12px13px15px17px
Tarix:26/08/15

Ünvanlı dövlət sosial yardım sisteminin fəaliyyətinin “Elektron hökumət” portalı üzərindən təşkili müzakirə olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində  Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN), Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) Xidməti nümayəndələri ilə görüş keçirilib.
 
Görüşdə “Ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi haqqında” fərman üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) fəaliyyətinin “Elektron hökumət” portalı üzərindən təşkili ilə əlaqədar, MKR informasiya sisteminin portala qoşulması, müvafiq servisin hazırlanması məsələləri ilə bağlı müzakirələr aparılıb.
 
 
Qeyd edək ki, müvafiq fərmana uyğun olaraq, vətəndaşlara ünvanlı dövlət sosial yardımın alınması üçün fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.) istifadə etməklə elektron formada müraciət etmək imkanını yaratmaq məqsədilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resursları əlavə olunmalıdır.
 
Eləcə də ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların əldə olunması məqsədilə ƏƏSMN “Elektron hökumət” portalı vasitəsilə müvafiq dövlət qurumlarının informasiya resurslarına çıxışını təmin etməlidir.
 
 Tam olaraq 20 dövlət qurumunun mülkiyyətində olan informasiya sistemlərindən müxtəlif servislərin hazırlanaraq portala təqdim edilməsi nəzərdə tutulub. Artıq  bir sıra dövlət qurumları tərəfindən informasiya sistemlərinin və müvafiq servislərin portala inteqrasiyası başa çatdırılıb.
 
Cari görüşdə RYTN MHM, ƏƏSMN və MB MKR  arasında “Elektron hökumət” portalı vasitəsilə müvafiq informasiya resursuna çıxışın təmin edilməsi məsələsinin məqsədəuyğun təşkili üzrə fikir mübadiləsi aparılıb, o cümlədən məsələnin hüquqi, texniki tərəfləri müzakirə edilib.
 
 Həmçinin, görüş zamanı ƏƏSMN nümayəndəsi tərəfindən vətəndaşlar tərəfindən ünvanlı dövlət sosial yardımının alınması üçün elektron formada müraciət (ərizə) göndərilməsi üçün proqram təminatının hazırlandığı və artıq test işlərinə başlanıldığı bildirilib.
 
VEMTAS istifadəyə verildikdən sonra istənilən vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün internet vasitəsilə elektron qaydada müraciət edə biləcək. Müraciət qəbul edildikdən sonra proqram təminatı tərəfindən təyin olunmuş qrafik əsasında müraciətin edildiyi ailənin maddi-məişət şəraitinin müayinəsi aparılacaq. Ailənin maddi-məişət şəraitinin müayinəsi təyin olunmuş müddət ərzində və müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçiriləcək. Müayinənin nəticələri real vaxt rejimində VEMTAS-a ötürüləcək.
 
 Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün edilən müraciətə baxılması üçün müvafiq məlumatların “Elektron hökumət” portalı üzərindən aidiyyəti dövlət qurumlarının informasiya resurslarından real vaxt rejimində əldə edilməsi təmin olunacaq. Əldə olunan bütün məlumatlar ümumiləşdirildikdən və təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə qərar qəbul ediləcək.
 
Vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə məlumat onun elektron ünvanına, yaxud mesaj formasında mobil telefon nömrəsinə göndəriləcək. Ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunduğu halda yardımın ödənilməsi məqsədilə həmin şəxsə bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka sifarişin göndərilməsi avtomatik şəraitdə həyata keçiriləcək.
 
Bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud mesaj formasında mobil telefonuna göndəriləcək.
 
Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması innovativ texnologiyaların tətbiqi yolu ilə aztəminatlı ailələrin bu yardım sistemi üzrə çevik, rahat və şəffaf xidmətlərlə təmin olunmasına şərait yaradacaq.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024