməti isə 200 mln. dollara bərabərdir.
 
Azərbaycan seqmentinin tikintisini "Delta Telecom" şirkəti həyata keçirib. Beynəlxalq fiber-optik magistralın Azərbaycan seqmentinin tikintisi çərçivəsində təkcə avadanlığın alınmasına 3 milyon avro xərclənib.  Bu layihəyə qoşulmaqla "Delta Telekom"  şirkəti 3,2 Tbit/s sürətlə trafik ötürmək imkanı əldə edib, bu da ölkə daxilində göstərilən internet xidmətlərinin həm qiymətinə, həm də keyfiyyətinə müsbət təsir göstərəcək.
 
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024